Qəzetlərin 2010-cu il planları

“Media forum” saytı qəzetlərin 2010-cu il planları ilə maraqlanıb.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı:

– Pessimistəm. Əsas məqsəd yaşamaqdır. Ola bilsin ki, rəqabətdə salamat qalmaq üçün hansısa yeniliklərə əl ataq. Lakin yeniliklərin konkret nədən ibarət olacağını demək mümkün deyil, çünki yeni perspektiv görmürəm. Azərbaycanın media bazarında yenilik etmək biznes baxımından çox çətindir. Bu bazar getdikcə daralır və onun genişlənməsinə heç bir zəmin görmürəm.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

– 2010-cu illə bağlı hər hansı xüsusi planımız yoxdur. Ən böyük planımız odur ki, fəaliyyətimizi bu cür saxlaya bilək. Bu da böyük işdir. Yəqin ki, gələn il KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna layihə verib işləyərik. Lakin qəzetin irəliyə getməsi üçün şərait yoxdur. Mövcudluğumuzu qoruyub saxlaya bilsək, böyük uğurdur”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev:

– Dövriliyi artırmaq, qəzetin dizaynını yeniləmək, kollektivi böyütmək istəyirik. 2010-cu ildə bu planları reallaşdırmağa çalışacağıq. Bunları pillə-pillə ediləcək işlərdir.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan:

– Qəzetdə ciddi dəyişiklik olmayacaq. Azərbaycanda müstəqil mövqeli qəzetlər ancaq öz mövcudluqlarını qoruyub saxlamaq haqqında fikirləşir. Ən başlıca məqsədimiz qəzeti hakimiyyətin, onun nazirliklərinin qəzəbindən hifz etmək və şübhəsiz ki, tirajla dolanan bir mətbuat orqanı olaraq tirajımızı qoruyub saxlamaqdır.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli:

– Arzularımız imkanlarımızla üst-üstə düşsə, 2010-cu ildə dövriliyimizi artırmaq istərdik. Bir də qəzetin himayəsində rusdilli sayt açmaq istəyirik. Lakin bununla bağlı konkret müzakirələrimiz olmayıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO