Qəzetlərin səhvtutanları – Korrektorlar – ən dəhşətli səhv edən kim olub, bilirsiniz?

Hələ 1875-ci ildə “Əkinçi” ictimaiyyətə təqdim olunarkən, qəzetin təsisçisi Həsən bəy Zərdabi özündən başqa ona kömək edəcək bir nəfər savadlı adam tapmadığından mətbu orqan haqqında belə demişdi: “Bu qəzetin kəsirini görəndə gülməyin, siz ağlayın ki, bizim bircə qəzet də çıxartmağa adamımız yoxdur”.
O zaman qəzetin bütün işlərini Həsən bəy özü görürdü: müxbirliyi, redaktorluğu, korrektorluğu, və s.
Bu gün 1875-ci illə müqayisədə yerlə-göy qədər fərq var. İndi Azərbaycanda onlarla gündəlik, həftəlik qəzetlər buraxılır. Həm də böyük-böyük kollektivlərin zəhməti sayəsində. Amma bir qəzetin ərsəyə gəlməsi üçün çox adam zəhmət çəksə də, mətbu nəşrlər səhvlərdən xali deyil. Məsələn, elə götürək korrektura səhvlərini. Bu səhvlərin məsuliyyətini korrektorlar daşıyır.
Müşahidələr göstərir ki, bəzi qəzetlərdə elə sıradan adamları korrektor vəzifəsinə işə götürürlər ki… Bəzən tələb belə olur: durğu işarələrini tanıyırsa, korrektor işləyə bilər.
Halbuki, korrektorlarla bağlı işə götürmənin ciddi prinsipləri olmalıdır.

Maraqlıdır, bəs bu gün qəzetlərimizdə korrektorlarla bağlı vəziyyət necədir? Qəzet redaktorları mövzu ilə bağlı fikirlərini Modern.az-a bildiriblər.

“Azərbaycan” qəzetinin redaktor müavini Amil Novruzov sualımızı belə cavablandırıb: “Bizim qəzetdə 5 korrektor, 5 oxucu var. Bu 10 nəfər qəzetin korrektə işi ilə məşğuldur. Korrektorlarımızın əksəriyyəti peşəkardırlar. Demək olar ki, digər redaksiyalardan fərqli olaraq, korrektə işi bizim qəzetdə daha yaxşı qurulub. Onlar ana dilimizin qrammatikasını çox gözəl bilirlər. Hər gün növbə ilə yazıları korrektə edirlər. Biri cümlənin düzgün quruluşuna, digəri hərf səhvlərinə, o biriləri durğu işarələrinə diqqət yetirirlər.Elə korrektorumuz var ki, onun 20 ildən artıq iş təcrübəsi var. Ən yeni korrektorumuzun 3 il təcrübəsi var”.
Amil müəllimin sözlərinə görə, korrektorun birinci növbədə filologiya sahəsində təhsili, savadı olmalı, ana dilimizin qrammatikasını mükəmməl bilməli, ən başlıcası isə məsuliyyətli, diqqətcil olmalıdır. Redaktor müavini deyir ki, “Azərbaycan”da korrektorlar 3 növbə əsasında işləyirlər:
”Birinci növbə saat 11-dən 5-ə kimi, ikinci 5-dən 9-a qədər, axşam 9-dan gecəyədəkdir. Bizdə yazılar redaktorlar tərəfindən oxunur, sonra da korrektə edilir.Təbii ki, kiçik hərf səhvləri olur, amma biz onları da bağışlamırıq. Bu zaman əvvəlcə xəbərdarlıq, sonra töhmət, daha sonra şiddətli töhmət verilir. Bəzi vaxtlarda işdən azad edilmə halları da olur”.

“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli: “Qəzetimizdə 4 korrektor çalışır. Onlar da növbə ilə işləyirlər. Onların işi günün ikinci yarısından sonra başlayır. Korrekə işi texniki iş olduğu üçün iş saatı axşamüstü 6-dan sonradır. Demək olar ki, mən neçə qəzetdə ışləmişəm, əksəriyyətində bunu belə görmüşəm. Bizim korrektorların iş təcrübələri çoxdur. Ən yeni korrektorumuzun 3 il təcrübəsi var”.
Famil Cəfərli hesab edir ki, korrektor ilk növbədə, ana dilini səlis bilməlidir.
“Korrektor dilimizlə yanaşı, lüğəti, qaydaları, terminləri, abbreviaturaları, durğu işarələrini yaxşı bilməlidir. Korrektorlar texniki işçilər olsa da, bu iş olduqca önəmlidir. Sovet dövründə iki redaktor olurdusa, 5-6 nəfər da korrektor olurdu. Kitablarda redaktorlarla yanaşı, onların da adları xüsusi qeyd olunurdu”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbəri olduğu mətbu orqanda 4 korrektorun çalışdığını deyir: “Bizdə korrektor şöbəsinin müdiri, işçiləri var. Cəmi 4 korrektor çalışır. Onların iş saatı 6-da başlayır. İşləri nə vaxt bitsə, o vaxt da evlərinə gedirlər. Bizim korrektorlar çoxdanın təcrübəli işçiləridir. Bölmənin müdiri uzun müddət AzərTAc-da işləyib. Onun 20 ildən artıq iş təcrübəsi var”.
Baş redaktor deyib ki, korrektor üçün əsas kriteriya onun yazıya yanaşma tərzi, yazını duymasıdır.
“Ümumiyyətlə, korrektorluq texniki iş olsa da, burada bir yaradıcılıq da olmalıdır. O, ana dilinin qrammatikasını yaxşı bilməli, jurnalistikadan başı çıxan biri olmalıdır. Ola bilər ki, muxbir, redaktor hardasa bir səhv etsin, amma korrektor bunu hiss etməlidir, səhvi tutmağı bacarmalıdır. İndiyə kimi korrektura ilə bağlı elə bir ciddi səhvimiz olmayıb, amma arada xırda hərf səhvləri olur”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, onlarda iki korrektor çalışır.
”Birinin 30 il iş təcrübəsi var. Digər korrektorumuz isə gəncdir. Onların hazırkı fəaliyyətindən də razıyam. Təbii ki, korrektor üçün əsas kriteriya onun iş bacarığıdır. Həm də səmimi bir insan olmasıdır. Fikrimcə, korrektor əsasən filoloq olmalıdır”.
Baş redaktor korrektə işini fitri istedad hesab edir: “Məncə, bu, bir fitri istedaddır. Bizim birinci korrektorumuz ixtisasca filoloqdur. İkinci isə gənc tələbədir. Korrektorlarımız axşamüstü saat 5-də gəlirlər. İşini nə vaxt bitirsələr, onda da evə gedirlər. Bizim korrektura ilə bağlı xırda səhvlərimiz olur, amma dizayn işi ilə bağlı isə böyük bir səhvimiz olub. Belə ki, səhifədə bir adamın adını yazıb, başqa birinin şəkilini yerləşdirmişdik.Yaxşı ki, həmin səhvə o qədər də diqqət yetirilməmişdi. Gündəlik qəzetlərdə xırda səhvlərdən qaçmaq mümkün deyil. Amma bəzən də elə gündəlik qəzetlər oxuyuram ki, orada manşetlərdə belə, səhvlərə rast gəlinir”.

“Səs” qəzetinin redaktoru Valeh Məhərrəmli çalışdığı mətbu nəşrdə bir korrektorun olduğunu deyir:
“Bizdə bir korrektor işləyir. 4-5 il olar ki, o bizimlədir. Korrektor tam bilikli, savadlı olmalı, yazılardan baş çıxarmalıdır. Korrektorumuz axşam saat 6-da gəlir, 11-də işdən çıxır. İndiyədək elə böyük səhvlər olmayıb, amma xırda hərf səhvləri olur. Korrektor səhv buraxmır, o yazılardakı səhvləri tutur. Korrektor üçün başlıca meyar ana dilini mükəmməl bilməsidir”.

“Kaspi” qəzetinin redaktoru İlham Quliyev bildirib ki, bu redaksiyada 3 korrektor çalışır. “Onlardan biri daha peşəkardır. 10 ilə yaxındır ki, işləyir. Əsas korrektə işinə, səhifələrin yığılmasına o nəzarət edir. Qalan ikisi isə onun köməkçiləridir. Qəzet korrektoru dilin incəliklərini, qrammatikasını bilməlidir. Bizdə də korrektorlar saat 6-dan sonra işə başlayır”.
Redaktor hesab edir ki, bu sahədə problemlər var: “Məncə, bu sahədə bizim problemlərimiz var. Qəzet rəhbərləri korrektor seçərkən diqqətli olmalıdırlar. Bizim qəzetdə də bəzi səhvlər olur, amma bu zaman da qəzetin daxili qanunlarına uyğun olaraq, tədbirlər görülür”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Bizim qəzetdə iki korrektor çalışır. Biri qəzet açılandan indiyə kimi bizimlə işləyir. O biri isə təzə işçidir. Biz işə götürərkən heç bir kriteriya qoymamış, yalnız onun işi qavrama imkanlarını əsas götürmüşük. Başqa hər hansı bir kriteriya mənim üçün önəmli deyil. Əvvəlcə təcrübə keçir, onun sınaq müddətində nə qədər ümidverici olub-olmadığı aydınlaşır”.
Baş redaktor deyir ki, korrektor həmişə səhv edə bilər: “Mən ümumiyyətlə, mətbuat işçilərinin cəzalandırılmasının tərəfdarı deyiləm. Xırda səhvlər olub, amma işimizə ciddi dərəcədə təsir edən səhv olmayıb. Mən səhv olan zaman çalışıram ki, işçini utandıram. Fikrimcə, işçinin xətrinə dəymədən, onu sadəcə utandırmaq, xəbərdarlıq və cəzadan daha keçərlidir. Bizim korrektorlar günün ikinci yarısından işə başlayırlar”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, rəhbəri olduğu mətbu orqanda iki korrektor çalışır.
“Birinci korrektor səhər saatlarından saat 6-ya qədər, ikinci korektor isə saat 6-dan gecə 1-ə kimi işləyir. Bizim korrektorlar təcrübəli işçilərdir. Biri bu sahədə daha təcrübəlidir, ikinci isə qəzetimizdə təcrübə keçib. Bizdə bütün yazıları birinci novbədə çalışan korrektor oxuyur. İkinci novbədə işləyən korrektor isə səhifəyə baxır. İşə götürəndə birinci növbədə fikir veririk ki, bu sahədə korrektorun təcrübəsi varmı, əvvəlcə hansı qəzetlərdə çalışıb. Onun iş prinsipinə baxırıq, sonra sınaq müddəti qoyuruq. Bizim əvvəlki korrektorlarımızı yüksək maaşla dövlət strukturları apardı. Qəzetdə səhvlər çox olur. Bir də görürsən ki, saat 12-dir, qəzetlərin səhifələri hələ hazır deyil, təbii ki, bu zaman xəbərdarlıq edirəm”.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev bildirib ki, onlarda bir korrektor var.
“Korrektor üçün hansı keyfiyyətlər lazımdırsa, onlar da nəzərə alınmalıdır. Onun üçün iş rejimini dəqiq demək olmaz. Qəzet oxunub qurtarana qədər iş rejimi də davam edir. Gündəlik qəzetin bir yox, bir neçə korrektoru olmalıdır. Əlbəttə, bir nəfər oxuyanda səhv də olacaq. O da insandır, səhv edə bilər .Guya səhv olanda, cəza verilirsə, nə dəyişəcək ki? Sadəcə diqqətinə çatdırılır ki, “məsuliyyətli ol!””.

“Olaylar”qəzetinin baş redaktoru Yunus Oğuz: “Qəzetimizdə bir korrektor çalışır. İxtisasca ədəbiyyatçıdır. 8 ildir ki, bizimlə çalışır. Korrektor ana dilimizi təmiz bilməlidir. Bizdə səhifələrə çox adam nəzarət etdiyindən səhvlər az olur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO