Qəzet bölgəyə haçan çatır?

“Media forum” saytı “Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Səfərli və “Qaya” Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyevə sualla müraciət edib: paytaxtda nəşr olunan gündəlik qəzetlər bölgələrə saat neçədə çatır?

Vüqar Səfərli: – Qəzetlərin rayonlara erkən saatlarda gedib çatmaması onların çapının geçikməsi ilə bağlıdır. Bəzən qəzetlərin çapı səhər saatlarına qədər ləngiyir.

Bizim qurum qəzetləri yaxın bölgələrə günün birinci yarısına yaxın, uzaq bölgələrə isə ikinci yarısında çatdırır. Yaxın bölgələrə qəzetləri “Azərpoçt”un maşınları, Gəncə və başqa uzaq bölgələrə isə sərnişin avtobusları aparır.

Salyana, Şirvana, Nefçalaya qəzetlər daha tez çatır. Naxçıvan Muxtar Respubilkasına gəlincə, uzun müddətdir ki, bizim bu bölgə ilə heç bir əməkdaşlıqımız yoxdur”.

Xanhüseyn Əliyev: – “Qaya”Azərbaycanın 33 bölgəsində fəaliyyət göstərir. Qəzetləri Bakı avtovağzalından erkən saatlarda çıxan avtobus və taksilərlə göndəririk. Mümkün qədər operativ olmağa çalışırıq.

Ancaq çətinlik çoxdur. Məsələn, 2002-ci ildə Naxçıvan Muxtar Respubilkasında 5 köşkümüz vardı. Səhər saat 9-da qəzetlər Naxçıvanda olurdu. Amma əfsuslar olsun ki, köşklərimizin hamısını götürüb muxtar respublikada “Qaya”nın fəaliyyətini dayandırdılar.

“Yeni Müsavat” qəzetinin yayım direktoru Abbas İsmayılov “Media forum” saytına deyib ki, redaksiya qəzetin rayonlara çatdırılması vaxtından o qədər də narazı deyil: “Amma kəndlərə çatdırılması sarıdan çox ciddi narazılıq var. Əksər kəndlər qəzet üzü görmür. Çox təəssüf ki, maliyyə vəziyyətimiz qəzetin bölgələrdə yayımını qurmağa imkan vermir. Yoxsa biz “Yeni Müsavat”ı rayonlara həm indikindən tez çatdıra, həm də kəndləri mətbuatla təmin edə bilərdik”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO