Rüstəm İbrahimbəyov Milli Kitab mükafatının 10-luğa düşmüş əsərləri müqayisədə qiymətləndirdi

Milli Kitab Mükafatı müsabiqəsinin münsiflər heyətinin üzvü, yazıçı Rüstəm İbrahimbəyov 10-luğa düşən əsərlər haqda təəssüratlarını “Media forum” saytı ilə bölüşüb.

Müsabiqənin üç qalibi münsiflərin qərarı ilə müəyyənləşəcək. Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Rüstəm İbrahimbəyov:

– Çox xırdalığa getmək istəmirəm. Qısaca qeyd edim ki, əsərlər yaxşı təsir bağışladı. 10-luğa daxil olan yazılar müxtəlif formalı əsərlərdir. Romanlar, hekayə topluları var. Rus dilində yazılmış əsər də var idi. Əsərləri dil, məzmun, fikir baxımından səviyyəli əsərlər hesab etmək olar.

Ədəbi prosesi o qədər dəqiq izləməsəm də, müqayisə əsasında müəyyən fikirlər söyləmək mümkündür. Tutalım, Əkrəm Əylisli, Anar, Mövlud Süleymanlı və başqaları olan yerdə Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğuna düşmüş əsərlərə 4-lə 3-ün arasında qiymət vermək olar. Ancaq ümumilikdə 10-luğa düşən əsərlər keyfiyyətli əsərlərdir. Belə müsabiqələr həmişə keçirilməlidir. Müsabiqələr ədəbiyyatın inkişafını sürətləndirir, eyni zamanda yeni yazarların, ədəbi nümunələrin ortaya çıxmasına şərait yaradır.

“Əli və Nino” Nəşrlər Evinin “Azercell”, “Azərsun” və “Qarant Sığorta” şirkətlərinin dəstəyi ilə keçirdiyi Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğu belədir:

Şərif Ağayar: “Kərpickəsən kişinin dastanı” (povest)
Əlabbas: “Qiyamçı” (roman)
Nəriman Əbdülrəhmanlı: “Yalqız” (roman)
Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)
Eyvaz Əlləzoğlu: “Odunçu geri qayıdır” (roman)
Elxan Qaraqan: “A” (roman)
Kamran Nəzirli: Hekayələr toplusu
Əjdər Ol: Portret hekayələr
Rafiq Tağı: Hekayələr toplusu
Fəxri Uğurlu: Hekayələr toplusu.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO