SAMF “İşğal muzeyi”nin yaradılmasını təklif edir

SAMF “İşğal muzeyi”nin yaradılmasını təklif edirSöz Azadlığını Müdafiə Fondu (SAMF) işğal altında qalan rayonlarımızın tarixi ilə bağlı eksponatların, habelə işğalla bağlı bütün məqamları özündə əks etdirən “İşğal muzeyi”nin yaradılması təklifilə çıxış edib. Bu məqsədlə fond mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə müraciət ünvanlayıb. Fond hesab edir ki, Azərbaycanda analoji muzeyin yaradılması vasitəsilə gələcək nəsillərə, cəmiyyətə, beynəlxalq ictimaiyyətə Qarabağ torpaqlarının işğalının vurduğu maddi və mənəvi ziyanlar barədə məlumatları daha geniş formada çatdırmaq olar. İşğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin işğaldan çıxarılmış eksponatların da sərgiləndiyi muzeydə onların mühafizəsi və qorunması mümkün olacaq. Yeri gəlmişkən qeyd edək ki, Litva, Gürcüstan və Moldovada bu tipli muzeylər fəaliyyətdədir.
Məlumat üçün bildirək ki, Fond bu istiqamətdə ilkin addım kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa çatdıraraq www.diyarshunasliq.az resursunu internet istifadəçilərinin ixtiyarına vermişdir.
Artıq SAMF layihənin davamı olaraq işğal ərazilərinə bitişik rayonların tarix-diyarşünaslıq muzeyləri barəsində məlumatların toplanılmasına start verib.
Söz Azadlığını Müdafiə Fondu
18.01.2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO