Terrorizmlə düzgün mübarizəyə başlamaq üçün növbəti partlayışı gözləmək olmaz

Müasir dövrdə terrordan tam sığortalanan, terror təhlükəsizliyinin sıfıra bərabər olduğu ölkə, şəhər, qəsəbə, kənd yoxdur. Çünki terrorçunun konkret görünüşü, konkret dini, məzhəbi olmur; terrorçunun milliyyəti olmur; terrorçunun harada, nə vaxt, hansı üsulla nə edəcəyi də məlum deyil. Buna görə də bir çox hallarda terrorçuluğun qarşısını almaq müşkülə çevrilir.

Noyabrın 13-də Avropanın düz göbəyində – Parisdə baş vermiş silsilə terror aktları XXI əsrin bu bəlasından qurtulmağın heç də asan olmadığını göstərdi…
Terrorçu necə, hansı şəraitdə, niyə yetişir? İlkin və əsas səbəb savadsızlıqdır. Təbii ki, savadı olmayan insan təbliğata tez uyacaq, inanacaq və kor inamı sayəsində ondan öz separatçı məqsədləri naminə maksimum istifadə edəcəklər.

İkinci səbəb maliyyə problemləridir. Təbii ki, məhz zəif iradəli insanları müəyyən pul qarşılığında müəyyən fəaliyyətlərə cəlb etmək olur. Heç də təsadüfi deyil ki, bu tip terrorçular, adətən, sosial vəziyyəti acınacaqlı olan ölkələrdən çıxır.

Üçüncü səbəb isə qisasdır. Bu gün terrorçuların məhz müsəlman ölkələrindən, Yaxın Şərqdən çıxması həm də qisas hissi ilə bağlıdır. “Amerika bombaları vətənimizi xaraba qoydu”, “Kafirlər həyatımızı məhv etdi”, “Müsəlmanları bilərəkdən qırırlar” və s. və i.a. Və… ailəsindən, qohumundan bircə nəfərin belə bombanın qurbanı olması, ağır həyat şəraiti, “artıq itiriləcək heç nə yoxdur” düşüncəsi hər bir sıravi Yaxın Şərq sakinini potensial terrorçu kimi nəzərdən keçirməyə əsas verir.

Bu üç səbəbin arxasında da yenə külli miqdarda maliyyə vəsaiti dayanır. İstənilən halda terrorçuluğun yayılması və onunla mübarizə maliyyə tələb edir.
İstənilən halda terrorizmə haqq qazandırmaq olmaz. Terrorizm çıxış yolu, həll yolu deyil. Terrorizm vəhşilik, qeyri-insani hərəkətdir. Ümumiyyətlə, insanın qanına susayan, onu daim qorxu, vahimə altında saxlayan istənilən fəaliyyət terrordur. Bu mənada ən böyük terror elə müharibədir. Parisdə insanlığın məhvinə yönələn partlayışlar da, Yaxın Şərqdə hər gün “səhvən” dinc sakinlərin üzərinə bomba yağdırılması da, İŞİD silahlılarının istənilən həmləsi də, “əl-Qaidə”nin istənilən planı da, hər cür Ben Ladenlər də, Türkiyənin hər gün üzləşdiyi PKK təhlükəsi də, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, ön cəbhədə, səngərdə, öz Vətənində öz Vətənini qoruyan Azərbaycan əsgərinin hər gün erməni snayperinə tuş gəlmək riski də və s. və i.a. terrordur.

Bəs niyə məhz indi terrorizmlə mübarizəyə çağırış daha geniş yayılıb?

Terrorizm Azərbaycanı cənginə alanda dünya Azərbaycanın çağırışlarına niyə məhəl qoymurdu? Yoxsa terrorizmlə mübarizəyə başlamaq üçün terror hadisəsinin Avropanın mərkəzində baş verməsi şərtdir? Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun erməni silahlıları tərəfindən işğalı, işğal nəticəsində dinc azərbaycanlıların – qoca, qadın, uşaqların qətli, onlara işgəncə verilməsi, Xocalı soyqırımı, bu soyqırım zamanı hətta meyitlərin təhqir edilməsi terror deyildimi?
1994-cü ilin mart və iyul aylarında Bakı metrosunda partlayışlar, bu partlayışlar nəticəsində 30-a yaxın insanın həlak olması, 100-dən çox insanın yaralanması terror deyildimi? Azərbaycan terrorizmlə təkbaşına mübarizə aparanda məhz bu gün terrorun bütün dünya üçün ən böyük təhdid olduğunu car çəkən supergüclər harada idi?

Bu günlərdə Türkiyənin Antalya şəhərində “Böyük İyirmiliy”in sammiti keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev sammit çərçivəsində çıxış edərək bildirdi ki, ölkəmiz uzun illərdir terrordan əziyyət çəkir, terror nəticəsində Azərbaycanın 2000-dən çox dinc vətəndaşı həyatını itirib.

Dünya terrorizm təhlükəsini dərk etməyəndə Azərbaycan qonşuluğunda Ermənistan adlı terrorçu ölkə ilə mübarizə aparırdı. Bu mübarizə indi də davam edir.

Əslində, belə böyük faciələrin olacağı qaçılmaz idi – hadisələrə vaxtında düzgün qiymət verməyəndə nəticəsi belə faciəli olur. Bizə ümid etmək qalır. Ümid edək ki, dünyanın hegemon ölkələri terrorizmə qarşı düzgün mübarizə strategiyası seçəcək. Bunun üçün isə müharibə olmayan ölkələrdə, dinc yerlərdə, mərkəzi şəhərlərdə növbəti partlayış səsini eşitmək lazım deyil…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO