Qəzetlərin adları necə yaranıb, ideyanı kim verib?

Modern.az saytı Kütləvi İnformasiya Vasitələrinin adları ilə bağlı silsilə yazıları davam etdirir. Qəzetlərin adları necə yaranıb, ideyanı KİV rəhbərlərinə kim? Beləliklə, növbəti siyahıdakı qəzetlərin adları hansı anlamı verir?

“Mərkəz”qəzetin təsisçisi Gülər Əhmədova bildirir ki, ideyanı özü verib. Mətbu orqanının belə adlandırılması təsisçinin onu hər zaman hadisələrin mərkəzində olmasını görmək arzusundan doğub.

“Ədalət”in baş redaktoru İradə Tuncay qəzetin adının hardan qaynaqlandığını bu cür izah edir: “1990-cı ildə qəzet təsis edilərkən Hüquqşünaslar İttifaqına aid olduğu üçün belə ad seçilib”. İradə xanımın sözlərinə görə, qəzeti yaradan hüquqşünaslar onu haqq-ədalət carçısı görmək istəyiblər.

“Bütöv Azərbaycan” qəzetinin əməkdaşı İlham Məmmədli deyir ki, ideya qəzetin təsisçisi, həm də baş redaktoru Tamxil Ziyəddinoğluna məxsusdur: “Bu qəzet Azərbaycanı bütöv görmək istəyənlərin qəzetidir. Elə buna görə də qəzetə belə ad vermişik”.

“Student Times”in baş redaktoru Məmməd Ağayev: “Qəzetimizin adını çox düşündük. Ölkə mətbuatı tarixində ilk tələbə qəzeti olduğu üçün orjinal bir ad seçmək istəyirdik. Ona görə təxminən 2 ay düşündük. Təklif qəzetimizin şef-redaktor müavini İlkin Həsənovdan gəldi və redaksiya heyəti tərəfindən bəyənildi”. Qəzetin adı azərbaycanca “tələbə vaxtı” anlamını verir.

“ Reytinq” qəzetin baş redaktoru Afiq Mirzəbəylinin sözlərinə sözlərinə görə, o, bu qəzetə gələndə artıq qəzet təsis olunubmuş. Baş redaktor qəzetin adının nüfuz mənasını ifadə etdiyini bildirib.

“Həftə içi”nin baş redaktor Sevinc Seyidova qəzetin adı ilə bağlı belə deyib: “1998-ci ildən fəaliyyət göstəririk, adın qoyulmasında müavinim Vəli Əkbərin rolu olub. Onunla bir yerdə düşünüb, qərara aldıq ki, belə bir ad qoyaq. Yəni həftə içi baş verən hadisələri işıqlandırmaq, məncə bu ad seçimində biz yanılmadıq, O gündən bu günədək qəzetimiz hələ də fəaliyyətini davam etdirir”.

“Gündəlik Bakı” qəzetinin baş redaktoru redaktor Habil Vəliyev: “Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyim, Bakını çox sevdiyim və hər zaman Bakının problemlərini işıqlandırmaq üçün bu adı seçdik. İdeya mənə məxsusdur”.

Bizim yol” qəzetin baş redaktor müavini Elçin Rüstəmli deyir ki, qəzet təsis olunanda artıq bu ad var imiş. “Qəzetin adının mənası sadəcə, bizim yolumuz deməkdir, qoy cəmiyyət müəyyənləşdirsin bizim yolumuz necədir”.

“ Hürriyyət”in redaksiyasından aldığımız məlumata görə, 1991-ci ildən çıxan qəzetə təsisçi Sərdar Cəlaloğlu ad verib. Belə adın seçimi xalqın azadlığa, hurRiyyətə qovuşmasını istəməkdən irəli gəlib.

“Zaman Azərbaycan”ın redaktoru Urfan Məmmədli: “Qəzetin mərkəzi Türkiyədə yerləşir. Umumiyyətlə, “Zaman” adlı qəzet bir sıra ölkələrdə çap olunur. 1991-ci ildən də ölkəmizdə “Zaman Azərbaycan” adı ilə çap olunur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO