“Quardian ” qəzeti Türkiyənin “qonşular siyasəti “nə dair sensasiyalı məqalə dərc edib

Son dövrlər Türkiyənin həm enerji sferasında həm də regionda fəallığı dünya mediasını diqqətini özünə cəlb edən mühüm hadisələrdən birinə çevrilib. Bununla yanaşı Türkiyənin PKK-ya qarşı apardığı əməliyyat İsraillə münasibətlərinin kəskinləşməsi də xüsusi diqqət mərkəzindədir.

Lakin bu fonda Türkiyə iqtidarının ünvanına ittihamlar da artmaqdadır. Britaniyanın “Quardian” qəzeti yazır ki türk qüvvələrinin kürd separatçıları əleyhinə mübarizəsi göstərir ki rəsmi Ankara kürd məsələsini həll etmək üçün hələ çox yol getməlidir. Bildirilir ki son zamanlar qarşıdurmaların artması daha böyük sual ortaya çıxarır: “Bu sual ondan ibarətdir ki ölkənin qonşularla sıfır problem siyasəti nə dərəcədə hiss olunan nəticələr verir? Bir çox cəbhədə ambisiyalar çətin reallıqlarla baş-başa gəlir. Baş nazir Ərdoğanın ötən həftəsonu 11 əsgərin qətlindən sonra sərt çıxışı ola bilsin Ankara hökumətində mövcud məyusluğu əks etdirir ki AKP-nin hakimiyyətə gəlişindən səkkiz il bu yana qeyri-hərbi çözüm yolu ilə konkret çox az nəticə əldə olunub.

Bu ayın əvvəli PKK atəşkəsi birtərəfli qaydada kəsdiyini elan edib. Bu qərara səbəb Türkiyənin Konstitusiya məhkəməsinin kürdpərəst Demokratik Cəmiyyət Partiyasının fəaliyyətini qadağan etməsi olub”.

Məqalə müəllifinə əsasən indi belə narahatlıq mövcuddur ki qarşıdurmalar 2008-ci ildə olduğu kimi türk qoşunlarının İraqın şimalına müdaxiləsinə yol aça bilər. Bu Ankara ilə Bağdad arasında əlaqələri gərginləşdirərdi. Məqalə müəllifi Saymon Tisdal yazısında Azərbaycana da toxunub. O yazır ki Türkiyənin qonşularla sıfır problem siyasəti Azərbaycanda da çətinliklə üzləşib: “Türkiyə ilə Ermənistan arasında ötən il imzalanan saziş Azərbaycanda böyük narazılıqla qarşılanmışdı. Rəsmi Bakı qəzəbli şəkildə reaksiya verərək ilk öncə Dağlıq Qarabağ qarşıdurmasının çözülməsini tələb etmişdi”. Müəllifə görə gərginliyi azaltmaqdansa Ərdoğan hökumətinin təşəbbüsü vəziyyəti daha da gərginləşdirmişdi.

ABŞ dövlət katibinin sabiq yardımçısı Elizabet Couns Türkiyənin son 20 ildə dəyişkən siyasətinə nəzər salaraq bildirir ki 1990-cı illərin sonlarına qədər Türkiyədə sabiq sovet məkanına xüsusilə türkdilli dövlətlərə böyük maraq hiss olunurdu: “Türkiyənin Azərbaycan və Orta Asiya ölkələrilə sıx təmasları meydana çıxmışdı. Bu münasibətlərin real nəticəsi olaraq Bakı-Tiflis-Ceyhan kimi layihələr həyata keçirildi. Bu isə Türkiyəni dünyanın aparıcı enerji tranziti nöqtlələrindən birinə çevirdi. Lakin 2000-ci illərdə münasibətlərdə soyuqlaşma hiss olunmağa başladı. Türkiyə daha çox diqqətini Avropa Birliyinə və Yaxın Şərqə yönəltməyə üstünlük verdi”. Bu dəyişmədən təəssüfünü izhar edən xanım Couns Türkiyənin türkdilli xalqlar arasında nüfuzunun müsbət potensialından istifadə edilməməsindən gileylənir.

Kipr məsələsinə gəldikdə isə qəzet yazır: “Türkiyənin regional qüvvə kimi iştirak etmək istəyinə baxmayaraq onun sözləri Kipr məsələsində inandırıcı əməllərlə dəstəklənməyib. Kipr türkləri adanın daimi olaraq parçalanması ideyasını bəyənən prezidentə səs verib”

Qeyd olunur ki cənab Ərdoğan İranla əlaqələri inkişaf etdirməyə nail olub. Onun BMT-nin İrana qarşı son sanksiyaları əleyhinə səs verməsi ABŞ ilə Avropa İttifaqını məyus etsə də prezident Əhmədinecadi şad edib. Məqalədə yazılır ki bu sözləri əfsuslar olsun ki İsraillə əlaqələr barədə demək qeyri-mümkündür. Qəzzaya yollanan gəmi karvanından sonra İsraillə Türkiyə arasındakı əlaqələr pisləşib.

Saymon Tisdal yazır ki Ərdoğanın regional xarici siyasət təşəbbüsləri İranla ərk-nazlıq İsraillə küsüşmə və şübhəli olduğu iddia edilən Suriya kimi ölkələrlə əlaqələri qərbli şərhçiləri strateji restrukturizasiya haqqında fikirləşməyə vadar edib. Yəni Türkiyə üzünü Avropadan ərəb və müsəlman dünyasına tərəf çevirməkdədir.

Məqalədə amerikalı şərhçi Tom Fridmandan da sitat gətirilir: “Belə görünür ki Türkiyənin islamçı hökuməti diqqəti Avropa İttifaqı deyil Ərəb Liqası yox yox İsrailə qarşı HƏMAS-Hizbulla-İran müqavimət hərəkatına qoşulmağa yönəldib”. Müəllif yazır ki xarici işlər naziri Əhməd Davudoğlu israr edir ki Türkiyə beynəlxalq təhlükəsizlik və inkişaf məsələlərinin yayılmasında get-gedə mərkəzi rol oynamağa başlayır. Müəllifə görə Qərbdən baxanda isə problem Ərdoğanla Davudoğlunun Türkiyə üçün daha böyük rol oynamaq istəməsində və buna təkbaşına nail olmağa çalışmasında deyil. Problem bundadır ki onlar bunu edəndə qaş düzəldən yerdə gözü də vurub çıxarırlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO