Son 5 il ərzində Azərbaycanda 350 jurnalistə qarşı fiziki təzyiq və basqı halları olub

Demokratiya Hərəkatı çərçivəsində keçirilən Hakimiyyət-Vətəndaş Cəmiyyəti münasibətlərinin inkişafı mövzusunda 2 günlük Beynəlxalq Konfransda bu gün (11 dekabr) media ilə bağlı müzakirələr aparılıb. Media Hüququ İnstitutunun (MHİ) rəhbəri R.Hacılı il ərzində defamasiyaya görə 9 jurnalistə cinayət cəzasının verildiyini və onlardan ikisinin indi də həbsdə olduğunu qeyd etdi. Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycanda 350 jurnalistə qarşı fiziki təzyiq və basqı halları olub və yalnız üçünün araşdırılması aparılaraq müəyyən nəticələr əldə edilib, bir çox hallar isə ümumiyyətlə araşdırılmayıb. Son bir neçə ildə qanunvericiliyin inkişafı nəinki dayanıb, hətta geriyə atılan addımlara rast gəlinib. O, 2008-ci ildə media sahəsində qanunvericiliyə edilən bir sıra neqativ dəyişikliklər barədə məlumat verdi. R.Hacılı jurnalistlərin və medianın müdafiəsi ilə bağlı qanunvericilik təşəbbüslərini birlikdə, hamılıqla dəstəklənməsi, media ilə bağlı bütün işlərin məhkəmə müstəvisinə keçirilməsi fikirlərini tövsiyə kimi səsləndirdi.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov mediaya edilən dəyişikliklərdən sonra Mətbuat Şurasının icra hakimiyyəti orqanı kimi rəsmiləşdirildiyini və bu Şuraya qəzetləri bağlamaq üçün iddia qaldırmaq hüququnun verilməsini nonsens və absurd bir məsələ kimi qiymətləndirdi. Çap mediasının sıradan çıxarıldığını deyən Hüseynov elektron medianın, telekanalların və radioların fəaliyyətinin də ürəkaçan olmadığını dedi. O, telekanalların fəaliyyətini tənqid edərək telekanallarda balanslı, hərtərəfli və yerli ictimaiyyət üçün əhəmiyyət kəsb edən heç də bütün xəbərlərin təqdim edilmədiyini və bunun mövcud qanunvericiliyə zidd olduğunu qeyd etdi. Seçkiöncəsi təşviqat məsələsinə toxunan Hüseynov dövlət büdcəsindən maliyyələşən telekanalların hamısında pulsuz efir vaxtının ayrılmalı olduğunu söylədi. Hüseynovun sözlərinə görə, AzTV 2005-ci il seçkiləri öncəsi pulsuz efir vaxtı ayırsa da, sonrakı seçkilərdə bunun qarşısı alındı. Bu il keçiriləcək bələdiyyə seçkiləri öncəsi MSK-ya seçkiqabağı təşviqat üçün İTV-dən başqa heç bir telekanalın müraciət etmədiyini deyən Hüseynov, bu prosesin eyni mərkəzdən idarə olunduğunu bildirdi.
Hüseynov hüquqi şəxs qismində televiziya xidməti göstərən qurumun yaradılmasının asan olduğunu bildirsə də, Milli televiziya və Radio Şurası (MTRŞ) tərəfindən lisenziyaların alınması üçün müsabiqələr, tenderlərin elan edilmədiyini, tezliklər siyahısının açıqlanmadığını neqativ tendensiyalar kimi qiymətləndirilib. Azərbaycanda heç bir regional FM radionun olmaması, Sumqayıtda regional radionun açılması üçün müraciətlərdən imtina edilməsi də mənfi hallar kimi təqdim olunub.
“Azərbaycanda real iqtisadi şərait yoxdur ki, normal KİV açılsın, KİV-lərin iqtisadi dayaqlarının dağıdılması gizli şəkildə 1998-ci ildə dövlət siyasəti kimi elan olunub. Və burada əsas məqsəd bütün KİV-ləri hakimiyyətdən asılı vəziyyətə salmaq olub”. Bu sözləri çıxışı zamanı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi. Əliyevin sözlərinə görə, KİV-lərə reklam verən kompaniyalara təzyiqlər başlanıldı, kağızın qiyməti qaldırıldı, iqtisadi cəhətdən zəiflədilən lakin müəyyən qədər də müstəqil fəaliyyət göstərən qəzetlərə qarşı məhkəmə iddiaları qaldırıldı, həmin qəzetlərin jurnalistlərinə fiziki təzyiqlər başlanıldı. M.Əliyev bu il ərzində jurnalistlərə qarşı defamasiyaya görə işlərin azalmasını onunla əlaqələndirdi ki, artıq jurnalistlər əvvəlki kimi aktiv və araşdırmaçı fəaliyyət göstərmirlər. M.Əliyevin sözlərinə görə, Azərbaycan auditoriyası artıq yerli mətbuatın deyil, daha çox xarici mətbuatın təsiri altındadır ki, R. Mehdiyevin məlum məqaləsi də bu buna görə dərc edildi və geniş müzakirələr başlanıldı. Əliyev iqtisadi nöqteyi-nəzərdən medianın azad olmasının əhəmiyyətini qeyd edərək, buna nail olunacağı təqdirdə medianın hər bir cəhətdən azad olacağı qənaətində olduğunu dedi.
İREX-Azərbaycan təşkilatının nümayəndəsi Ələsgər Məmmədli 2008-ci ildə bir sıra qurumlara KİV-lərin bağlanması üçün bir sıra hüquq-mühafizə orqanlarına və Mətbuat Şurasına səlahiyyətin verilməsini geriyə atılmış addım kimi qiymətləndirdi. Ə.Məmmədli Mətbuata Yadım Fondunun formal bir xarakter daşıdığını və qəzetlərin asılılığını gücləndirmək üçün atılan addım kimi qeyd etdi.
Demokratiya və İnsan Haqları Resurs Mərkəzinin sədri Əsabəli Mustafayev keçirilən tədbirin yekunu olaraq müəyyən platforma ilə çıxış edəcək qurumun və həmin qurum çərçivəsində müxtəlif istiqamətlər üzrə işçi qrupların yaradılmasını təklif etdi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO