Rusiya və Fransa prezidentlərinin Cənubi Qafqaza səfəri: təəssüf ki, Qarabağla bağlı deyil

ATƏT-in Minsk qrupuna (bu qrup hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqların yeganə davamlı vasitəçisidir) həmsədrlik edən iki ölkənin – Fransa və Rusiyanın prezidentləri Cənubi Qafqaza səfər etməyə hazırlaşırlar. Əgər onlar səfərə gəlirsə, müşahidəçilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəsə gözləməyə haqqı var. Amma təəssüf ki, bu dəfə yox.

Əfsuslar olsun ki, Rusiya və Fransa prezidentləri Ermənistana 20 ildən çoxdur Azərbaycan torpaqlarını işğal edən təcavüzkar ölkə ilə danışıqlar üçün yox, 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı gedir. Ermənistan və erməni lobbisi iddia edir ki, Osmanlı dövləti 1915-ci ildə Anadoludakı ermənilərə qarşı guya “soyqırım” törədib.

İrəvanın bəyanatlarının doğru olub-olmadığı dəfələrlə müzakirə edilib və yazıda bu məsələnin üzərində qalmayacağıq.

Amma məsələ ondadır ki, hansı daha vacibdir – Azərbaycan və Ermənistan əsgərlərinin, dinc əhalinin ölümünün qarşısını almaq, yoxsa yüzillik keçmişə aid hadisələri şişirtmək.

Rusiya da, Fransa da başa düşür ki, Cənubi Qafqazda sabitlik həssas məsələdir. Vəziyyət hər dəqiqə dəyişə bilər, yetər ki, bir tərəf digərinin təxribatına cavab versin. Ötən il münaqişə hər iki tərəfdən onlarla gəncin həyatına son qoydu.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qanlı insidentlər silsiləsi Minsk qrupu həmsədrlərini özlərini göstərməyə və danışıqlar prosesini bərpa etmək üçün addımlar atmağa vadar etdi.

2014-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirdi. Bu görüşdən sonra bu təşəbbüsü başqa bir həmsədr ölkə – ABŞ təkrarladı.

Nyuportda keçirilən NATO sammiti çərçivəsində tərəfləri ABŞ dövlət katibi Con Kerri bir araya gətirdi.

Oktyabr ayında isə növbəti üçtərəfli görüş Yelisey sarayında Fransua Ollandın təşəbbüsü ilə baş tutdu.

Həmin görüşlər münaqişənin nizamlanmasında əsaslı bir dönüşə gətirib çıxarmasa da, dünyanın böyük dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinə diqqətini müsbət tendensiya saymaq olar.

Lakin bununla da ATƏT-in Minsk qrupu ölkələrinin fəallığı tükəndi. Ollandın regiona hazırkı səfəri və onun Putinlə İrəvandakı görüşü zamanı Dağlıq Qarabağ münaqişəsində tərəflərin yaxınlaşması ilə bağlı bir addım atılması heç də indandırıcı görünmür.

Dinc nizamlanmada protokol çağırışları ilə kifayətlənmək, bununla da öz vasitəçi missiyasını bitmiş hesab etmək daha asandır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO