Qəzetimizin ötən sayında bir neçə mətbəə qüsuruna yol verilib

“Bakı-Xəbər” qəzetinin dünənki 19 iyun 2012-ci il tarixli sayı ilə bağlı saysız oxucu zənglərinə cavab olaraq həmin təəssübkeş və diqqətli oxucularımıza təşəkkür etməklə bərabər bildiririk ki, həqiqətən qəzetimizin həmin sayında bir sıra mətbəə qüsurlarına yol verilib.

Belə ki, 8-ci səhifədə “Yol Polisinə əlavə səlahiyyət verilməsinə ehtiyac getdikcə artır” adlı məqalənin başlığı ilə 12-ci səhifədəki “ABŞ Türkiyədə müstəqil kürd dövləti iddialarına qəti “yox” dedi” məqaləsinin əsas başlıqlarının yeri səhv düşüb. Bundan başqa, 2-ci səhifədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun adından verilmiş kiçik açıqlama xəbərində birinci başlığı olan “Bakıda əvvəllər bəzi çoxmərtəbəli binaları tikənlər aradan çıxıb” yanlışdır və tam başqa bir xəbərə aid əsas başlıqdır.

Qeyd edək ki, dünən səhərdən başlayaraq texniki yanlışlıqlarla bağlı baş redaktorumuz Aydın Quliyevə və digər əməkdaşlara saysız təəssübkeş oxucu zəngləri olub, hamı narahatlığını bildirib və sevdikləri ciddi qəzetdə belə yanlışlıqlardan həqiqi mənada şoka düşdüklərini bildiriblər.

Oxucularımızın zənglərindən öncə baş redaktorumuz nəşriyyatın rəhbərliyinə mətbəədə yol verilmiş texniki qüsurla bağlı məlumat verib, nəşriyyat rəhbərliyinin dərhal göstərişi ilə məsələ mətbəədə yerindəcə araşdırılıb. Mətbəənin səlahiyyətlilərindən olan Elman müəllimlə baş redaktorumuz şəxsən görüşərək problemi müzakirə edib. Məlum olub ki, qəzet plyonkaları montaj edilərkən mətbəənin texniki işçiləri tərəfindən kiçik diqqətsizliyə yol verilib. Bununla belə, mətbəə rəhbərliyi, yanlış çap məhsulundan zamanındaca xəbər tutulsaydı, qəzetin həmin sayının təkrar çapı üçün heç bir problem olmadığını da diqqətə çatdırıb. Lakin təəssüf ki, qəzetimizin gecə növbəsinin əməkdaşları çap zamanı texniki qüsura yol verildiyini zamanında yox, yanlış nüsxələr bütün qəzet yayımçılarına paylanandan sonra xəbər tutublar və gecə ikən baş redaktora olay barədə məlumat veriblər. Ancaq artıq gec idi…

Əlavə edək ki, qəzetimizin internet variantında hər şey qaydasındadır və internet oxucularından hələlik hər hansı şikayət daxil olmayıb. Oxuculara texniki mətbəə yanlışlığı üzündən qüsurla təqdim edilmiş məqalə və xəbərlərdə adı keçən bütün şəxslərdən üzr istəyir, texniki qüsurlarla bağlı zəhmət çəkərək redaksiyamıza telefon açan bütün oxucularımıza isə bir daha təşəkkür edirik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO