Rəsmi Bakı Kanada şirkətinə işğal olunmuş əraziləri Dağlıq Qarabağ kimi təqdim etdiyi üçün etirazını bildirib

Rəsmi Bakı Kanadada fəaliyyət göstərən İmpact Telecom (Startec) telekommunikasiya şirkətinə işğal olunmuş əraziləri Dağlıq Qarabağ kimi təqdim etdiyi üçün etirazını bildirib. Bu barədə Azərbaycanın XİN-dən Trend-ə verilən məlumatda bildirilir.
Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi bu ölkədə fəaliyyət göstərən İmpact Telecom (Startec) telekommunikasiya şirkəti tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin “Nagorno-Karabakh” adı altında telefon zənglərinin çatdırıldığı məntəqə kimi göstərildiyini müəyyən edib.
Səfirlik tərəfindən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktı İmpact Telecom (Startec) şirkətinin nəzərinə çatdırılıb və Azərbaycanın ərazisi olan “Dağlıq Qarabağ”-ın şirkətin saytından çıxarılması və bu kimi zənglərin dayandırılması məsələsi qaldırılıb.
İmpact Telecom (Startec) şirkətinin cavab məktubunda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin telefon zənglərinin çatdırıldığı məntəqələr sırasında göstərilməsi ilə əlaqədar təəssüf ifadə olunaraq, onun siyahıdan çıxarıldığı barəsində məlumat verilib. Zənglərin çatdırıldığı məntəqələrin siyahısının vahid siyahı əsasında şirkət tərəfindən əldə edildiyi və sistemə yükləndiyi bildirilib. Məktubda eləcə də İmpact Telecom (Startec) şirkətinin Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqı, Kanadada yaşayan Azərbaycan diasporu və ya Azərbaycana zəng edən hər hansı şəxsə qarşı qərəzli mövqe tutmaqdan tamamilə kənar olduğu qeyd olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO