Tehranda keçirilən beynəlxalq media sərgisində tərəfdarlar arasında dava düşüb

Tehranda keçirilən beynəlxalq media sərgisində Mehdi Kərrubi və Mahmud Əhmədinejadın tərəfdarları arasında dava düşüb
İranın parlamentinin sabiq spikeri, keçmiş prezidentliyinə namizəd Mehdi Kərrubi Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinə tamaşa etmək üçün tədbir keçirilən zala gəlib.

APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Mehdi Kərrubini sərgidə onun tərəfdarları və müxalif olan qruplar qarşılayıb. Keçmiş prezidentliyə namizədin tərəfdarları Kərrubini coşqu ilə qarşılayaraq seçkilərlə bağlı şüarlar səsləndiriblər. Kərrubi tərəfdarları “Diktatora ölüm!”, “Rusiyaya ölüm!”, Yaşasın Müsəvi və Kərrubi!”, “Biz səni himayə edirik!” kimi şüarlar səsləndiriblər. Bu şüarlara qarşı etiraz edən prezident Mahmud Əhmədinejadın tərəfdarları isə Kərrubinin əleyhinə şüarlar səsləndiriblər. Nəticədə Kərrubi və Əhmədinejad tərəfdarları arasında münaqişə yaranıb.
Əhmədinejadın tərəfdarları Kərrubiyə hücum etmək istəyiblər. Qarışıqlıq zamanı sərgidə bir neçə pavilyon dağıdılıb. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində Kərrubi sərgi salonundan uzaqlaşdırılıb.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO