Telekanallar sərt tənqid olundu

Azərbaycanın teleradio məkanında olan problemlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) aprelin 21-də təşkil etdiyi “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” mövzusunda konfransda müzakirə olunub.

“Media forum” saytının məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, gələcək nəsilləri sağlam, milli-mənəvi dəyərlərlə zəngin görmək üçün efirə cəmiyyətin ən nümunəvi insanları çıxarılmalıdır.

Ə.Həsənovun fikrincə, müxtəlif dövrlərdə televiziya və radioların Azərbaycan cəmiyyətində tutduğu yeri müzakirə etmək zərurəti yaranır. O qeyd edib ki, əslində bu elə belə də olmalıdır: “Bütün ölkələrdə teleradio cəmiyyətin əsas institutlarından biridir. Son bir ildə Azərbaycanın televiziya və radio məkanındakı mövcud vəziyyəti diqqət mərkəzində saxlayırıq və bu müzakirələrə cəmiyyətin düşüncə adamlarını da cəlb edirik. Biz cəmiyyətin ən qabaqcıl nümayəndələrini efirə çıxarmalıyıq. Lakin çox zaman televiziyalar maddi amillərə söykənərək efirə yaxşıların yaxşısını deyil, digərlərini çıxarırlar. Nümunə ola biləcək insanlar efir arxasında qalır, efirə cəmiyyətə yaxşı əxlaq nümunəsi göstərə bilməyən insanlar çıxarılır”.

Ə.Həsənov bildirib ki, bazar iqtisadiyyatında televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri hər zaman üst-üstə düşmür: “Televiziya elə bir institutdur ki, bütün dövlətlərdə cəmiyyət həyatının aparıcı vasitəsidir. Əgər gələcək nəsilləri sağlam, milli-mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, onları cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevirmək istəyiriksə, Azərbaycan mentalitetindən dönmədən ictimai davranış normalarını getdikcə yüksəltmək istəyiriksə, teleradio fəaliyyətinə, efirə cəmiyyətin ən nümunəvi insanlarını gətirək”.

Prezident Administrasiyası şöbəsinin müdiri qeyd edib ki, tamaşaçı televiziyada eyni xanəndəni, jurnalisti, eyni insanları görürsə, müvafiq olaraq onlardan da nümunə götürür: “Bəs onlar ən yaxşı nümunədirmi? Təhlil göstərir ki, nümunə deyil. Müasir dövrdə televiziyalara birbaşa təsir etmək də mümkün deyil. Ümid edirik ki, konfransda səsləndirilən fikirlər televiziya və radioların fəaliyyətində hiss olunacaq”.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli çıxışında deyib ki, hazırda ölkədə 8 ümumrespublika yayımçısı, 14 regional kanal, 1 peyk yayımçısı, 13 radio yayımçısı, 13 kabel operatoru və 1 ixtisaslaşmış kanal fəaliyyət göstərir: “Gələcəkdə zərurət olduğu hallarda ümumrespublika yayımçılarının sayı artırılacaq. MTRŞ yaranandan sonra ölkədə 3 ümumrespublika yayımçısı fəaliyyətə başlayıb”.

N.Məhərrəmli hazırda teleradio sahəsində mövcud vəziyyətin ictimaiyyəti ciddi narahat etdiyini vurğulayıb. O əlavə edib ki, MTRŞ öz səlahiyyətləri çərçivəsində bu məsələyə müdaxilə etməlidir, ictimaiyyət də mövqeyini ortaya qoymalıdır: “Dövlət də qanunvericilik sahəsində addımlar atmalıdır. “Teleradio fəaliyyəti haqqında” qanun 2002-ci ildə qəbul olunub və çox liberal qanundur. Qonşu ölkələrlə müqayisədə MTRŞ-nin səlahiyyətləri çox azdır. Ona görə də qanunda yenə dəyişiklik edilməlidir. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi və lisenziya öhdəliklərinin pozulmasına görə nəzərdə tutulan cərimə 200 manatdan 2000 manatadək artırıldı. Lakin bu cərimə “Teleradio fəaliyyəti haqqında” qanunun bütün maddələrinə şamil olunmur. Qanunda dəyişiklik edib bizə televiziyalarla bağlı tənbeh tədbirləri görmək səlahiyyəti verilməlidir. Belə səlahiyyətlər verilsə, ictimaiyyətin narazılığına səbəb olan verilişlərin yayımı müəyyən müddətə dayandırıla bilər. Bu, bütün dünyada var.

Bəzən opponentlərimiz deyir ki, guya biz əlavə səlahiyyətlər istəyirik. MTRŞ teleradio sahəsindəki problemləri inzibati yollarla həll etmək məqsədini qarşısına qoymayıb. Dövlət büdcəsindən maliyyələşən kanallarla bağlı vəziyyət yaxşıdır. Aparılan müzakirələrdən sonra televiziyalarda şou verilişlərinin sayı azalmışdı. Lakin fevral-aprel aylarında apardığımız monitorinqlər göstərib ki, bu tendensiya yenə əvvəlki səviyyəyə qayıdıb. Verilişlərdə qalmaqallar, ailə-məişət söhbətləri, bayağı, süni, şit danışıqlar üstünlük təşkil edir. Aparıcıların səhnə, efir, geyim mədəniyyəti çox aşağıdır. Hazırda elə bir vəziyyət yaranıb ki, ictimaiyyət haqlı olaraq buna narazılığını ortaya qoyur”.

MTRŞ sədri deyib ki, vəziyyətdən çıxış yollarından biri kimi mədəniyyət kanalı açılacaq: “Əgər özəl kanalların yaradıcılıq işlərinə qarışa bilmiriksə, televiziya kanallarına bu sahədə “hansısa işləri gör” deyə bilmiriksə, onda onlara qarşı daha böyük tədbir görmək imkanımız var ki, bu da yeni mədəniyyət kanalının yaradılmasıdır. Həmin kanal bizim dediyimiz çərçivələrdə fəaliyyət göstərəcək. Mədəniyyət kanalının açılması yeni televiziya kanalının yaranması deməkdir ki, bununla da reklam bazarında yeni problemlər yaranacaq”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz vurğulayıb ki, əgər Azərbaycan televiziyalarına baxan tamaşaçıların sayı haqda verilən statistika doğrudursa, onda bu sahədə vəziyyət kədərlidir: “Müəyyənləşdirmək lazımdır ki, tamaşaçıların nə qədəri Azərbaycan, nə qədəri peyk vasitəsilə Türkiyə və Rusiya kanallarına baxır. Bu sahədə ciddi monitorinqlərə ehtiyac var. Bir necə gün əvvəl Gürcüstanda konfransda iştirak edirdim. Məlum oldu ki, Gürcüstanda 29 regional televiziya var, daimi və normal fəaliyyət göstərirlər. Azərbaycanda isə Şəkini keçəndə efiri Gürcüstanın televiziya və radioları, cənub bölgəsində də İran televiziyaları zəbt edir”.

O.Gündüz teleyayım tezliklərinin dövlətin nəzarətində alınaraq mülkiyyətə verilməsini vacib sayıb. Onun fikrincə, tezliklərin dövlətin nəzarətində olması SSRİ metodudur, dünyada bu praktika yoxdur: “Azərbaycan internet mediasını tənzimləmək, lisenziyalaşdırmaq iddialarından əl çəkməlidir. Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur”.

Ə.Həsənov bu fikirlərə cavab olaraq bildirib ki, Azərbaycan internet mediasını lisenziyalaşdırmaq sahəsində heç bir addım atmayıb: “Olmayan şey haqda danışmayın. Regional televiziyaların açılması üçün bütün müraciətlər müsbət cavablandırılıb. Kim regional televiziya açmaq istədi, ona icazə verilmədi? Regional televiziyalar özlərini maliyyələşdirməlidir. Amma televiziyanı açın görün nə işlə məşğul olurlar. Regional televiziyalar bütün günü ya toyları, ya da rayondakı imkanlı şəxslərin ad günlərini göstərir. Bizə belə televiziyalar lazım deyil. Heç mərkəzdə olan televiziyaları abıra sala bilmirik”.

Deputat Qənirə Paşayeva çıxışında deyib ki, televiziyadan yaxşı istifadə etsən – inkişaf vasitəsi, pis istifadə etsən – kütləvi qırğın silahıdır.

Konfransda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov “Elektron mediaya ictimai nəzarətin zəruriliyi” mövzularında məruzə ilə çıxış edib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO