Tiflisdə Jurnalist Etikası Xartiyası imzalanıb

Gürcüstanın paytaxtı Tifli şəhərində Jurnalist Etikasi Xartiyası imzalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, Avropa Şurasının və Vətəndaş İnkişafı İnstitutu QHT Assosiyasiyasının birgə layihəsi əsasında həyata keçirilib. Xartiyanın imzalanması mərasimində 138 jurnalist iştirak edib. Tədbirin birinci hissəsini jurnalist, Vətəndaş İnkişafı İnstitutu QHT sədri İya Antadze aparıb. Bu hissədə Tənzimləyici Şura seçilib. Seçkidə Tiflis, Kutaisi, Marneuli, Poti, Kaxeti, Zuqdidi, Ozurqeti və digər regionlardan gəlmiş jurnalistlər iştirak ediblər. Qeyd olunub ki, Xartiyanın materiallarının monitorinqini 9 nəfər jurnalistdən ibarət seçilmiş şura həyata keçirəcək. Şura hər ay hesabat hazırlayacaq.
Jurnalist Etikası Xartiyası proqramının ikinci hissəsini Avropa Şurasının mətbuata yardım üzrə nümayəndəsi, layihənin meneceri Florans Marşal idarə edib. Tədbirdə Avropa Şurasının Gürcüstandakı nümayəndəsi Boris Vudz, Avropa İttifaqının Gürcüstandakı nümayəndə heyətinin rəhbəri Per Eklund, Avropa Şurasının Demokratiya və siyasi işlər üzrə baş direktoru Jan Lui Loran, Vətəndaş İnkişafı İnstitutu QHT Assosiyasıyasının sədri, jurnalist İya Antadze çıxış ediblər. Tədbirdə 11 maddədən ibarət Jurnalist Etikası Xartiyası imzalanıb. Xartiya Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən qəbul olunmuş “İnsan və söz azadlığının müdafiəsi üzrə Avropa Konvensiyası”nın 10-cu maddəsinə əsaslanır. Xartiyanın əsas məqsədi jurnalist etikası və özünüidarəetmə mexanizmin yaradılması və həyata keçirilməsi, həm də professional standartların qurulması və cəmiyyətdə KİV nümayəndələrinə inamın yüksəldilməsidir. İmzalanmış Xartiyada jurnalist etikasının həm cəmiyyət, həm də jurnalistin özü üçün vacib və məsuliyyətli olduğu qeyd edilib.

Tədbirdə iştirak edən “Xristian-Demokrat” Partiyasının lideri və parlamentin azlıq tərəfinin rəhbəri Georgi Tarqamadze APA-ya bildirib ki, xartiyanın imzalanması çox vacib məsələdir: “Bu layihədən sonra jurnalistlər üzərlərinə ikinci bir məsuliyyət götürüblər. Onlar indən belə yüksək professional standartlara uyğun işləməlidirlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO