Rusiya mətbuatı Medvedevin Bakı səfərindən nə yazır?

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib. RF dövlət başçısı bu gün Bakıda rəsmi görüşlərə başlayacaq. Modern.az xəbər verir ki, Medvedevin Ermənistandan sonra Azərbaycana reallaşdırdığı bu səfər Rusiya mətbuatında geniş şərh olunmaqdadır. Medvedevin Bakı səfəri Moskvada bir neçə aspektdən təhlil olunur.

“Medvedev Azərbaycana izahat verəcək”

Rusiyann “qazeta.ru” saytı yazır ki, Medvedevin Bakıya səfəri gedişində başlıca müzakirə mövzularından biri Rusiyanın Ermənistanla hərbi əlaqələrinin gücləndirməsinin Azərbaycanda yaratdığı narahatlıq olacaq. Medvedev Rusiya-Ermənistan hərbi müqaviləsi ilə bağlı rəsmi Bakının narahatlığını aradan qaldırmağa səy göstərəcək. Səfər gedişində dövlət sərhədlərinə dair saziş imzalanacaq.

RF prezidentinin köməkçisi Sergey Prixodkonun sözlərinə görə, dövlət sərhədi haqqında müqavilə Xəzərə qədər Rusiya, Azərbaycan və Gürücstanın dövlət sərhəd xətlərinin təmas xətlərinin möhkəmləndirilməsinə xidmət edir. Prixodko qeyd edib ki, Azərbaycan Rusiya ilə bu cür müqavilə imzalayan ilk ölkədir. “Bu sənəd ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı üçün başlıca xarakter daşıyır. Bu sənəd Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmlənməsində real töhfə verir”,-deyə Prixodko bildirib.

MDB ölkələri institutunun direktor müavini Vladimir Jirixin qeyd edir ki, bu sənəd olduqca vacibdir, belə ki dövlət sərhədini Azərbaycan və Dağıstanda yaşayan ləzgiləri ayırır. “Dövlət sərhədi haqqında müqavilə Azərbaycan üçün sabitlik qarantıdır”,-deyə Jirixin bildirib Rusiya mətbuatı yazır ki, Medvedev Əliyevlə İranla əməkdaşlıq məsələlərini də diqqətdə saxlayacaqlar. “İranla əməkdaşlıq məsələlərinin də diqqətdə olması istisna olunmur. Bu ölkələr qonşudurlar və regionda baş verənlər bütün tərəfləri dərindən düşündürür”,-deyə Prixodko bildirib. Politoloq Aleksey Vlasovun sözlərinə görə, “Medvedev və Əliyevə bu problemə dinc yanaşmanın zərurilyini Vaşinqton qarşısında nümayiş etdirmək lazım gələcək”.

Moskvadakı mənbə Medvedevin səfərində Rusiya – Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin diqqətdə olacağını təsdiq etsə də bu barədə hər hansı konkret bilgi verməyib. Jirixin isə hesab edir ki, Azərbaycan ordusu Rusiya hərbi texnikası və silahı ilə komplektləşdirilib. Buna görə də həm Rusiya silahının Azərbaycana verilməsi, həm də Azərbaycan ordusundakı rus hərbi texnikasının təmirindən söhbət gedə bilər. Aleksey Vlasov hesab edir ki, Medvedevin Bakı səfərində Azərbaycana silah satışı gündəmə gələcək.

Moskvada qeyd edirlər ki, Medvedev-Əliyev görüşündə əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiyalı politoloqlar hesab edir ki, münaqişənin nizama salınması istiqamətində az da olsa irəliləyişlər qeydə alınıb. Bu irəliləyiş prosesin siyasi məcrada davam etdirilməsinə imkan verir. Rusiyanın Ermənistanla bağladığı hərbi müqavilə də Bakıda diqqət mərkəzində olacaq. Kremldə Azərbaycanın sözügedən hərbi müqavilədən narahatlıq keçirməsinə şübhə ilə yanaşırlar.

“Biz heç də demirik ki, azərbaycanlılara qarşı erməniləri müdafiə edəcəyik. Azərbaycanda bu məsələyə münasibət fərqlidir. Vəziyyətdən baş çıxaran insanlar bu məsələdən o qədər də narahatlıq keçirmir, müxalifət partiyalarının fikirlərinə gəldikdə isə.. biz buna sakit yanaşırıq”,-deyə Moskvadakı mənbə bildirib.

“Qazeta.ru” saytı yazır ki, Rusiya nümayəndə heyəti Bakıda Ermənistanla imzalanmış hərbi müqavilə mövzusunu qaldırmaq niyyətində deyil, lakin Azərbaycan tərəfin bu məsələni qaldırmasına da hazırdır.

Ekspertlər qeyd edir ki, Medvedev-Əliyev görüşündən Qarabağ münaqişəsinin nizama salınması istiqamətində hər hansı irəliləyişə ümid etməyə dəyməz. Jirixin qeyd edir ki, prezidentlərin görüşündə Qarabağ başlıca müzakirə mövzularından olacaq. Onun sözlərinə görə, “Medvedev hər iki tərəfdən qəbul olunan vasitəçidir və mən hesab etmirəm ki, biz danışıqların nəticələrini öyrənə biləcəyik”.
Politoloq Aleksey Vlasov da eyni fikirdədir. “Bir neçə görüşlə problemi həll etmək olmaz, hansısa irəliləyişləri yaxın vaxtlarda gözləməyə dəyməz. Məsələn, Azərbaycan son anda hərbi güc tətbiq olunmayacağını rəsmən elan edə, Ermənistan isə Qarabağ ətrafındakı torpaqları qaytara bilər”.

“Medvedev Azərbaycana qaz üçün gedib”

Rusiyanın xəbər agentlikləri Medvedevin Bakıya Azərbaycan qazı üçün səfər etdiyini yazır. Qeyd olunur ki, ikitərəfli əməkdaşlıq məsələlərinin və Qafqazdakı vəziyyətin müzakirəsindən sonra Azərbaycandan Rusiyaya ixrac olunan qazın həcminin artırılması barədə saziş imzalanacaq.

“İnterfaks” agentliyi Rusiya prezidentinin köməkçisi Sergey Prixodkoya istinadən xəbər verir ki, Medvedev – Əliyev görüşündə ikitərəfli iqtisadi-ticari əməkdaşlıq, Xəzərdə beynəlxalq əməkdaşlıq və İranla əməkdaşlıq məsələləri müzakirə olunacaq. Prezidentlərin təkbətək görüşündən sonra tərəflərin iştirakı ilə geniş tərkibli iclasda dövlət sərhədi haqqında sazişin imzalanması gözlənilir. “İnterfaks” qeyd edir ki, görüşdə Azərbaycandan Rusiyaya qazın həcminin artırlması barədə saziş imzalanacaq. Agentlik qeyd edir kit, Rusiya Azərbaycana iki ədəd S-300 (ZPK) PMU-2 “Favorit” zenit-raket kompleks diviziyası verəcək. Müqavilənin dəyəri 300 milyon dollardır. Bu, postsovet respublikalarının tarixində Rusiyanın satmış olduğu ən bahalı hərbi texnika hesab olunur. RF üçün Azərbaycan qazı baha başa gəlir. “Qazprom” Azərbaycan qazının hər min kub metri üçün 244,5 dollar ödəyir. “Qazpom” Azərbaycandan ildə 0,5 milyard kub metr qaz alır. Azərbaycan qazının Nabukko ilə Avropa bazarlarına nəqlinin qarşısını almaq məqsədilə Rusiya monopolisti Azərbaycanda hasil olunan bütün artıq qazı almaq niyyətindədir.

Moskvada nəşr olunan ingilisdilli “The Moscow Times” jurnalı yazır ki, Medvedevin Bakı səfərinin gündəliyi çox sıxdır. RF prezidenti diqqəti SSRİ dönəmindən qalma problemlərin həllinə yönəldəcək. Ayrıca olaraq Ermənistanla bağlanan hərbi sazişə görə Medvedevin Bakıda kəskin tənqid olunması da gözlənilir.
Jurnal yazır ki, Medvedevin səfərində başlıca mövzulardan biri energetika olacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO