Ötən ilin son ayında söz və mətbuat azadlığı ilə bağlı 28 fakt qeydə alınıb

Demokratik Jurnalistlər Liqası 2009-cu ilin dekabr ayında söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı 28 fakt qeydə alıb. “Media forum” həmin faktlardan bəzilərini təqdim edir.

Dekabrın 7-də Yasamal Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında iddiasına baxılıb. Baş redaktor yazılarıyla bağlı ekspertizanın keçirilməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunub. Nazir “Femida 007” qəzetində “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq” qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırıb.

Dekabrın 9-da Ali Məhkəmədə “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, baş məsləhətçi Fərəməz Novruzoğlu və qəzetin əməkdaşı Ramiz Tağıyevin Bakı Apellyasiya Məhkəməsinin çıxardığı hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Azadlıq Hərəkatçıları Birliyi”nin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum edilib. Eyni hökmlə həmin vaxt qəzetin əməkdaşı olmuş Ramiz Tağıyev 6 ay islah işləri cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmün qüvvədə saxlanılması ilə bağlı qərar çıxardıqdan sonra hökm icra olunub.

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikasında 3 jurnalist – Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi İctimai Birliyinin və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşları olan İlqar Nəsibov, Vəfadar Eyvazov və Elman Abbasov Naxçıvan Dövlət Universiteti ərazisində korrupsiya əleyhinə həyata keçirdikləri monitorinq zamanı sözügedən universitetin prorektoru Məmməd Razi və Yeni Azərbaycan Partiyasının universitet şöbəsinin rəhbəri Elman Cəfərlinin rəhbərliyi ilə 40-a yaxın adamın hücumuna məruz qalaraq döyülüb.

Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsi bloqçular Emin Milli və Adnan Hacızadə barəsində Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdikləri apellyasiya şikayətini təmin etməyib. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə və Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinən Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hakim vəsatətim təmin edilməməsi ilə bağlı qərar qəbul edərək növbəti məhkəmə prosesini 2010-cu il yanvarın 8-ə təyin edib.

Dekabrın 24-də Sumqayıt Apellyasiya Məhkəməsində “Yeni Müsavat” qəzetinin köşə yazarı Mahal İsmayıloğlunun apellyasiya şikayətinə baxılıb. Növbəti məhkəmə prosesi 2009-cu ils yanvarın 7-nə təyin edilib. M.İsmayıloğlu bağ qonşusu, Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə təqsirləndirilib və ona 2 il şərti azadlıqdan məhrumetmə cəzası kəsilib.

Dekabrın 25-də ölkə prezident İlham Əliyevin imzaladığı əfv fərmanına əsasən, “Bizim yol” qəzetinin yazarı Müşfiq Hüseynov azadlığa çıxıb.

2009-cu il dekabrın 30-da Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsindən bildiriblər ki, dekabrın 29-da paytaxtdakı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Qaradağ Rayon Polis İdarəsində jurnalistə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş qaldırılıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO