“Təzadlar”ın baş redaktoru Asif Mərzili məhkəməyə verilir

“Təzadlar” qəzeti Kooperasiya Universitetində qanunsuz köçürmə ilə bağlı yazı dərc edib.

Modern.az məsələ ilə bağlı universitetin rektoru, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevdən rəy öyrənib.

 

Deputat bildirib ki, Azərbaycan Mətbuat Şurası zaman-zaman ölkəmizdə peşə etika kodeksini pozan qəzetlərin siyahısını hazırlayır: “Bildiyim qədər “Təzadlar” qəzeti də Mətbuat Şurasının “qara siyahısı”na düşmüş qəzetlərdəndir. Təəssüf edirəm ki, son zamanlar onlar qara piarla məşğul olurlar”.

Rektor “Təzadlar” qəzetinin redaktoru Asif Mərzili ilə bağlı maraqlı fakt açıqlayıb: “Bu qəzet bizim barəmizdə hələ 10 il öncə böhtan dolu yazılar dərc etmişdi. Biz buna görə həmin qəzeti məhkəməyə verdik. Bununla bağlı Yasamal Məhkəməsinin qərarı da var. O zaman çox hörmət etdiyim mətbuat nümayəndələrindən biri Asif Mərzilini mənim yanıma gətirdi. Mən də təklif etdim ki, təkzib və üzürxahlıqdan sonra güzəştə gedə bilərik. Təklifim qəbul olundu. Bundan sonra Asif Mərzili belə bir öhdəlik götürdü ki, bir də bizim barədə böhtan, şər məlumatlar yaymayacaq. Eyni zamanda biz iddia qaldırdıq ki, Asif Mərzili yenidən çirkin əməllərə əl atsa məhkəmə tərəfindən cəzalandıralacaq. İndi hiss olunur ki, o, öhdəliyini ya unudub, ya da yenidən əvvəlki ampulasına qayıtmaq istəyir”.

E. Quliyev konkret olaraq “Təzadlar” qəzetinin yaydığı məlumata da münasibət bildirib: “Kimdən hansı informasiya alıb, mən bilmirəm. Ancaq yazır ki, onların araşdırma qrupu araşdırıb. Mən başa düşə bilmirəm, bunlar nəyi araşdırıblar? Guya bunlar araşdırıblar ki, Kooperasiya Universitetindən hansısa bir uşağa tələbə olması üçün tələbə bileti verilib. Əmr də verilib. Guya hətta Təhsil Nazirinin müavini Ceyhun Bayramovun məktubu gəlib. Bunların hamısı böhtan dolu sözlərdir. Heç bir dəlil-sübut yoxdur. Müəyyən dələduzlar var, bunun universitetə, Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. İndi tələbə biletləri də əvvəlki kimi deyil, şəxsiyyət vəsiqəsinə oxşayır, nömrə ilə verilir. Əgər onlar normal media qurumudursa, niyə məsələni dəqiqləşdirmək üçün bizə müraciət etməyiblər? Mən bilirəm ki, elə bir şey olmayıb. Özüm də araşdırma aparmışam. Bəs, hörmətli Asif müəllim bilmir ki, mən bu məsələni araşdıracağam?”

Millət vəkili Azərbaycanın hüquqi dövlət olduğunu xatırladaraq qeyd edib ki, ölkəmizdə qanun hər şeydən alidir: “Bu məsələni Yasamal Məhkəməsində də qaldıracağıq. Bunlar unudurlar ki, yeni təhsil naziri təyin olunub. Tələbə köçürməsi ilə bağlı yeni sistem tətbiq olunur. Nazirlər Kabinetinin müvafiq qərarı var ki, hər bir vətəndaş xarici dövlətdə oxuyaraq Azərbaycana gələ bilər, hətta azərbaycanlı olmayan tələbə də bizə müraciət edə bilər. Həmin tələbələrin müraciətini biz yoxladıqdan sonra Təhsil Nazirliyinə göndəririk. Təhsil Nazirliyi də öz növbəsində təkrar yoxlayır. Daha sonra Prezident Administrasiyasında təhsil sahəsinə baxan müvafiq komissiyaya göndərilir. Orada baxıldıqdan sonra tələbəni köçürmə yolu ilə universitetə daxil olur”.

Rektor bildirib ki, Asif Mərzili bir müddət bu kimi məsələlərə görə həbsdə olub: “Mənim jurnalistlərə böyük hörmətim var. Eyni zamanda kiminsə həbs olunmasını da istəmirəm. Ancaq məsələ budur ki, “Təzadlar” həm universitetin, həm də mənin işgüzar nüfuzuma zərbə vurub. Asif Mərzilinin bizim qarşımızda öhdəçiliyi var idi ki, bir daha bu cür hallara yol verməsin. Bu, bir dəfə həbs olunub. Biz müraciət etsək, onu yenidən həbs edəcəklər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO