Teleradio kanallarina yeni mesaj: lisenziyanın ləğvinə qədər tədbirləri tətbiq etməklə qanunda düzəlişlər aparmaq

Ölkənin rəsmi dövlət qəzeti “Azərbaycan” Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində toxunulan məsələlər ətrafında gedən ictimai müzakirələrin ilkin mərhələsinə yekun vurub.

R.Mehdiyevin məqaləsi bu il oktyabrın 2-də “Azərbaycan” qəzetində dərc edilmişdi.

Qəzetin şəbə müdiri İxtiyar Hüseynli ictimai müzakirələrin ilkin mərhələsinə yekun vurulması ilə əlaqədar “Azərbaycan”ın 10 noyabr sayında “Ölkə kanallarının ictimai tamaşaçısı” adlı yazı ilə şıxış edib.

“Media forum” saytının məlumatına görə, İ.Hüseynlinin yazısında bildirilir ki, R.Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi ölkə ictimaiyyətinin böyük marağına səbəb olaraq cəmiyyətdə, o cümlədən KİV-də davamlı müzakirələrə yol açıb: “Xüsusi diqqəti çəkən məqam odur ki, məqalə hətta siyasi və ictimai fəallığı o qədər də nəzərə çarpmayan zümrələri belə məlum diskussiyalara qoşdu”.

İ.Hüseynlinin sözlərinə görə, məzmunca bir qəzet səhifəsinə sığışan məqalə mahiyyət etibarilə milyonlarla vətəndaşın mövqeyini ehtiva edib: “Bu fikrin qətiliyini “Azərbaycan” qəzetinə gələn oxucu məktubları, redaksiyamıza daxil olan telefon zəngləri, həmçinin qəzetimizin səhifələrində bu mövzuda dərc edilən məqalələr, rəylər də tam isbatlayır”.

Bəs, bu proses qarşı tərəfdə – özəl telekanalların fəaliyyətində hansı dönüşü yaratdı?

Suala İ.Hüseynli “Ölkə kanallarının ictimai tamaşaçısı” yazısında belə cavab verir: “Ötən bir ay onu da nümayiş etdirdi ki, teleradiokanalların səlahiyyət sahibləri ictimai təşəbbüsləri yetərincə dəyərləndirməmişlər. Məqalədə toxunulub, cəmiyyətdə geniş intişar tapan problemlər silsiləsi tamamilə aradan qalxmamış, kosmetik dəyişiklik və ya yeniləşmə imitasiyası üstünlük təşkil etmişdir. Yaradıcı mühitin yüksəldilməsi, peşəkarlığın artırılması, kadr hazırlığının təkmilləşdirilməsi, yeni və daha maraqlı verilişlərin hazırlanması, aparıcıların seçimində sağlam prinsiplərə və peşəkarlıq meyarlarına söykənilməsi kimi ümdə məramlara əməl olunmamışdır. Əsas qınaq obyekti olan şou-biznes verilişlərinin yayımı nəinki dayandırılmış, əksinə, bu proqramların aparıcıları bəzən efir vaxtlarında obyektiv tənqidə qarşı səviyyəsiz, qərəzli arqumentlər səsləndirərək, mövqelərini qorumağa çalışmışlar.

Özəl teleradio məkanını bürüyən primitivlik və səviyyəsizlik bəlasının “məhsulları” hər gün daha inadlı və daha acıqlı formada evlərimizə daxil olur. Bir para cahil və naqis aparıcı telekanallara müəyyən gəlir, reklam gətirsələr də, hələ də xalqımıza və ləyaqətli telejurnalist adına utanc bəxş etməkdə qalırlar. Özəl telekanalların müasir siması sayılan şit və bayağı aparıcılar, mənəviyyatsızlığı həyat tərzinə çevirən istedadsız “sənətkarlar” yenə də ekrandan düşmürlər. Əvvəlki tək ağıllarına gələn hər bir sözü, bazar və çayxana söhbətlərini ekranda dilə gətirir, milyonlarla tamaşaçı üçün təkrar-təkrar tirajlayırlar. Bu gün özəl teleradiokanallar yeni veriliş üzərində yaradıcı potensiallarını reallaşdırmaq əvəzinə, kəndbəkənd, evbəev qapılara düşüb elliliklə efiri “qonaqlıqlara”, mətbəx qoxusuna ithaf edirlər, ən “yaxşı” proqramlarını idman mərkəzlərində, sauna və hamamlarda (!), mebel və gözəllik salonlarında, minik maşınlarının salonlarında ərsəyə gətirirlər. Belə primitiv səviyyəyə enən telekanallar, deyəsən, yaradıcılıq və peşəkarlıq mühitindən tamamilə uzaq düşüblər!

İstedadsızlığın “at oynatdığı”, maddi gəlir əldə etmək naminə verilişlərin səviyyəsini aşağılamaq kimi meyillərin geniş miqyas aldığı teleməkanda bu acınacaqlı durumla bağlı kimin məsuliyyət daşıdığını akademik Ramiz Mehdiyev məqaləsində aşkar bəyan edirdi: “Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır… Bu sahələrdə müşahidə olunan çatışmazlıqlara görə məsuliyyət teleradio qurumlarının rəhbərlərinin üzərinə düşür”. Ancaq göründüyü kimi, bu məsuliyyəti daşıyan şəxslər özəl telekanallardan bezərək seçimini xarici ölkə televiziyaları üzərində qərarlaşdıran tamaşaçını yenidən milli efir məkanına qaytarmaq niyyətində (yaxud iqtidarında) deyillər!”

“Azərbaycan”ın şöbə müdiri daha sonra yazır: “Müşahidələr göstərir ki, Azərbaycanın teleradio məkanında problemlərin və ciddi qüsurların ictimai müzakirəyə çıxarıldığı ilk günlərdə ziyalıların və mütəxəssislərin əsaslı irad və təpkisinə tuş gələn özəl kanal rəhbərləri nöqsanlarını etiraf etməyə, “bu fikirlər tamamilə haqlıdır, biz onu tam bölüşürük, həqiqətən də teleməkanda vəziyyət dözülməzdir” – deyərək tənqidi qəbul etdiklərini söyləməyə başladılar. Hətta dəyişikliklər yönündə müəyyən addımların atıldığı da hiss olunurdu: Qınaq hədəfinə çevrilən bir sıra verilişlər və aparıcılar proqramlardan çıxarıldı, bəzi verilişlərdə müzakirə olunan məsələlər ciddi və aktual mövzularla əvəzləndi, bir sıra proqramların isə formatı dəyişdirildi. Təəssüf ki, bu dəyişmək istəyi uzun sürmədi. Özəl teleradio şirkətlərində yaradıcı mühitin yoxluğu, peşəkarların olmaması və ya onlara meydan verilməməsi, hazırlanmasına zəhmət və vəsait sərf olunmayan dedi-qodu verilişlərinin birbaşa efirə ötürülməsinin daha asan və sərfəli olması, başlıcası isə teleradio sahiblərinin vətən və xalq qarşısında məsuliyyət hissini itirmələri ciddi və arzuolunan dəyişikliklərə imkan vermədi! Onlar gözdən pərdə asmağa xidmət edən vasitələrə meyilləndilər! Başqa sözlə, başın ağrıma səbəbini öyrənərək onu müalicə etmək əvəzinə papağı başqası ilə əvəz etmək yolunu tutdular. Əvvəlki aparıcılar geriyə qaytarıldı, şou-biznes və dedi-qodu verilişləri yenidən hakim mövqeyə yiyələndi!

Düzdür, bəzi kanallarda formal baxımdan nə isə etməyə cəhd göstəriblər. Amma bu “təşəbbüslər” yarımçıq alındığından və kanalın maddi maraqlarına uyğunlaşmadığından elə axara salınıb ki, qaş düzəltmək istəyən yerdə vurub gözü də çıxarıblar. Bütövlükdə özəl teleradio kanalları yeniləşməkdə maraqlı olmadıqlarını göstərdilər! Əslində, ictimaiyyətin narazılıqlarını və böhrandan qurtulmaq üçün səslənən təklifləri qulaqardına vuraraq, Azərbaycan tamaşaçısına keyfiyyətli, zövqlü, maraqlı verilişlər təqdim etmək yox, yalnız öz maddi maraqlarını güdmək məqsədi daşıdıqlarını bir daha nümayiş etdirdilər! Bütün bunlar sübut edir ki, telekanalların fəaliyyətini təkmilləşdirmək, bu sahədəki özbaşınalığı aradan qaldırmaq üçün müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi olduqca vacibdir. Görünür, İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh tədbirlərinin sərtləşdirilməsindən başlayaraq, teleşirkətlərdə qanunvericiliyin tələblərini pozan verilişlərin yayımını dayandırmaq, yaxud kanalın yayımını müddətli məhdudlaşdırmaq və onları iri məbləğdə cərimə etmək, ümumiyyətlə isə lisenziyanın ləğvinə qədər uzanan hüquqi tədbirləri tətbiq etməklə teleməkana məsuliyyət hissini qaytarmaq üçün mövcud qanunvericilikdə müvafiq düzəlişlər aparılması vaxtı çatıb”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO