İsveçrəli jurnalist cəbhə xəttindən dəhşətli təəssüratlar yayıb

“Müşahidəçilər gəlib gedəndən sonra erməni atəşləri daha da güclənir”

QAT-ın məlumatına görə, isveçrəli jurnalist Andre Vidmerin Qarabağ həqiqətlərinə dair növbəti məqaləsi Almaniyanın “Neues Deutschland” qəzetində dərc olunub. Müəllif Azərbaycana, cəbhə bölgəsinə son səfərindən danışır, gördüklərini obyektiv işıqlandırır. Mətni Vidadi Abbaszadə tərcümə edib. Geniş oxucu kütləsinin marağını nəzərə alaraq məqaləni çap edirik.

Cəbhədə təhlükəli həyat

Dağlıq Qarabağ münaqişəsinin atəşkəs xəttindəki kəndlərində Ermənistan tərəfindən müstəqil elan olunmuş, beynəlxalq hüquqi cəhətdən isə Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi uğrunda münaqişə əvvəlki kimi həll edilməyib. 1991 və 1994-cü illər arasında Cənubi Qafqazda qanlı müharibə gedib. O zamandan bəri ermənilər və azərbaycanlılar bir-birini atəşkəsi pozmaqda günahlandırır.

İlk baxışdan Tapqaraqoyunlu kəndi Azərbaycanın digər kəndlərindən fərqlənmir. Yollarda qazlar yeriyir, bağlarda nar ağacları yetişir. Yollar kələ-kötür və asfaltlanmamışdır. Kənd meydanında bəzi kişilər görüşür. Lakin burada həyat normal deyil, hətta çox təhlükəlidir. Tapqaraqoyunlu birbaşa Dağlıq Qarabağ müharibəsinin atəşkəs xəttində yerləşir. Yenə də kənd atəşə məruz qalır. Ermənistan və Azərbaycan arasında 1994-cü ildən bəri mövcud olmalı olan atəşkəsdən əsər-əlamət yoxdur.

Köçmək barədə ümumiyyətlə söhbət gedə bilməz Tapqaraqoyunlunun 2626 nəfər sakini var, erməni mövqələrinin yaxınlığındakı evlər isə xüsusilə təhlükə altındadır. Misal üçün, Kamil Allahverdiyevin (34 yaşlı) evi kimi. Ev bir təpədə qurulmuş erməni postundan təxminən 150 metr hava xətti uzaqlığında yerləşir. Allahverdiyevin evinə ancaq bir dənə mühafizə olunmayan yol aparır, elə ona görə də sürücü erməni postuna olan açıq görüntülü bu qısa məsafəni olduqca sürətlə qət edir.

“Burada həyat çox ağır və təhlükəlidir”, ev yiyəsi deyir. O, evin damında və divarındakı güllə yerlərini göstərir; evinin qarşısındakı hasarı isə bir metr də ucaldıb. “Hər gecə biz qorxu içindəyik”, kəndli deyir. Bundan sonra onun anası gələrək hər dəfə atışmadan sonra psixoloji gərginlik səbəbindən içdiyi dərmanların reseptlərini göstərir.

“Mən 7-ci sinfə getdiyim vaxtdan onlar atəşə tutur bizi. Səbəbini bilmirəm”, deyə Kamil Allahverdiyev bildirir. Onun üçün ayrı həyat da yoxdur: öncə müharibə, 1994-cü ildən bəri isə daimi təhlükə. Kəndli armud, alma, üzüm və fındıq yetişdirir. Hökumət ona ayrı torpaq yeri təklif edib, ancaq həmin yer kənd təsərrüfatına yararlı deyil, o deyir. Kənddən köçməyi isə o, ümumiyyətlə ağlına gətirmir”. “Bura bizim torpaqdır” – deyir.

Burdakı vəziyyətlə camaat artıq razılaşıb. Uşaqlar evlərin arası ilə məktəbə aparan təhlükəsiz yol tanıyır. Kənd sakinlərinin təxminən üçdə biri kənd təsərrüfatında çalışır. Çoxu yalnız gecə vaxtı – ay işığında sahədə işləməyə, oranı sulamağa gedir, çünki gün ərzində onlar erməni əsgərlərinin görmə zonasında olur. Atışma başlayanda kənd sakinləri evlərin altındakı qoruyucu otaqlarda gizlənir. Atəş müxtəlif vaxtlarda açılır, yəni bir məlum vaxt yoxdur ki, bu da mülki şəxslərin vəziyyətini daha da qeyri-konkret edir.

Allahverdiyevin qonşusunu 2009-cu ildə güllə ilə öldürüblər. “Hətta onu dəfn etməkdə belə çətinliklə qarşılaşdıq” – deyə Kamil bildirir. Tapqaraqoyunluda erməni atəşinin son mülki qurbanı isə 25 aprel 2011-ci ildə qeydə alınıb. Onun adı müharibə vaxtı və ya da sonra həlak olmuşlarla yanaşı xatirə lövhəsindədir. Kəndin ağsaqqalı Abbas Allahverdiyev izah edir ki, dəfn mərasimləri, İslam qaydalarına zidd olaraq, yalnız gecə baş tutur – yəni əslində gün batmazdan öncə olmalıdır. Səbəb isə odur ki, insan kütləsi təhlükəlidir, yəni bu, erməniləri atəş açmağa təhrik edə bilər. Ağsaqqal qəbiristanlığı göstərir: o, kəndin sonunda yerləşir, onun qarşısında isə Azərbaycan ordusunun səngəri uzanır.

Kiçik çay İncə kəndini su ilə təmin edir. Həmin yerdən 6 km uzaqlıqda isə ermənilər onun qabağını tez-tez kəsirlər. Hövzə hər iki rəqib mövqeyin arasında yerləşir. Tez-tez ora 20 nəfərdən ibarət qrup gəlir ki, suyun səviyyəsini qum kisələrinin köməyi ilə qaldırsınlar, çünki o, kənddən daha çökəkdə yerləşir. Gün açılmazdan öncə kişilər işi bitirə bilmədikləri zaman saatlarla cəbhə xətləri arasında gizlənməli olurlar ki, qaranlıq düşəndə geri dönə bilsinlər, onlar deyir. Azərbaycan ordusu kənd sakinlərini işləri barəsində öncədən məlumatlandırır. Ancaq indi müharibədən 17 il sonra, kənd ağsaqqalı Abbas Allahverdiyevin sözlərincə, Azərbaycan hökuməti qəsəbənin su təminatı üçün 20 km-lik su xətti çəkməyi planlaşdırır.

Arada bir ATƏT-in müşahidəçiləri kəndə səfər edir. Habelə cəbhə xəttinin o tayındakı erməni işğalçıları da bu barədə məlumatlandırılır. Təbii ki, bu səfərlər vaxtı bir dənə də güllə atılmır. “Müşahidəçilər gedəndən sonra isə, əksinə, daha da kəskin olur”, deyə kənd sakini Kamil Allahverdiyev bildirir. Kənd sakinləri səmərəsiz fəaliyyət göstərən ATƏT tərəfindən özlərini eşidilməmiş və qəbul olunmamış hiss edirlər.

Müşahidəçilər gələndə silahlar susur

Muhardiz İsmayılovun (59 yaş) evi də kəndin təhlükəli yerində yerləşir. O, demək olar ki, hasarla örtülmüş pəncərəsinin yuxarı hissəsində güllə yerini göstərir. Sonra isə açıqlıqda olan yerə olan qapını açaraq metal darvazaya dəymiş güllə yerini göstərir. İsmayılov müəllimdir. O evə girir və böyük bir plastik qab gətirərək bizə çaxır içməyi təklif edir. “Mülki şəxslər axı öldürülməməlidir” – o deyir. “Axı biz ermənilərin torpağını deyil, ancaq öz torpağımızı istəyirik.”

Bir gün sonra Tərtər rayonunun Qapanlı qəsəbəsində olduq. Bu yer də birbaşa atəşkəs xəttində yerləşir. Burada landşaft çox düzəndir. Buna görə hələ müharibə vaxtı burada qəsəbəni ermənilərin atəşindən qorumaq üçün 5 km uzunluqda və 3 metr hündürlüyündə torpaq sədd çəkilmişdi. Bu səddin arxasındakı yolda Tarıverdiyevin (49 yaşlı) həyət evi yerləşir. Mühafizəyə baxmayaraq, onun da evi atəşə məruz qalıb. 2003-cü ildə isə snayper atəşi nəticəsində onun atası həlak olub. Elə indi Tarıverdiyev əlavə sədd tikir, həyat yoldaşı da betonu qarışdırmaqda ona kömək edir.

Sakin Əli Əliyev (81 yaş) qonşu müşahidə postunda problemi göstərir: düşmən mövqələrinə açılan görüntü göstərir ki, ermənilərin postu, güman ki, əlavə olaraq yüksəldilmiş təpənin üzərində qurulub. Səddəki azərbaycan postunda isə nadir hallarda kimsə olur. Düzdür, ordu burada yerləşdirilib və bəzən əsgərləri də görmək olur. Lakin onların burdakı fəaliyyəti heç gözə çarpmır. Xülasə, erməniləri təhrik etməklə kənd sakinlərini əlavə təhlükəyə salmaq istəmirlər. “Biz ümid edirik, dünya bizim yaşadığımız şəraitdən xəbər tutar və problemi həll edər.”

Demarkasiya xətti qarşısındakı son dayanacaq

Azərbaycanın cəbhə kəndləri boyu yol Bərdədən Ağdama kimi uzanan bağlı bir baş yola gətirir. Ağdam şəhəri Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş hissəsində yerləşir. Əvvəllər şəhərin 50 000 sakini vardı, 1993-cü ildən bəri şəhər xarabalıq içindədir. Köçərli vağzalı orada demarkasiya xəttinə kimi ərazidə sonuncu işlək dayanacaqdır. Rels üzərində yeganə bir qatar dayanıb. Vağzal binasının qarşısında iki ağsaqqal rahat əyləşərək nərd oynayır. Bu ucqar yerdə olan həyat sadəcə sükut içindədir.

İki kilometr sonra isə Hüsənli adlanan yerin hüdudları kənarında polis barrikadası qoyulub ki, hələlik onu keçməyə icazə var. 700 metr sonra isə silahlı qüvvələrin postu və “stop” lövhəsi gözə dəyir. Şlaqbaumun arxasında isə torpaq sədd ermənilər tərəfindən zəbt olunmuş yerlərə gedişin qarşısını alır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO