SAMF-da QHT-media təmaslarına həsr olunmuş treninq keçirilib

Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə Qeyri-hökumət Təşkilatları – KİV münasibətlərinə həsr olunmuş treninq keçirilib.
Ölkədə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 8 qeyri-hökumət təşkilatının gənc üzvlərinin iştirakı ilə baş tutan tədbirdə əsasən bu institutların media qurumları ilə iş birliyi barədə müzakirələr aparılıb.
Vətəndaş cəmiyyətləri-media münasibətlərinə yeni baxış mövzusunda çıxış edən SAMF-ın icraçı direktoru Vüqar Tofiqli QHT-lərin fəaliyyətinin ictimaiyyətə çatdırılması üçün hər bir təşkilatda hazırlanan press-relizlərin önəmi barədə məlumat verdikdən sonra onların hazırlanma qaydası barədə treninq iştirakçılarını təfsilatı ilə məlumatlandırıb, press-relizlərin lakonik, lakin əhatəli yazılmalı olduğunun vacibliyini bildirib.
“Qarabağın səsi” qəzetinin redaktoru Qədir Nəsirov Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi mövzusunun qht-lərlə əlaqəli işıqlandırılması mövzusunda fikirlərini treninq iştirakçıları ilə bölüşüb, onları Qarabağ həqiqətlərinin işıqlandırılmasında passiv mövqedən uzaqlaşaraq fəal əməkdaşlığa dəvət edib.
QHT-media əlaqələrində əsas hədəflər mövzusu ilə müzakirələrə qatılan SAMF-ın layihə koordinatoru Nəzirməmməd Zöhrablı bu hədəflərin xüsusilə ölkədə yaradılmaqda olan vətəndaş cəmiyyəti barədə bilgiləri Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdan, media ilə intensiv əlaqələrdən QHT-lərin daha çox dividend əldə etməsindən, QHT-lərin bu yolla ölkədə aparılan islahatlara daha çox nüfuz edə bilməsindən ibarət olduğunu bildirib.
Treninqin sonunda QHT təmsilçilərinə ev tapşırığı verilib. Qərara alınıb ki, analoji treninqlər ayda bir dəfə olmaqla SAMF-ın ofisində davam etdirilsin.
SAMF
24.09.2012

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO