Senator: “Dağlıq Qarabağ separatçı rejim başçısının Fransaya səfəri ciddi diplomatik insidentdir “

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi – Dağlıq Qarabağ regionunda yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyanın bu il mayın 17-19-da Fransaya səfəri ilə əlaqədar Fransa Senatı nəzdində fəaliyyət göstərən Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyşart Fransanın dövlət qulluğu və desentralizasiya üzrə naziri Mari-Liz Lebranşü və Fransa xarici işlər naziri Loran Fabiusa etiraz məktubu ünvanlayıb. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
B.Saakyanın Fransaya səfərini ciddi diplomatik insident kimi qiymətləndirən senator A.Reyşart məktubunda qeyd edib ki, 20 ildən çoxdur Ermənistan Dağlıq Qarabağ regionu və daha 7 rayonu, yəni Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir.
Senator qeyd edib ki, beynəlxalq hüququn ciddi şəkildə pozulması ilə Dağlıq Qarabağ ərazisində müstəqillik və “dövlət institutları” yaradılmasını elan etməsi heç bir ölkə, hətta Ermənistan tərəfindən qəbul edilməyib.
Məktubda deyilir ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olmasını nəzərə alsaq, onun mövqeyi regionda diqqətlə izlənilir: “Məhz münaqişə tərəfləri arasında balansı qorumaq məqsədilə Prezident Fransua Olland bu il aprelin 24-də Yerevana səfər etdikdən dərhal sonra Bakıya səfər etdi”.
Məktubda Fransanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və erməni işğalına son qoyulmasını istədiyi xatırlanıb. Eyni zamanda, B.Saakyanın Fransaya səfəri və Fransa departamenti və şəhərləri ilə “dostluq və əməkdaşlıq xartiya”ları imzalamasının Fransa-Azərbaycan əlaqələrində ciddi problemlər yarada biləcəyi də vurğulanıb.
Senator məktubunda BMT Təhlükəsizlik Şurasının 2005-ci və 2010-cu illərdə münaqişəyə dair qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884) tələblərinin indiyə qədər yerinə yetirilmədiyini xatırladıb: “Hazırda Avropanın Krımın ilhaqı əleyhinə səfərbər olduğu bir vaxtda Azərbaycan torpaqları ilə bağlı eyni münasibəti gözləməyə haqqımız çatır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri qismində münaqişənin həllinə və Azərbaycanın ərazi bütövlüyünün bərpasına töhfə verməli və baş vermiş faktın beynəlxalq hüquqdan üstün tutulması mövqeyini dəstəkləməməlidir”.
Fransalı senator həmçinin qeyd edib ki, iki ölkə başçısının Fransa-Azərbaycan ikitərəfli əlaqələrin dərinləşdirilməsi və genişlənməsini dəstəklədiyi bir vaxtda əldə edilmiş balansı pozmaq səhv olardı.
Bununla əlaqədar olaraq, Fransa-Qafqaz dostluq qrupunun sədri qismində Senator A.Reyşart nazirlərdən bu hərəkətləri pisləməyə çağırıb və onların leqallığının yoxlanılmasını, həmçinin bu müraciətlə əlaqədar nazirlərin qəbul edəcəkləri tədbirlər barədə onu məlumatlandırmaqlarını istəyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO