Qəzetlərin seçki ilə bağlı materiallarında 147 pozuntu faktı qeydə alınıb

thumb=left]http://azfreespeech.az/uploads/posts/2010-11/1288602822_73002ad91fe0dbf1c3d2a3bd6d133299_1269756.jpg[/thumb]Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi” layihə üzrə apardığı monitorinqin ikinci həftəsinə yekun vurub.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, monitorinq ölkənin müntəzəm yayımlanan 60-dək gündəlik və həftəlik qəzetində aparılıb. Monitorinqi aparılan KİV-lərdə 18.10. – 24.10.2010 tarixləri aralığında gedən materialların ümumi sayı 3010-dur. Bunlardan 2681-i gündəlik qəzetlərin, 329-u həftəlik qəzetlərin payına düşür.

Xatırladaq ki, əvvəlki hesabat həftəsində KİV-də seçki ilə bağlı gedən materialların ümumi sayı 2960 olmuşdu. Bunlardan 2630-u gündəlik, 330-u həftəlik qəzetlərin payına düşüb. Əvvəlki hesabat həftəsində seçki ilə bağlı materiallar ümumi materialların 29,3 faizini təşkil edib. Bu hesabat həftəsində isə mövcud göstərici üzrə faiz dərəcəsi 33,4 faizə çatıb. Janr xüsusiyyətlərinə gəlincə, əvvəlki həftədə olduğu kimi, yenə də xəbər janrı üstünlük təşkil edir.

Monitorinqdə peşə prinsiplərinin pozulmasına üç cəhətdən yanaşılıb. Həftə ərzində qəzetlərin seçki ilə bağlı materiallarında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının pozulmasına dair 147 fakt qeydə alınıb. Bu, ötən hesabat həftəsi ilə müqayisədə 6 fakt çoxdur. Bunlardan 117-i gündəlik, 30-u həftəlik qəzetlərin payına düşür. Ötən hesabat həftəsi ilə müqayisədə şərəf və ləyaqətin ləkələnməsi, işgüzar nüfuza zərbə vurulması faktlarında, o cümlədən vulqar ifadələrin işlədilməsi ilə bağlı göstəricilərdə artım müşahidə olunmaqdadır.

Monitorinqdə həmçinin qəzetlərin neytrallığı qoruma xüsusiyyətlərinə və digər cəhətlərə də yer verilib.

Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd KİV-lərin seçki ilə bağlı materiallarındakı tendensiyaları nəzərdən keçirməkdən, onları qruplaşdırmaqdan və ictimaiyyətə çatdırmaqdan ibarətdir. Monitorinq Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əsasən keçirilib. Həmçinin KİV materiallarındakı hüquqi pozuntu faktlarına nəzər salınıb. Seçki ilə bağlı konkret təbliğat plakatları monitorinqin tədqiqat predmetinə daxil edilməyib.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO