SOCAR-ın Batumidə yeni ofisi açılıb

Bu gün Batumidə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Şirkət rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Batumi portu yaxınlığında Bakı küçəsində tikilmiş yeni binada “SOCAR Energy Georgia” şirkətinin və onun strukturlarının ofisləri yerləşəcək. Tikintisinə 2012-ci ildə başlanılmış dördmərtəbəli binada 150 əməkdaşın çalışması üçün iş otaqları, texniki otaqlar, ayrıca lift və pilləkənlə təmin olunmuş 24 nəfərlik yeməkxana və mətbəx, habelə inzibati otaqlar və konfrans zalı yerləşir. Memar Rauf Xıdırov tərəfindən layihələndirilmiş binanın fasadı klassik, əsas elementləri isə neoklassik üslubda işlənib. Binaya mədəni irs statusu verilib. 1598 kvadratmetrlik torpaq sahəsində inşa edilmiş binanın və yardımçı tikililərin ümumi sahəsi 3383,51 kvadratmetrdir. Ofislər 1334,36 kvadratmetr sahəni əhatə edir.
Baş nazir İ.Qaribaşvili, SOCAR prezidenti R.Abdullayev və onları müşayiət edən şəxslər bina ilə tanış olmuş, şirkətin Gürcüstan nümayəndəliyinin kollektivini təbrik etmişlər. Qeyd olunub ki, SOCAR-ın Batumidə yeni ofisinin açılışı Azərbaycan və Gürcüstan arasında sürətlə inkişaf edən işgüzar əməkdaşlığın və tərəfdaşlığın daha bir nümunəsidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO