Rəhbərsiz Televiziya – ANTV

Köşə yazarı Şahvələd Çobanoğlu və ANTV-online internet televiziyası Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatına layiq görülüblər. Geniş ictimaiyyət köşə yazarı Şahvələd Çobanoğlunu uzun illərdir tanısa da, cavanların yönəltdiyi ANTV haqda bunu demək çətindir. “Media forum” saytı internetdə yaydığı videogörüntüləri ilə diqqət mərkəzinə gəlmiş ANTV-ni bir qədər ətraflı təqdim edir.

ANTV – Cənubi Qafqazda vətəndaş jurnalistikası layihəsidir. Azərbaycanda bəzi gənclər onu “yeni nəslin mediası” adlandırır. İlk dəfə 2007-ci ilin aprelində “Alumny Network” (AN) gənclər şəbəkəsinin qurucularından olan bloqçu Emin Milli “Youtube” internet şəbəkəsində videoyazı yerləşdirərək ANTV-nin efirə çıxdığını elan edir və ölkədə ilk mobil TV kanalının yarandığını bildirir. Bu ideya Azərbaycanda və Avropada müəyyən dəstək qazanır. Gənclər ANTV üçün verilişlər hazırlamağa başlayır. 2007-ci ilin avqustunda Londonda toplaşan azərbaycanlı gənclər “ANTV London” yaradır.

ANTV-nin internet saytı bu ideya ətrafına gənclər şəbəkəsi toplayaraq layihə formasında idarə edilir. Bu layihənin nə rəhbəri, nə də koordinatoru var. Bu, azərbaycanlılardan ibarət gənclər şəbəkəsinin qurduğu və həmin şəbəkəyə xidmət edən, getdikcə genişlənən alternativ mediadır.. Hər kəs hətta mobil telefonun kamerasından istifadə etməklə reportaj və ya film hazırlayıb ANTV-nin jurnalistinə çevrilə bilər.

ANTV özünü belə təqdim edir: “ İnternetin inkişafı hər bir vətəndaşın məlumatı axtarmaq və yaymaq imkanlarını artırır, hadisələrin təhlilini asanlaşdırır. Əksər hallarda dünya bizə qapalı qrupların, peşəkar jurnalistlərin süzgəcindən keçirilmiş mövzular, xəbərlər və baxışlar şəklində təqdim olunur. Rəsmi və peşəkar ünsiyyət natamam, iştiraksız və duyğusuz olur. Vətəndaş jurnalistikası birbaşa, iştiraklı və səmimi məlumatlaşma imkanı yaradır. Məlumat azadlığı hər kəsin azadlığıdır! Hər kəsin deməyə nəyisə var”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO