Söz azadlığında Türkiyə ilə Ermənistan müqayisə edilə bilməz – türkiyəli ekspert

Türkiyəli ekspert “Freedom House” təşkilatının illik hesabatının obyektiv olmadığını bildirib.

“Söz azadlığı məsələsində Türkiyə ilə Ermənistan müqayisə edilə bilməz”, – cümə axşamı Ankaradan telefonla Trend News-a İnönü Universitetinin tarixi araşdırmalar bölməsinin rəhbəri, Ermənistan üzrə tədqiqatçı professor Salim Cöhce bildirib.

Trend News-un arayışı: Mərkəzi ofisi ABŞ-da yerləşən “Freedom House” təşkilatı ötən il üçün azadlıq indeksinə görə ölkələrin siyahısını açıqlayıb. Siyahıda Türkiyə ilə Ermənistan eyni yerdə və qismən azad ölkələr siyahısında yer alıblar.

Salim Cöhcenin sözlərinə görə, Türkiyədə azadlıq məsələsində bəzi problemlər ola bilər, lakin Türkiyənin Ermənistanla eyni səviyyədə olduğunu düşünmək sağlam məntiqə ziddir.

“Türkiyədə söz azadlığı ideal səviyyədə deyil, lakin tam əminliklə söyləmək olar ki, ölkədəki söz və fikir azadlığı nəinki Ermənistandan, hətta ABŞ və Avropadan da yüksək səviyyədədir”, – Cöhce bildirib.

Onun sözlərinə görə, Ermənistanda nəinki söz azadlığı, heç normal iqtidar və müxalifət də yoxdur.

“Ermənistanı silah gücünə hakimiyyətə gəlmiş iqtidar idarə edir və bu ölkənin mediası hər hansı bir dövlət xadiminin fəaliyyəti barədə fikir bildirmək iqtidarında deyil”, – o əlavə edib.

Ekspert hesab edir ki, Türkiyədən fərqli olaraq, ABŞ heç vaxt öz daxili problemlərini açıq şəkildə müzakirə etmək iqtidarında olmayıb.

Onun sözlərinə görə, ABŞ mediasının 11 sentyabr hadisələri, eləcə də İraq və Əfqanıstanın işğalı zamanı yaydığı yalan xəbərlərə əsla türk mediasında rast gəlinə bilməz və bu, türk mediasının daha vicdanlı və tərəfsiz olduğunu göstərir.

“İraqın Əbu-Qureyb həbsxanasında dustaqlara ABŞ ordusu tərəfindən edilən işgəncələr bu ölkənin insan hüquqlarına verdiyi “töhfədir”, – o deyib.

Cöhce hesab edir ki, Türkiyənin söz azadlığında Ermənistanla bir sırada verilməsi Ankaranı gözdən salmaq istəyindən başqa bir şey deyil.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO