İran səfirliyi jurnalistlərdən viza tələb etməsinin səbəbini açıqladı

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Əli Namudar “Media forum” saytına açıqlamasında bu ölkəyə şəxsi məqsədlə – müalicəyə, gəzməyə gedəcək jurnalistlərdən viza tələb olunmayacağını bildirib: “Yalnız işlə bağlı gedəcək jurnalistlər viza almalıdır. Bu qayda jurnalistlərin İranda sərbəst fəaliyyətinə şərait yaratmaq, rəsmi dövlət qurumlarının, hökumət təşkilatlarının təmsilçiləri ilə asan təmas qurması üçündür”.

Rəsmi Tehranın Azərbaycan vətəndaşlarının İrana vizasız gediş-gəlişi haqda qərarı fevralın 1-dən qüvvəyə minib. İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvinin jurnalistlərə şamil olunmayacağını fevralın 1-də Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib.

Qaydanı “Turan”a şərh edən hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, İran hakimiyyəti ölkədəki real vəziyyət haqda xəbərlərin xaricdə yayılmasından ehtiyatlanır: “Bu məhdudiyyətlər beynəlxalq hüquqa ziddir və nadir hallarda baş verir”.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da bu fikirdədir: “İran mətbuatın hüquqlarını və söz azadlığını məhdudlaşdıran ölkə kimi tanınır. Aydındır ki, bu məhdudiyyət Tehranın siyasətinin tərkib hissəsidir. Bu yaxınlarda ölkədə baş verən hadisələr mətbuatın rolunu və əhəmiyyətini göstərdi. Bir çox beynəlxalq konvensiya və müqavilənin iştirakçısı olmayan İran informasiya ötürülməsinin və əldə edilməsinin məhdudlaşdırılmasına yönəlmiş addımlar atır”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO