Televiziyaların intellektual(?) proqramları da şou əhli barədə suallarla dolmağa başlayıb

Televiziyaların intellektual(?) proqramları da şou əhli barədə suallarla dolmağa başlayıbİntellektual yarışlar telekanallara həmişə yüksək reytinq qazandırır. Ekspertlərin sözlərinə görə, bunun bir səbəbi tamaşaçıları yeni bilgilərlə “silah”landırmaqdırsa, o birisi ortada böyük məbləğin olmasıdır. Yəni yarışlarda qalib gələn iştirakçılara həm pul, həm də digər hədiyyələr verilir. Bu da insanların intellektual proqramlara marağını artırır.

Bu gün dünyanın bir sıra televiziyaları bu cür layihələr təqdim edir. İntellekt, bilik, məlumat yarışında çox savadlı, məlumatlı insanlar bəxtini sınayır. Olduqca gərgin keçən intellekt yarışında qoyulan suallar çox mürəkkəb və düşündürücü olur. Azərbaycan telekanallarının da çoxunda intellekt yarışları nümayiş etdirilir. Demək olmaz ki, mövzu və sualların hamısı ciddi səpgidə olur, iştirakçıların intellektini yüksəltməyə hesablanıb. Bir vaxtlar intellekt yarışlarında yerli şou-biznesçilər iştirak edirdisə, indi onların çoxunun “yaradıcılığı” sual kimi burada əks olunur. İndi bəzi verilişlərə qatılmaq istəyən adamlar gərək şou əhlinin repertuarı, səhnəyə neçənci ildə gəldiyi, səhər yuxudan saat neçədə durduğu, nə yeyib-içdiyi, hansı mağazadan geyindiyi, hansı qadın salonunda bəzəndiyi barədə məlumatlı olsun ki, bu yarışlardan üzü ağ çıxa bilsin. Bir çox verilişlər kimi artıq intellekt verilişlərinə də müdaxilə etməyi bacaran şou-biznesçilərin təbliğatı, reklamı bəzi televiziyalar tərəfindən can-başla davam etdirilir.

Məlumdur ki, intellekt verilişlərinə iştirakçı kimi qatılan şou müğənnilərinin əksəriyyəti çox zaman ən adi suala belə cavab verməkdə çətinlik çəkir. Bir çox hallarda isə elə gülməli cavablar verirlər ki, onların yerinə tamaşaçılar utanır. Azərbaycanın ərazisinin neçə kvadrat kilometr olduğunu bilməyən müğənnilər var ölkədə. Bu tip insanların repertuarı sual kimi intellektual proqrama salınır. İntellekti, biliyi, savadı olmayan müğənninin repertuarı sual kimi nə üçün belə yarışlara salınmalıdır?

Qoy sual verilsin ki, Bülbül Koroğlu (dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operası) partiyasını ilk dəfə neçənci ildə oynayıb? Rəşid Behbudov “Arşın mal alan” filminə nə zaman çəkilib? Yaxud Azərbaycanın görkəmli opera ulduzu Şövkət Məmmədova harada musiqi təhsili alıb, hansı tamaşalarda oynayıb?

İntellekt proqramlarına müğənnilərin repertuarından sual salınması belə vacibdirsə, bu və başqa şəxsiyyətlərə diqqət yetirilməlidir. Azərbaycanda elə görkəmli tədqiqatçı alimlər, şəxsiyyətlər olub ki, onların adı bütün dünyaya tanışdır.

Lütfi-zadənin ixtiraları, akademiklər Yusif Məmmədəliyevin, Mirəli Qaşqayın, Azad Mirzəcanzadənin, Fərman Salmanovun və başqalarının kəşfləri haqda maraqlı suallar tərtib edib təqdim eləmək mümkündür. İlk insan yaşayış məkanlarından olan Azıx mağarasını tapıb üzə çıxaran arxeoloq Məmmədəli Hüseynovla da bağlı suallar salına bilər. Həyatı, yaradıcılığı, gördüyü işlər faydalı olan şəxsiyyətlərin hamısı intellektə, biliyə, savada, yüksək səviyyəyə malik insanlar olub. Onlar barədə təqdim edilən hər bir sual iştirakçıları öyrədər. Yaxud Azərbaycanın idman, siyasət, iqtisadiyyat, ədəbiyyat-incəsənət sahəsində fəaliyyət göstərmiş görkəmli şəxsiyyətlər intellekt yarışlarını daha baxımlı edə bilər. Şou əhli isə əksinə, o yarışları dəyərdən, hörmətdən salıb onları qeyri-ciddi edir.

Fikrimizcə, belə yarışların suallarını tərtib edən redaktor və jurnalistlər bu incə məsələyə xüsusi diqqət yetirməlidir. Onlar bilməlidir ki, intellekt yarışı bilik, səviyyə ilə yüklü olmalıdır, şou-biznesçilərin səviyyəsiz ifalarına burada yer ayrımalı deyil.

Üstəlik, bu verilişlərin tamaşaçı auditoriyası da oradan nələrisə əxz etməyi bilmədiyini öyrənməlidir. Bu halda sual yaranır: şou-biznesçilərin nizamsız həyatını öyrənmək tamaşaçının nəyinə lazımdır? Yetişən gənclik onlardan nəyi öyrənməlidir?

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO