Türkdilli Ölkələrin Media Birliyi yaradılacaq

“Türkdilli Ölkələrin Media Forumunda Türkdilli Ölkələrin Media Birliyinin yaradılması barədə qərar qəbul edilib. Bu məqsədlə formalaşdırılan xüsusi işçi qrup yaxın vaxtlarda yenidən Türkiyədə toplaşacaq və yeni qurumun yaradılması ilə bağlı müzakirələr aparacaq. Forumda, eyni zamanda, belə tədbirlərin hər il türkdilli ölkələrdən birində təşkili də qərara alınıb”.

Bunu dekabrın 21-22-də Ankarada Türkdilli Ölkələrin Media Forumunda iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov “Qloballaşan dünyada media: fürsətlər və problemlər” mövzusunda forumun təşkili ideyası barədə söhbət açıb. Onun sözlərinə görə, bu təşəbbüs Türkiyə və Azərbaycan media nümayəndələrinin müxtəlif vaxtlarda Bakıda baş tutan birgə konfranslarında qaldırılıb. “Bakıda hər iki ölkənin media təmsilçilərinin iştirakı ilə iki konfrans keçirilib. Hər iki tədbirdə məsələ müzakirə olunub. Sonuncu dəfə qərara alındı ki, növbəti toplantı Türkiyədə olsun və türkdilli ölkələrin nümayəndələri də tədbirə qatılsın. Ankara forumunun təşkilatçıları Türkiyənin Basın Yayın və İnformasiyon Genel Müdirliyi və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzidir. Bu qurumlar ideyanın yüksək səviyyədə reallaşması üçün bütün mümkün imkanlardan istifadə etdilər və forumun adına layiq tədbir düzənlədilər” – deyə o bildirib.

Forumun məqsədlərindən danışan Ə.Amaşov bildirib ki, tədbir medianın demokratikləşmə proseslərindəki, bu ölkələrin bir-biri ilə iqtisadi-siyasi və mədəni işbirliyinin daha da möhkəmlənməsindəki rolunu, qloballaşmış dünyada media vasitələri arasındakı qarşılıqlı əməkdaşlığı artırmağı nəzərdə tutur: “Forum türkdilli ölkələr üçün böyük önəm daşıyır. Çünki təcrübəsinə güvəndiyimiz, zəngin ənənələri, sayı və keyfiyyəti baxımından lider olmağı bacaran Türkiyə media modeli var. Türkiyə mediası nəinki Yaxın və Orta Şərq regionunda, eləcə də bütün dünyada əsaslı təsir gücünə malikdir. Belə forumların Türkiyə üçün də əhəmiyyəti var. Ölkə mediası bu cür bağlantılarla, ən azı, özünün informasiya coğrafiyasını genişləndirmək imkanı qazanır. Digər tərəfdən, türkdilli ölkələrin jurnalistləri arasında şəxsi və peşə münasibətləri formalaşır. Bütün bunlar gələcəkdə ölkələrin vahid informasiya məkanında təmsilçiliyi üçün münbit zəmin yaradır. Hesab edirəm ki, əlaqələrin genişlənməsi onların milli-mənəvi ənənələrini daha da inkişaf və təbliğ etdirmək yönündəki fəaliyyətini əsaslı şəkildə gücləndirəcək”.

Qeyd edək ki, Türkdilli Ölkələrin Media Forumuna ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli də qatılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO