Rauf bəyin pessimizmi


“Media forum” saytı mərhum jurnalist Məmməd Nazimoğlunun müxtəlif illərdə qələmə aldığı yazılarını təqdim edir.

Məmməd Nazimoğlu 1959-cu il sentyabrın 28-i Ağdaşda doğulub. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından, “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. 2008-ci il iyulun 6-da vəfat edib.

YAP-ın açıq müşavirəsində ölkə başçısının 2003-cü ildən sonra da prezident seçilmək arzusunda bulunması, deyəsən, ictimai rəydə daha çox zarafat tonu yaradıb. Amma siyasətdə nə zarafat? “Yeni Müsavat” qəzetinin 9 sentyabr sayında Rauf Arifoğlunun köşəsini qiraətdən sonra əski aforizmi bir də təkrarladım: doğrudan, siyasətdə nə zarafat?

Rauf bəy az qala yana-yana yazır: “Prosesi təsəvvür edirsinizmi? Heydər Əliyev indən belə də doqquz il hakimiyyətdə qalır və biz saçımız-saqqalımız ağaranadək “Bu iqtidar getməlidir” kimi başlıqlarla tənqidi məqalələr yazırıq. Qocalıb heydən düşmüş müxalifət liderlərinin bəziləri “Yeni Müsavat”ı öyməkdə, o biriləri isə “bu qəzet yalan yazıb, həmişə xalqı çaşdırır” deyə ünvanımıza söyməkdə…”

Yox, Rauf bəy anektod söyləmir. O, siyasət qazanının dibinə bələd olan jurnalistlərdəndi. Müxalifət daxilində hansı proseslərin getdiyini gözəlcə anlayır. Mən bu qənaətdəyəm ki, o, hazırkı müxalifətin nəyə qadir olduğunu da çoxdan hesablayıb özü üçün nəticə çıxarıb. İl yarımdan bəri müxalifəti bir araya gətirmək iddiasında bulunan baş yazarın, necə deyərlər, “sınıb qol-qanadı yanına düşüb”.

Mən yüz faizlik əminliklə deyə bilərəm ki, artıq Rauf bəy də mən düşünəni düşünür: bu müxalifət iqtidara sərf edir. Yeni ideyalardan, mübarizə metodlarından məhrum olan müxalifət 1990-cı illərin əvvələrində olduğu kimi, indi də özünün “demokrat” olması ilə fəxr edir və ona elə gəlir ki, bu cür fəxarət biçimində görsəniş xalqa da xoş gəlir.

Söhbət kimdəsə radikal əhval-ruhiyyə doğurmaqdan getmir. İndi müxalifət mühasibat balansı kimi çox aydın şəkildə öz fəaliyyətini əks etdirir. İndi sayı-hesabı bilinməyən partiyalar klassik anlamda qəbul edilmiş hakimiyyət davası yox, onsuz da faciələr içində inləyən milləti parçalamaq savaşı aparırlar. Kürəyinə rüşvət və korrupsiya bıçağı saplanmış binəva xalq susqunluqla Azərbaycan firqələrinin regionçuluq uğrunda mübarizəsinə tamaşa edir. Guya “sosial bazalarını” genişləndirmək istəyən liderlər bu yolda hətta şeytanla da sazişə girməyə hazırdılar. İkisinin sözü biri-biriylə düz gəlməyən partiyaların sabah hansısa ümummilli məsələdə bir araya gələcəklərinə inam və ümid get-gedə öləziməkdədi.

Gecə-gündüz iqtidarı yamanlayan bəzi partiyaların tez-tələsik qeydiyyatdan keçirilməsi indi tam aydınlığı ilə üzə çıxır. İqtidar bəzi məsələləri çox düzgün hesablaya bilib: bu gün onu suçlayanlar sabah biri-birinə böhtan atacaq, “sandıq açıb, pambıq tökəcəklər”. Nəticələri indidən bəlli olan bələdiyyə seçkilərinə “toy-düyünlə” hazırlaşan müxalifətin hələ də fövqəladə bir təsadüfə ümid etməsi isə artıq siyasi fəaliyyətdən çox qeyri-əxlaqi məziyyət daşımaqdadı.

Bu mənada Rauf bəyin pessimizmində həyati məntiq var. Artıq ona və hamıya məlumdu ki, jurnalistlər olmasa, siyasətçilər qara qəpiyə dəyməzlər. Zira, rejimlə mübarizəni onlar yox, mass-media aparır. Və günlərin birində “Yeni Müsavat”ın baş yazarı “Bu müxalifət getməlidir” başlıqlı köşə ilə çıxış etsə, mən heç təəccüblənməyəcəyəm.

Sentyabr 1999-cu il

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO