“Total ” Azərbaycanda öz terminalını inşa edəcək

Fransanın “Total” şirkəti Bakının Səngəçal qəsəbəsində Xəzərin Azərbaycan sektorunda “Abşeron” qaz-kondensat yatağının işlənməsinin I mərhələsi çərçivəsində öz terminalını inşa edəcək. Bunu Trend-ə “Total”ın inkişaf üzrə meneceri Erik Mayer deyib.
Onun sözlərinə əsasən, “Total” yatağın işlənməsi proqramını hazırlayıb və onu ilin II yarısında Azərbaycan hökumətinə təqdim edəcək: “Yatağın işlənməsinin I mərhələsində 4 sualtı quyu qazmağı planlaşdırırıq. Burada dənizin dərinliyi 500-550 metr təşkil edir, buna görə də burada platforma qoya bilməyəcəyik. O, konnektorlar vasitəsilə paltforma ilə birləşdirilən quyulardan 20 kilometr aralıdakı şelfdə yerləşəcək. Platformada qaz kondensatdan ayrılacaq və uzunluğu 119 kilometr olan iki müxtəlif boru kəməri ilə Səngəçal qəsəbəsi ərazisində sahilə nəql ediləcək”.
E.Mayer qeyd edib ki, şirkət sahildən 7 kilometr aralıda öz terminalını tikməyi planlaşdırır: “Qaz terminalda yığılacaq və emal ediləcək. Qaz terminaldan daxili tələbat üçün lokal şəbəkəyə və ixrac üçün Cənubi Qafqaz boru kəmərinə daxil olacaq. Biz, həmçinin terminaldan boru kəmərini inşa etməyi planlaşdırırıq. Boru kəməri terminalı Bakı-Tbilisi-Ceyhan boru kəmərilə birləşdiriləcək və onun vasitəsilə kondensat ixrac ediləcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO