İstəyirəm 10 bal verərəm, istəyərəm “sıfır “

Milli Kitab Mükafatı müsabiqəsinin nəticələri ətrafında polemika davam edir və zənnimcə, nəticələrin belə “toz-tozanaq” qoparmasının iki mühüm səbəbi var.

Birincisi, layihə özünü çox ciddi adda, tonda və tərkibdə elan elədi – təkcə elə münsiflər heyətində necə nüfuzlu və tanınmış ədəbiyyat, mədəniyyət və ictimai xadimlərin təmsil olunması onun sanbalının və salğarının göstəricisiydi.

İkincisi, daha incəsi və daha əsası, layihə rəhbəri olan Nigar xanım Köçərlinin bu yarışın obyektiv və halal şərtlər daxilində aparılacağına dönə-dönə vurğu vurmasıydı.

Cəmiyyətin nihilist ovqatını təmsil edən və həmişə ortada olan bəzi yazarlar elə birinci mərhələdə prosesdən imtina elədilər, əvəzində daim daha çox kölgədə qalmağa üstünlük vermiş, hər çalınan havaya qol qaldırmağı özünə sığışdırmayan yazıçılar da daxil, necə deyərlər, böyük bir ordu müsabiqə meydanına atıldı. Müsabiqəyə 265 əsər təqdim edildi. Balaca rəqəm deyil.

Bəlkə kiməsə subyektiv görünəcək, mənə elə gəlir, Milli Kitab Mükafatının belə səs-küy doğurması və daha çox yazarı hərəkəti gətirməsi yuxarıda qeyd elədiyim ikinci amilə – müsabiqənin maksimum ədalətli keçiriləcəyi inamına bağlıydı. Elə bil, hamı intizar dolu həssaslıqla bir məqama göz qoyurdu: heç olmasa ədəbiyyat sahəsində halal seçim baş tutacaq, ya yox?..

Son nəticələrə münasibət birmənalı deyil, birmənalı ola da bilməz.

Birincisi, münsiflərin əsərləri hansı balla qiymətləndirdiklərini göstərən cədvəl açıqlanmayıb və deməli, bu tip layihələr üçün xüsusi önəm daşıyan şəffaflıq prinsipi yerini tutmayıb.

İkincisi, ümumiyyətlə, münsiflərin hansı kriteriyalar daxilində seçim elədikləri və əsərləri necə qiymətləndirdikləri bəlli deyil. Deyəsən, heç kriteriyaların özü də müəyyənləşməyib və beləliklə, 10 ballıq şkalaya yerləşdirilmiş “hər şey” münsiflərin ixtiyarına buraxılıb. Yəni münsif tamamilə azad qaydada, heç kəsə heç bir izahat vermədən, heç nəyi əsaslandırmadan, heç bir xüsusi meyarın tələblərinə məhəl qoymadan istəyər əsərə 10 bal verər, istəyər “0” bal…

İndi bir çoxlarını məhz sonuncu maraqlandırır – hansısa əsər “0” bal alıb, yoxsa yox…

Hərçənd Milli Kitab Mükafatının nizamnaməsində qiymət cədvəlinin nə çapı öhdəliyi var, nə də onun gizlədilib qorunması. Nizamnamənin 5.5-ci maddəsinə görə, “Münsiflər Heyətinin üzvləri ilə doldurulmuş bal vərəqələri mükafat katibliyində mükafat nəticələrinin elan olunmasından sonra bir il ərzində saxlanılır”.

Bir sözlə, bal vərəqələri katiblikdədir və onların çapında heç bir problem yoxdur.

***

Bir oxucu kimi mükafatın mərhələlərini diqqətlə izləmişəm, nəticələrin elanı olunduğu tədbirə də qatılmışdım, nəticələrlə bağlı getmiş açıqlamaları da oxumuşam. Nəticələrin ilk 3 yerlə bağlı “strukturunda” iki mübahisəli məqam daha çox diqqəti cəlb edir – birinci yer sahiblinin kimliyi, bir də üçüncü yerin iki yerə “sındırlması”…

Mənim təəssüratım daha çox Etimad Başkeçidin təəssüratıyla səsləşir. Etimad deyib: “Milli Kitab Mükafatının laureatlarını təbrik edirəm. Ancaq bu siyahı mənə daha çox konsensuns nəticəsində tərtib olunubmuş kimi gəldi. Yəni adamlar sanki birinci, ikinci və üçüncü yerlərə təyin olunublar. Seçim prinsipi və kriteriyaları barədə kifayət qədər aydın təsəvvür yaranmır. Şəxsən mənə Rafiq Tağı, Eyvaz Əlləzoğlu, Şərif Ağayar kimi yazarlardan heç birinin yer almaması bir qədər təəccüblü görünür”.

Bu fikirlərin əksini sübut eləyən tutarlı dəlilə, arqumentə rast gəlmədim. Əksinə, nəticələrin müəyyən tələblər daxilində ssenariləşdirildiyi, ən cavan yazarın, reperin bilərəkdən nəsr müsabiqəsində ən yüksək yerə qoyulduğu açıq-aşkar hiss olunur. Elə bil, kimsə təcili özünü çatdırıb, prosesə qoşulub və imkanı çatan qədər “məqsədəmüvafiq” şəkildə nizam yaradıb.

Bu nizamda bir balaca ironiya da duyulur… Bəlkə iştirakçılara, bəlkə yarışda yer tutanlara, bəlkə prosesə…

***

Milli Kitab Mükafatının təsis edilməsi məqsədi nizamnamədə belə ifadə olunub: “Mükafatın təsis edilməsi ilə bağlı məqsədlər cəmiyyətin diqqətinin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, Azərbaycan mədəniyyətinin zənginləşdirilməsinə yönəlmiş ədəbiyyat əsərlərinin müəlliflərinin axtarışı və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsindən ibarətdir”.

Məncə, cəmiyyətin diqqətini Azərbaycan ədəbiyyatına yönəltmək baxımından təşkilatçılar yetərli iş gördülər.

Sonda bir nüansa toxunmaq istəyirəm. Bu da vaxta münasibətdir. Nizamnaməyə görə, mükafat hər il mayın 1-dən gec olmayaraq elan olunmalıdır. Düz bir ay gecikdi. Bundan savayı, mükafatların elanına həsr olunan tədbir də 1 saat gec başladı. Niyə? İnanmıram ki, bu, yalnız Mədəniyyət Nazirliyi nümayəndəsinin tədbirə gəlişini gözləməklə əlaqədar idi.

Hamını gözləməyə və gözlətməyə çoxdan öyrəşmişik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO