“Salam news”a təşəkkür, “Tarixi şəxsiyyətlər”ə xəbərdarlıq

Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya üç qəzet və bir jurnalla bağlı müraciətləri araşdıraraq müvafiq rəylər çıxarıb.

“Salam news”a təşəkkür, “Tarixi şəxsiyyətlər”ə xəbərdarlıq

Öncə “Salam news” İnformasiya Agentliyinin “Tarixi şəxsiyyətlər” jurnalı ilə bağlı müraciətinə baxılıb. Müraciətdə jurnalın bu ilin dekabr ayında işıq üzü görən xüsusi buraxılışında Azərbaycan xəritəsinin ciddi qüsurlarla təqdim edildiyinə diqqət yönəldilib. Orada torpaqlarımızın bir hissəsinin qonşu ölkələrin tərkibində verildiyi, erməni işğalı altında olan ərazilərimizdən nədənsə yalnız Dağlıq Qarabağın qara haşiyəyə alındığı göstərilib. Digər xəritədə isə qonşu ölkəyə məxsus xeyriyyə cəmiyyətinin həmin ərazilərdə də missiyasını həyata keçirdiyi təsəvvürü yaradılıb. Müraciət müəllifi bildirib ki, araşdırma zamanı tanınmış şəxslərin adlarının jurnalda elmi məsləhətçi kimi yazılmasından xəbəri olmadığı, onların buna razılıq vermədikləri də müəyyənləşdirilib.

Komissiya üzvləri çıxışlarında “Salam news”un bu müraciətinin fərdi yox, ictimai maraqdan qaynaqlandığını vuğulayaraq bunu vətəndaş təşəbbüsü kimi dəyərləndiriblər, informasiya agentliyinə təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, jurnalda Azərbaycanla bağlı faktların təhrif olunması, tarixi və siyasi yanlışlıqla müşahidə edilən xəritələrin nəşri, tanınmış alimlərin adlarının onların razılığı olmadan elmi məsləhətçi kimi verilməsi və digər məqamlar jurnalın fəaliyyətinin etik prinsiplərin tələblərinə sayğısızlığının əyani göstəricisidir. İclasda jurnalın baş redaktoru Xəlil Qarəhmədovun nəzərinə çatdırılıb ki, nəşrin sayları “Tarixi şəxsiyyətlər”in öz missiyasını yerinə yetirmədiyini göstərməkdədir. Jurnalın tarixi şəxsiyyətlər seçimində tələb olunan prinsiplər pozulub.

Baş redaktor komissiya üzvlərinin bütün irad və tövsiyələri ilə razılaşıb. O, eyni sayın qüsurlar aradan qaldırılmaqla təkrar dərc edildiyini söyləyib. Baş redaktor deyib ki, jurnal yol verilmiş nöqsanlara görə bütün Azərbaycan xalqından, oxuculardan üzr istəməyə hazırdır.

Komissiya məsələnin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq “Tarixi şəxsiyyətlər” jurnalına Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının olunması barədə rəy çıxarıb.

Reytinq” etik prinsipləri yenidən pozub

“Reytinq” qəzetinin bu ilki saylarında gedən iki material (“FHN-nin idarə rəisi dələduzluq edib?”, 19 sentyabr və “FHN-nin idarə rəisi vətəndaşların pulunu qaytarmır”, 31 oktyabr) Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin şikayətini doğurub. Şikayətçi yazılarda həqiqəti əks etdirməyən faktlara, böhtan xarakterli fikirlərə yer verildiyini, qarşı tərəfin mövqeyinin aydınlaşdırılmadığını bildirib. Mətbu nəşrin nümayəndəsi isə hər iki yazının oxucu məktubu əsasında dərc edildiyini, qəzetin 14 noyabr sayında təkzib xarakterli material verildiyini deyib.

Komissiya üzvləri belə qənaətə gəliblər ki, bu kütləvi informasiya vasitəsində təqdim olunmuş son yazı təkzib nümunəsi sayıla bilməz. Qəzet şikayət doğuran materialların təqdimatında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra tələblərinə sayğısız yanaşıb. “Reytinq” qarşı tərəfin mövqeyinə uyğun olaraq növbəti sayda şikayətçidən üzr istəməli, təkzib verməlidir. Bundan əlavə Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında mətbu nəşr barədə məsələnin müzakirəsi və müvafiq rəy hazırlanması da məntiqi sayılıb.

“Gündəm siyasət”ə xəbərdarlıq olundu

İclasda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Gündəm siyasət” qəzeti ilə bağlı müraciətinə də baxılıb.

Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, komitə və onun rəhbərliyi barədə nəşrin 26 oktyabr 2010-cu il tarixli sayında gedən materialda konkret ittihamlar, tənqidi fikirlər yer alsa da bunların təqdimatında balans prinsipinin tələbinə əməl edilməyib. Ona görə də qəzetə Mətbuat Şurasının xəbərdarlığının olunması barədə rəy çıxarılıb.

Şikayətlər üzrə Komissiya həmin komitənin Yardımlı rayon şöbəsinin “Proqress” qəzetdən şikayəti ilə bağlı tərəflər arasında anlaşma əldə olunduğunu nəzərə alaraq məsələni həllini tapmış hesab edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO