Televiziya aparıcılarının dili

Televiziya aparıcılarının diliŞəbnəm Karslı: «Bəzən elə ifadələr səslənir ki, insan bilmir gülsün, ya ağlasın»

Ayşə Kərimova: «Mənim dilimi əzib-büzüb küçə jarqonu ilə dünyaya tanıtma haqqı heç kimə verilməyib»

Firuz Mustafa: «Aparıcının intellekti olmalıdır»

Oktay

Dilçi alim, millət vəkili Nizami Cəfərov televiziya aparıcılarına sərt cavab verib. O, televiziya aparıcılarını tənqid edib. Telekanallarda dil qüsurlarının aradan qaldırılması məsələsindən danışan Nizami Cəfərov deyib ki, bəzi televiziya kanalları özləri dil qüsurlarına nəzarətə dair qruplar yaratsa da, irəliləyiş hiss olunmur: «Televiziyalarda peşəkarlıq onların işidir, bu, mütləq olmalıdır. Dil məsələsi də həmçinin peşəkar səviyyədə olmalıdır. Televiyalarda peşəkarlığın artırılması ilə bağlı hansısa komissiyaların yaradılması, bir növ Daxili İşlər Nazirliyində peşəkarlığı artırmaq üçün bir qurum kimi yaradılır. Hansı ki, peşəkarlıq onların başlıca işidir. Telekanallarda aparıcıların görünüşündən çox onun dili peşəkar olmalıdır, danışıq çox şeyi həll edir. Televiziyada birinci şərt görünüşdürsə, ikinci şərt danışmaqdır. Danışa bilməyən aparıcı televiziyada nə gəzir? Danışmaq peşəkarlıq tələb edir. Bu yaxınlarda bir müzakirələr oldu, təklif etdilər ki, hər yerdə dilə nəzarət edən qurum olsun, bir lap ifrata vararaq təklif etdti ki, dil polisi yaradılsın. Bunlar hamısı gülməlidir. Ziddiyət ondadır ki, Azərbaycan tarixin müəyyən mərhələlərində müstəqil olmadığı üçün dil həmişə ikinci planda olub. Təəssüf ki, indi də elə düşünürlər ki, dil ikincidir. Amma anlamaq lazımdır ki, dövlət dili hər bir televiziya işçisinin peşəkarlığının göstəricisidir». Bəs, qələm adamları necə düşünür: doğrudanmı, millət vəkilinin dediyin kimi vəziyyət acınacaqlıdır? Bəs bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir?
Sosialxeber.com saytının rəhbəri Qurbanəli Ömər düşünür ki, bunu bütün televiziya aparıcılarına aid etmək olmaz: «Əlbəttə, elə televiziya verilişləri var ki, onlara baxanda adamın əti tökülür. Jurnalist məntiqli — məntiqsiz elə üyüdüb tökür, qarşısındakını dinləmədən yeni suala keçir, tez-tez sözünü kəsir. Bir də görürsən ki, bir mötəbər ziyalını dəvət ediblər verilişə, aparıcı onu elə vəziyyətə salır ki, adam peşiman olur gəlməyə. Elə verilişlər də var ki, baxırsan ki, layihə çox gözəldir. Ancaq aparıcının səviyyəsi imkan vermir ki, verilişi sonacan izləyə biləsən. Bu sahədə problemlər çoxdur, saydıqca bitməz. Məncə bütün televiziyalarda buna nəzarət edən bir qurum yaradılmalıdır və həmin qurum Milli Teleradio Verlişləri Şurasına hesabat verməlidir».
Yazıçı-publisist Hafiz Mirzə isə Nizami Cəfərovu bu sözlərinə görə alqışlayır: «Millətin dilini bərbad günə qoyanlar sırasında teleaparıcılar çox irəlidədir. Sonra siyasətçilər gəlir. Bizim televiziya diktorları Azərbaycanca danışsalar da vurğu və durğulardan düzgün istifadə etmir, nəticədə onların danışığı ingilis ahəngi ilə səslənir. Üstəgəl Anadolu türkcəsindən və qərbi Avropa ölkələrindən bir sıra texniki sözlərdən istifadə edirlər. Bizim Sovetlər Birliyi zamanındakı Rafiq Hüseynov, Ofelya Sənanı, Sabir Quliyev, Davud Əhmədov, Roza Tağıyeva kimi diktorlarımızı xatırlayaq, sonra indikiləri onlarla müqayisə edək. Məncə, diktorun görünüşü ilə yanaşı onun Azərbaycan dilini bilmə səviyyəsi və tələffüzü də mühümdür. İndiki diktorların 95%-i efirə və dilimizə layiq səviyyədə deyil. İstər yeni, istərsə də işləyənlər hər il dildən, aktyorluqdan və nitq mədəniyyətindən minimum və canlı testlərdən keçirilməli və ya Elmlər Akademiyasının nəzdindəki müvafiq elmi-tədqiqat institutlarından xüsusi komissiyanın rəyini almalıdırlar».
Televiziya jurnalisti Ramal Hüseynov isə bir qədər fərqli düşünür: «Nizami Cəfərov yaxşı olardı ki, konkret ad çəkərdi. Hər kəs danışanda ümumiləşdirir. İstənilən halda ümumiləşdirmək zərərlidir. Ümumiyyətlə televiziyalara qarşı bu cür dağıdıcı tənqidlərdən əl çəkilməlidir. Heç bəzi millət vəkillərindən də biz seçicilər və jurnalistlər razı deyilik. Amma ümumiləşdiririk? Yox, yaxşılarının adını çəkib ayırmağı bacarırıq. Onlar da belə eləməlidir. Burdan verilişləri və aparıcıları pisləyirlər, sonra da baxırıq həmin pislədiyi, lənətlədiyi verilişdə sevə-sevə başda əyləşiblər. Bu cür olmaz. Artıq səmimi olsunlar, çəkinməsinlər. Ümumi danışıb quruların oduna yaşları da yandırmasınlar».
Yazar Şəbnəm Karslı da Nizami Cəfərovun fikirləri ilə tam razıdır: «Bəzən elə ifadələr telekanallarda səslənir ki, insan bilmir gülsün, ya ağlasın. Problem təkcə bu dildə necə danışmaqda deyil. Ən böyük problem nə danışmaqdır. Aparıcıların intelektual səviyyələrinin də imtahan edilməsini istərdim».
Tanınmış teleaparıcı Ayşə Kərimova hesab edir ki, Nizami bəy dediklərində haqlıdır: «Dil — bir millətin kimliyidir, milləti millət edən ünsürdür. Fiziki qüsurları olan xəbər aparıcıları birdən-birə populyarlıq qazandı. Anlaşılmayan nitqləri ilə illərdir efiri zəbt ediblər. Bu başqa məsələ ki, bəzən dil qüsuru və ya fiziki qüsur efirdə harizmatik görünür. Məhmed Ali Birand bütün göstəriciləri ilə efirə uyğun olmayan tipdir. Amma illərdir KANAL D ana xəbərin başındadır. Antipatikliyi ilə izləyici kütləsi qazanır. Belə tiplər hər kanalda 1 nəfər olar. Bizdə isə əksəriyyət belədir. Ciddi tədbirlər alınmalıdır. Mənim dilimi, əzib-büzüb küçə jarqonu ilə dünyaya tanıtma haqqı heç kimə verilməyib. Elə buna görə də Azərbaycan kanallarını izləyən yoxdu. Kimdən soruşsan baxmıram deyir. Bu dəqiqə teleməkan qeyri-ciddi müəssisəyə çevrilib. Çünki ciddiyə alınacaq üzlər efirdən uzaqlaşıb və ya uzaqlaşdırılıb. Ümid edirəm ki, ekranımızın keçirdiyi bu böhran uzun müddət davam etməz».
«Lider Tv»-nin əməkdaşı Füzuli Sabiroğlunun fikrincə, televiziya ekranında qorxu, şiddət kadrları uşaq və yeniyetmələrdə hansı psixoloji travmanı yaradırsa, bərbad Azərbaycan dilində danışan aparıcı bundan daha ağır fəsadlara yol açır: «Çox təəssüf ki, bu gün telekanallarda aparıcının intellektual səviyyəsindən, biliyindən daha çox onun xarici görkəminə üstünlük verilir. Bu günün teleaparıcısı dünənin diktoru ilə müqayisə oluna bilməz. Bəlkə də gözəl görkəmi olan birisindən diktor formalaşdırmaq olar. Ancaq Azərbaycan dilini bütün çalarlarına, dərinliklərinə qədər bilməyən savadsız birisindən yaxşı teleaparıcı çətin alınar. Yaxşı olardı ki, Teleradio Yayım Şurası teleaparıcıları attestasiyadan keçirib sertifikat versin».
Yazıçı — dramaturq Firuz Mustafa hesab edir ki, televiziyaların vəziyyəti ağlamalı və acınacaqlıdır: «Bizdə TV-lərə hası parametrinə görə aparıcı seçirlər? Cavan olsun, yaraşıqlı olsun. Ən yaxşı halda nitqi dürüst olsun. Bunlar elə də önəmli xüsusiyyət sayılmamalıdır. Aparıcının intellekti olmalıdır. Baxın, bütün dünya Tv-lərində təcrübəli, intellektual, çox vaxt da yaşlı aparıcılar çalışır. Bizim aparıcılar isə sir-sifətdən boyanmış bayram yumurtasına bənzəyir. İntellekt isə sıfır».
Haxçıvan televiziyasının əməkdaşı Elnur Kəlbizadənin fikrincə, Nizami Cəfərov Azərbaycan dilinin tədqiq sahəsində qiymətli araşdırmaları olan alimlərimizdəndir: «Əlbəttə ki, bu gün televiziya aparıcılarının Azərbaycan dilinə bələdliliyi, dilimizdən düzgün istifadə imkanlarını qənaətbəxş hesab etmək olmaz. Lakin alimin işi tənqid etməkdən daha çox təhlil etmək olmalıdır. Nəticəni tənqid etməyi hər kəs bacarır, səbəbi təhlil edib üzə çıxarmaq, həlli yollarını göstərmək isə alimlərimizin işidir. Ümid edirəm ki, görkəmli alimimiz tənqid etdiyi dərəcədə güclü bir təklif də irəli sürəcək».
«525-ci qəzet»in redaktoru Yusif Rzayev düşünür ki, deyilənlər həqiqətdir: «Bu həqiqəti təkcə dilçi alm yox, az qala, ən sıravi tamaşaçı da görə bilər. Özü də peşəkarlıqla, illah da dillə bağlı problem təkcə televiziyalar üçün deyil, bütövlükdə media üçün xarakterikdir. Hesab edirəm ki, bunun başlıca səbəbi medianın iqtisadi problemləri ilə bağlıdır. İqtisadi cəhətdən zəif olan media orqanından yüksək səviyyə tələb eləmək anormallıq olardı. Hansı media orqanı istəməz ki, səviyyəsi yüksək olsun — amma bunun üçün para lazımıdır. Heç bir peşəkar zəhmətinin bəhrəsini görmədən, fanatikcəsinə özünü hədər yerə fəda eləməz işə. Bu, əvvəllər — Azərbaycanda yeni media yarananda hardasa mümkün idi, neçə illər azad mətbuat yanğısıyla yaşayan qələm adamları cüzi əməkhaqqı ilə nəsə eləməyə çalışırdılar. Markesin bir fikri var, deyir ki: «Elə işlə, elə çalış ki, elə bil heç sənin paraya-pula ehtiyacın yoxdu». Bax o zamanlar doğrudan da belə idi. Amma o zaman keçib, o kövrək hisslərlə özünü işə fəda eləyən insanlar da artıq realist düşünməyə məcburdular. Ona görə də məncə ilin-günün bu vaxtında kimdəsə fanatiklik gözləmə dəyməz. Məncə, nə zaman ki, media orqanları iqtisadi cəhətdən güclü olacaq, nə zaman ki, media iqtisadi struktura çevriləcək, onda bu qeyri-peşəkarlıqlar da aradan qalxacaq».
M5 TV internet televiziyasının rəhbəri Şöhrət Eldənizin fikrincə, bəzən televiziyalarda aparıcı ilə diktorları səhv salırlar: «Diktorların funksiyası yazılan mətni oxumaq idi. Hazırda diktor insititundan imtina olunub. Aparıcı isə yaxşı dil bilməkdən əlavə yaxşı da qələmi, savadı olmalıdır. Nizami müəllim düz deyir. Telekanallarda mütəxəssislər azdır. Əksəriyyəti uzaqlaşdırılıb. Praktikaya gələn, kiminsə xalası oğlu, bacısı qızı ya aparıcıdır, ya da hansısa böyük bir verilişin rəhbəri. Ona görə də televiziyalarda Azərbaycan dilindən savayı bütün dillərdə danışırlar. Məsələnin kökündə aparıcıların savadsızlığı dayanmır. Bunu Nizami müəllim bilir. Ona görə fikrini yarımçıq yox, gərək bütöv desin. Onda problemin kökünü tapmaq mümkün olacaq».

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO