“Reket jurnalistika “nın əsas silahı – əxlaqsız qadınlar…

Azərbaycan mətbuatında çox ağır məsələdir bu mövzuya toxunmaq. Son günlər mətbuatımızı xərçəng kimi bürüyən, qələm əhli olan hər kəsi hörmətdən salan, mətbuatı, dördüncü hakimiyyətdən daha çox, onun-bunun qapısına düşüb, sözlə ifadə edilməsi mümkün olmayan bir rəzalətlə pul dilənən dilənçi obrazında cəmiyyətə tanıdan “reket jurnalistika” əməlli-başlı tüğyan edir.

Heç latın əlifbası ilə ata-anasının adını düz-əməlli yaza bilməyən, ərdən boşanaraq özünü “jurnalist” elan edən əxlaqsız qadınlardan tutmuş, elementar media savadı olmayan, iki kəlmə sözü bir-birinə calaya bilməyən bir para bığıburma “kişilərə” qədər bir çoxları, ölmüş aslan cəsədinə daraşan qurd-quş kimi, yaman daraşıblar mətbuatın canına.

Nəinki ayda heç ildə bir-iki dəfə işıq üzü görməyən, səhifələri hansısa bir “jek” müdirinə, xırda alverçiyə yaltaqlıq və ilan-qurbağa “yazılarla” dolu olan bir çox “qəzetlər” pulla jurnalist vəsiqələri satır, əxlaqsız qadınları, şərəfsizlikdə və əqidəsizlikdə onlardan qətiyyən geri qalmayan “kişiləri” “pullu obyektlərə” göndərir, bununla da azacıq da olsa səhv işləri olan xırda-para məmurlara “tilov atırlar”.

“Reket jurnalistika”nın əsas “silahı”, heç şübhəsiz, əxlaqsız qadınlardır. Müxtəlif pullu şəxslərin qapısında əzilib-büzülərək onlara öz “xidmətlərini” təklif edən bu ləçərlər, bu variant baş tutmayanda, yəni çiyrənmiş əndamları həmin adamların xoşuna gəlməyəndə başlayırlar şantaj yolunu tutmağa. Maraqlıdır, Azərbaycan mətbuatının “reket jurnalistika” fəlakətinə yuvarlanmağının kökündə nə dayanır?

Medianın bu problemlə qarşılaşmasında ilk əvvəl mətbuatın cəmiyyətdəki təsir qüvvəsinin azlığı, yaradıcılıq bir yana, heç əli qələm tutub düz-əməlli yazı yaza bilməyən adamların vəsiqə əldə edib “reket jurnalistika” yolu ilə pul qazanmaq üçün mətbuata axın etməsi, medianın maliyyə vəziyyətinin acınacaqlı durumda olması, mətbuatda reklam rəqabəti əvəzinə başqa prinsiplərin əsas götürülməsi, ən əsası isə jurnalistlərə verilən qonarar və maaşların birlikdə 250-300 manat civarından yüksək olmaması ilə bağlıdır. İndi Azərbaycan mediasında jurnalistlərinə 400-500 manat məvacib verən KİV-ləri, xüsusilə qəzet nəşrlərini sözün əsl mənasında barmaqla saymaq olar. Ayda minimum yaşayış səbətinə belə yaxın olmayan, bazar qiymətləri ilə heç iki həftə yaşamağa yetməyən məvacib alan jurnalistdən cəmiyyəti silkələyə biləcək güclü yazılar, yaradıcı jurnalistika və fikir gözləməyin özü də gülünc gözləntidir.

Təsəvvür edin ki, güclü intellektual savada və jurnalistika qabiliyyətinə sahib olan bir jurnalist, ayda 250-300 manat məvacib alıb evini, ailəsinin ehtiyaclarını güclə dolandıracaq, o biri yanda isə iki kəlməni bir-birinin ardınca calayıb cümlə qura bilməyən “reket jurnalist”, ən son “Xammer”lərdə, “Cip”lərdə gəzir, ailəsinə lüks həyat yaşadır. Bu ədalətlidirmi?

Deməli, potensial savada və yaradıcılıq qabiliyyətinə sahib jurnalist olmaqdansa, “taxtabaş”, düz-əməlli cümlə qura bilməyən “reket jurnalist” olub yaxşı pul qazanmaq daha real çıxış yolu kimi görünür bu gün.

Axı axşam evinə gedəndə övladına güclü jurnalist olduğunu deyib qarnını sözlə doydurası deyilsən ki?

“Reket jurnalistika”nın çiçəklənməsində əsas faktorlardan biri də çirkli “işlərlə” məşğul olan bəzi xırda-para məmurlardır. İşinin öhdəsində gələ bilməyən, nöqsanlarla dolu “fəaliyyət” sahibi olan bu adamlar cibinə vəsiqə qoyub “kliyent” axtaran “xanım jurnalistlər” üçün əsl “yem” sayılır. Bu adamlar quzğun kimi onların başının üstünü kəsən “reket müxbirlər”dən canını qurtarmaq və hər şeyi “yerindəcə ört-basdır” etmək üçün, mövcud nöqsanların yuxarılara qədər gedib çıxmaması üçün onlarla istənilən məbləğdə razılığa gəlir. Bundan sonra hansı “reket jurnalist” belə “kliyentdən” qaçar? Daha sərt tədbirlər görülməsə, Azərbaycan mediasını “reket jurnalistika” taun epidemiyası kimi ağuşuna alacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO