Təhsil müəssisələrinə sahibkarlıqla məşğul olmaq imkanı verilməsi düzgündürmü?

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyub “Media forum” saytına açıqlama verərək təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədi ilə sahibkarlıqla məşğul olmasına imkan yaradan hökumət qərarına münasibət bildiriblər.

Baş nazir Artur Rasizadənin yanvarın 19-da imzaladığı qərarla təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri müəyyənləşdirilib. Təhsil müəssisələri əlavə gəlir əldə etmək məqsədi ilə ödənişli əlavə təhsil verə, məsləhət-konsaltinq xidmətləri göstərə, təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı, elmi tədqiqat və təcrübi-konstruktor işləri, elmi-praktiki tədbirlərin təşkili, nəşriyyat-poliqrafiya işləri, tədris prosesində əldə olunan məhsulun satışı ilə məşğul ola bilərlər.

Asəf Hacıyev sahibkarlıqla məşğul olmaq imkanı verilməsini təhsil müəssisələrinin inkişafına yardım edəcəyini düşünür: “Hər bir təhsil müəssisəsində müəllimlərin maaşı iki hissədən ibarətdir: dövlət büdcəsindən ayrılan maaş və ödənişli təhsil alan tələbələrin hesabına maaş. Nazirlər Kabinetinin qərarına müəllimlərin sosial həyatını yaxşılaşdırmaq cəhdi kimi baxmaq olar. Əlavə vəsait təhsil müəssisələrinin inkişafına təkan verə, avadanlıqların alınması, müasir texnologiyadan yararlanma imkanlarının artmasına kömək edə bilər.

Hər bir təhsil müəssisəsi audit yoxlamasına məruz qalır və rast gəlinən hər hansı maliyyə pozuntusu qanun çərçivəsində dəyərləndirilir. Buna görə qərarın özbaşınalığa yol açacağını düşünmək yanlışdır”.

Vurğun Əyyub deyir ki, Nazirlər Kabinetinin qərarı təhsil müəssisələri rəhbərlərinin maraqlarına xidmət edəcək: “Təsdiq olunan qaydalar normal cəmiyyətdə normal qaydalardır. Azərbaycanda normal idarəetmə olmadığı üçün bu qərar növbəti eybəcərliklərə gətirib çıxara bilər. Təhsil müəssisələrinin idarə edilməsi demokratik prinsiplərə əsaslanmır. İdarəçilik yuxarıdan təyin olunan şəxslərə həvalə edilir, həmin şəxslər isə təhsil ocağı ilə istədikləri kimi rəftar edirlər. Təhsil müəssisələrinə real ictimai nəzarət yoxdur. Bu baxımdan Nazirlər Kabinetinin qərarının təhsilin inkişafına yardım edəcəyini gözləmirəm”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO