Qəzetlər Naxçıvandan məlumatı necə alır?

“Media forum” saytı ölkənin bəzi aparıcı nəşrlərinin təmsilçilərinə suallarla müraciət edib. Naxçıvan Muxtar Respublikasından xəbərləri hansı xətlə əldə edirsiniz? Bu bölgədə müxbiriniz varmı? Sonuncu dəfə muxtar respublikaya haçan müxbir ezam etmisiniz?

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: – Naxçıvan Muxtar Respublikasında müxbirimiz yoxdur. Bunun əsas səbəbi qəzetin maliyyə imkanlarının aşağı olmasıdır. Naxçıvana aid xəbərləri əsasən agentliklərdən əldə edirik. Axırıncı dəfə Naxçıvana 2009-cu ilin yayında, muxtar respublikanın yaradılmasının 85 illik yubileyi ilə əlaqədar jurnalist ezam etmişik.

“Azərbaycan” qəzetinin siyasət və parlament şöbəsinin redaktoru İxtiyar Hüseynov: – Qəzetin Naxçıvanda bölgə muxbiri var – Məmməd Məmmədov. O həm də Naxçıvan Ali Məclisinin deputatıdır. Bizim qəzet fəaliyyətə başladığı dövrdən, yəni 1991-ci ildən muxtar respublikada bölgə müxbirimiz olub. Naxçıvandan məlumat almaqda heç bir problemimiz yoxdur. Həftə ərzində iki-üç dəfə Naxçıvanın həyatından müxtəlif xəbərlər verir, bölgə müxbirimizin məqalələrini dərc edirik. Rəsmi dövlət qəzeti olduğu üçün bölgə müxbirimizin ofisi də var.

“Zerkalo” qəzetinin siyasət şöbəsinin müdiri Azər Rəşidoğlu: – Naxçıvandan hansısa məlumat əldə etmək, reportaj hazırlamaq çox çətindir. Bu bölgədə dövlətin bütün qanunları, eləcə də mətbuat azadlığı qanununun tələbləri pozulur. Muxtar respublikada hər hansı dövlət strukturundan məlumat almaq qeyri-mümkündür. Oradan xəbərləri əsasən hansısa şəxsi əlaqələr vasitəsilə əldə edirik. Naxçıvanda jurnalistlərin təhlükəsizliyi təmin olunmadığından ora hər hansı əməkdaşımızı ezam etməmişik.

“Yeni Musavat”qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan – Əvvəllər Həkimeldostu Mehdiyev adlı jurnalistimiz fəaliyyət göstərirdi. Çox təəssüf ki, 2007-ci ilin sentyabr ayından, bölgə müxbirimiz fiziki təzyiqlərə məruz qalandan sonra Naxçıvanda nümayəndəmiz yoxdur. Oradan xəbərləri əsasən yerli mənbələr vasitəsilə əldə edirik. Naxçıvanın dövlət strukturlarından informasiya əldə etmək çox çətindir. Muxtar respublikaya axırıncı dəfə 2007-ci ilin sentyabrında, Həkimeldostu Mehdiyevə təzyiq olan zaman jurnalist ezam eləmişik.

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov: – Çox təəssüf ki, Naxçıvanda əməkdaşımız yoxdur. Çünki muxtar respublikada jurnalistin təhlükəsizliyi daim sual altındadır. Həmçinin Naxçıvanın dövlət strukturlarından məlumat almaq asan deyil, deyərdim ki, mümkünsüzdür. Bölgədəki ictimai-siyasi həyatla bağlı xəbərləri isə əsasən şəxsi mənbələrimizdən və bəzi şəxslərdən əldə edirik. “Azadlıq” qəzeti Naxçıvana son dəfə təxminən 3 il bundan əvvəl jurnalist ezam edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO