Seçki marafonuna daha 15 jurnalist qoşulub

Onların arasında Mətbuat Şurasının “qara siyahısında” olan qəzetlərin əməkdaşları da var

Milli Məclisə keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən media mənsublarının sayı artmaqdadır. Modern.az-a Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, daha 15 nəfər KİV nümayəndəsi seçkilərdə özünü sınamaq qərarına gəlib. Yenə də sürpriz qəzetlər və adlar!

66 saylı Biləsuvar seçki dairəsi üzrə imza vərəqəsini “Dünya Kriminalı” adlı qəzetin baş redaktoru Əjdər Mehdiyev alıb. Bu şəxs bitərəf kimi seçkilərə qatılacaq. Xatırladaq ki, bu qəzet Mətbuat Şurasının “qara siyahısı”ndadır.

Naxçıvanda da media nümayəndəsi namizəd kimi irəli sürülüb. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə “Əlillər” qəzetinin müxbiri Mirağa Seyidov imza yığmaqla məşğuldur. Onun namizədliyi “Qarabağ” bloku tərəfindən irəli sürülüb.

25 saylı Nizami ikinci seçki dairəsi üzrə isə tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Abbasov (Arifoğlu) imzatoplama kampaniyasına qatılıb.

“Ayan” qəzetinin təsisçisi Cavid Şirəliyev 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyin verib və imza vərəqlərini alıb.

94 saylı Bərdə kənd seçki dairəsi üzrə Xəzər TV-nin müxbiri Pəri Ağayeva imza vərəqələrini götürüb.

102 saylı Samux –Şəmkir seçki dairəsi üzrə isə maraqlı adı olan qəzetin nümayəndəsi qeydə alınıb. Bu dairədə “Korrupsiya və Bəşəriyyət” (?) ictimai-siyasi qəzetinin Gəncə bölgəsi (?) üzrə müxbiri İradə Həsənova AMİP tərəfindən namizədliyini irəli sürüb. Bu gurultulu adı olan qəzetin müxbiri artıq imza yığmaqla məşğuldur.

125 saylı Zəngilan –Qubadlı seçki dairəsindən imza vərəqsi almış daha bir jurnlist “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Fərəcovdur (Ələsgər). Baş redaktorun namizədliyi “Demokratiya” bloku tərəfindən irəli sürülüb.

Daha bir jurnalistin namizədliyi “Demokratiya” blokundan irəli sürüb. “Fanat” İdman Agentliyinin baş redaktoru Əlisahib Əliyev 61 saylı Nefçala seçki dairəsi üzrə imza vərəqələrini alıb.

85 saylı Şamaxı seçki dairəsi üzrə isə “Novaya Vremya” qəzetinin direktoru Məzahir Məmmədov Müsavat partiyası tərəfindən namizəd kimi göstərilib.

86 saylı İsmayıllı seçki dairəsi üzrə isə “Real Press” qəzetinin baş redaktoru Raqif Əsgərov imza vərqələrini alıb.

113 saylı Şəki səhər seçki dairəsi üzrə “Qarabağ” bloku “İttiham”qəzetinin(?) bölgə müxbiri İdrak Nəcəfovun namizədliyini irəli sürüb. Jurnalist artıq imza yığmaqla məşğuldur.

122 saylı Xankəndi seçki dairəsi üzrə isə Moskvada nəş olunan “Azerbaycan i Zakonnost” qəzetinin baş redaktoru İntiqam Zeynalov imza vərəqələrini götürüb.

Həmin dairədən Nuridə Əliyeva publisist-jurnalist adı ilə imza vərəqələrini alıb.

Daha bir yazışı-jurnalist 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə imza vərəqəsi alıb. Asif Həsənli “Demokratiya” blokunun namizədidir.

28 saylı Sabunşu üçüncü seçki dairəsi üzrə imza vərəqəsi götürmüş Tahir Poladov isə seçkilərə müstəqil video-operator kimi qatılıb və imza yığmaqla məşğuldur.

Marafon davam edir…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO