Rəsmi dövlət qəzeti “Azəriqaz ” ın dövləti pis vəziyyətdə qoyduğunu yazdı

Ölkənin rəsmi dövlət qəzeti “Azərbaycan” son illər Bakıda tikilib istifadəyə verilmiş çoxmərtəbəli binaların qaz, daha doğrusu, qazsızlıq problemi haqda geniş yazı dərc edib.

“Hamını bəzər, özü lüt gəzər” başlıqlı yazıda deyilir ki, neçə ildir bu problemi həll etmək istəyən tapılmır: “Sanki ölkəmizə gəlib-gedən qonaqlara inkişafımızın əyani sübutu kimi şəstlə göstərdiyimiz, statistikaya fəxrlə saldığımız bu binalar bir ilğım, orada yaşayanlarsa Azərbaycana dəxli olmayan hansısa canlılardır. Yoxsa ilin-günün bu vaxtında, hər il milyonlarla kubmetr qaz hasil edən dövlətin paytaxtında qazsızlıq problemini başqa hara yozasan. Bilirik ki, burada dövlətlik bir iş yoxdur. Bunun üçün hökumət və onun müvafiq qurumları var. Məhz onlar məsələnin həlli yollarını araşdırmalı və tədbirlər görməlidirlər. Amma gəlin görək onlar bunu necə edirlər və ümumiyyətlə, edirlərmi?

Problemlə bağlı ilk müraciət etdiyimiz “Azəriqaz” İstehsalat Birliyi oldu. Yeri gəlmişkən, bu qurum Dövlət Neft Şirkətinin tabeliynə veriləndən sonra çoxları sevindi ki, nəhayət, köhnə problemə yeni yanaşma olacaq və problem həll ediləcək. Təəssüf ki, hələlik sevinməyə əsas yoxdur! Birliyin mətbuat xidmətinin verdiyi şifahi arayışdan məlum oldu ki, “Azəriqaz” paytaxtda yüzlərlə yeni hündürmərtəbəli yaşayış binalarının qazlaşdırılmamasının səbəbini əvvəlkitək kənarda görür. Arqument də köhnədir – binalar dövlət komissiyası tərəfindən qəbul edilməyib və onların smartkartla işləyən sayğacları yoxdur. “Əks halda, həmin binalara qaz verilməyəcək” – bu, “Azəriqaz”ın birmənalı və qəti mövqeyidir.

Nə demək olar, qanun qanundur. Bəs, onda müvafiq dövlət komissiyası bu barədə nə fikirləşir? Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən komissiyasından bildirdilər ki, müraciət edən tikinti şirkətlərinin sənədləri və binaların keyfiyyəti yoxlanıldıqdan sonra onlara müvafiq akt verilir. “Əgər sənədlər qaydasındadırsa, binanın keyfiyyəti tələblərə cavab verirsə, problem yoxdur” – bu da dövlət komissiyasının mövqeyi.

Daha nə problem var, tikinti şirkətləri məsələnin həllini niyə yubadırlar? Bax burada, necə deyərlər, “Qəribi ağlamaq tutur”. Elə “ağlamaq” ki, hamı onun səbəbini bilsə də, çarəsini qıla bilmir! İndi necə olsun, bu çarə qılınanacan minlərlə sakin qışda soyuqdan əsməlidirmi, ilboyu kürəyində propan qaz balonu daşımalıdırmı, yaxud ailə büdcəsinin yarıdan çoxunu elektrik enerjisinə verməlidirmi?

Deyirlər, həlli mümkün olmayan problem yoxdur, onu həll etmək istəməyənlər var! Sözügedən məsələdə də belədir! Necə olur ki, “Azəriqaz” İB heç bir icazəsi, sənədi olmayan, hətta bəzi hallarda neft buruqlarının arasında, yüksək gərginlikli enerji ötürücü xətlərinin altında və boru kəmərlərinin üstündə tikilən evlərə, salınan məhəllələrə qaz verir, Bakının mərkəzində və digər yaşayış massivlərində inşa olunmuş, neçə illərdir məskunlaşmış yeni binalara gəldikdə isə yadına dövlət aktı, smartkart sayğacı düşür? Yaxşı, bu bir parça kağız vacibdirsə (baxmayaraq ki, vətəndaşların qanuni haqqı, rahatlığı ondan daha vacibdir), onda həmin binaların elektrik enerjisi, su, kanalizasiya ilə təchizatına nə deyirsiniz? Belə çıxır ki, onlar bu xidmətdən qanunsuz istifadə edirlər? Sözsüz ki, yox! Əks halda indiyəcən onlar çoxdan cəzalandırılmışdı. Sadəcə, bu xidmətləri göstərən qurumlar vəzifələrinin nədən ibarət olduğunu daha yaxşı bilirlər. Belə olmasaydı, onlar da hansısa sənədi, lap elə dövlət aktını bəhanə gətirib yeni binalara xidmət etməkdən boyun qaçırardı. Deməli, problemi həll etməyi istəmək lazımdır ki, bu da “Azəriqaz”da hələlik hiss olunmur”.

Daha sonra yazıda bildirilir ki, bu istəyin hiss edilmədiyi qurumlardan biri də problemin əsas düyün nöqtəsi olan Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki dövlət komissiyasıdır: “Biz bilmirik, komissiyanın adı gələndə tikinti şirkəti sahiblərinin halı niyə dəyişir. Bunun səbəbinin komissiyanın ağır “şərt”ləri və ya şirkətlərin tikdikləri binaların yoxlamadan keçə bilməyəcəyi qorxusu olmasından da xəbərimiz yoxdur. Bütün hallarda ortada bu istək görünmür. Görünsəydi, tərəflərin hər üçü (tikinti şirkətləri, dövlət komissiyası və “Azəriqaz” İB) problemə korporativ maraqlarından deyil, bu gün ölkədə həyata keçirilən sosial siyasət baxımından yanaşardılar. Nə qədər ki, bu yanaşma yoxdur, problemin həllinin ən müxtəlif bəhanələrlə uzadılacağı ehtimalı çoxdur. Belə halda isə məsələyə hökumət səviyyəsində müdaxilə olunmalıdır. Yoxsa, enerji təhlükəsizliyinin təmin edildiyi, Azərbaycan qazının nəinki ölkəmizin, hətta qonşu Gürcüstanın ucqar kəndlərinə gedib çatdığı indiki zamanda Bakıda minlərlə sakinin mavi yanacaqsız qalmasını başa düşmək və izah etmək müşkül olaraq qalacaq”.

“Azərbaycan” qəzetinin iqtisadiyyat şöbəsinin redaktoru Raqif Məmmədovun qələmə aldığı “Hamını bəzər, özü lüt gəzər” yazısında havalar soyuyan kimi istər rayonlarda olsun, istərsə də paytaxtın bir çox ərazilərində qazın təzyiqinin aşağı düşməsi, kəndlərə mavi yanacaq aparacaq boruların çəkilişinin xərcinin imkansız bələdiyyələrin, yaxud əhalinin boynuna qoyulması kimi problemlərə də toxunulur. Ancaq qeyd olunur ki, bunlar, istək olarsa, həll ediləsidir, həlli düyünə düşmüş problemsə Bakıdakı çoxmərtəbəli binaların qazsızlıq problemidir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO