Qısqanclıq

Yaxşı mərəz deyil. Yəqin çətin sağalan mərəz olması səbəbindən müalicəsi tapılmır. İllərdir, əsrlərdir qısqanclıq insanın yol yoldaşıdır. İblis, şeytan kimi qanına, damarlarına işləyib insanın. Qəlbinə girib…

Amma qısqanclıqdan xilas olmağı bacaranlar da var. Ona qalib gəlməyi bacaranlar. Belələri bizim xalqımızın sırasında çox azdı. Başqa xalqlarda isə yetərincədi. Elə götürək Qarabağımızı faktiki işğal altında saxlaya-saxlaya dünyada bizi informasiya müharibəsində üstələyən erməniləri. Onlar özlərinə məxsus istedadları, gəncləri həvəslə irəli çəkirlər. Bu zaman özlərinin kiçik görünəcəklərindən çəkinmirlər. Heç kiçik görünmürlər də. Əksinə ustadlaşırlar. Nəticə?.. Nəticə göz qabağındadı. Dünyanın aparıcı dövlətləri, millətləri ermənilərin bu tipli fəaliyyət prinsiplərinə rəğmən Ermənistanı dəstəkləyir. Böyük tarixi, torpaqları olmayan, Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin. Bundan böyük nəticənin ortaya qoyula biləcəyini zənn eləmirəm. Buni idman meydanlarında ara-sıra qazanılan uğurlarla müqayisə etmək ağlasığandırmı?!

Bu miqyasda fakt da ayıltmır bizim qısqanc-ədabazlarımızı. Elə bir ucdan ətraflarındakı adamların başından basmaqda, ayağından çəkməkdə, “qanlarını içməkdə” davam edirlər.

Hara aparırlar məmləkətimizi qısqanclar. Dalana dirəməyəmi? Fərqində deyillər. Təki cibləri dolsun. Təki “böyük” görsənsinlər. Qaranlıq mətləblərlə əlbirlik yarışındadırlar. Şair Musa Yaqubun təbirincə desək,

Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb

Bəs məmləkətimizi dalana dirəyəndə, yoxa çıxaranda öz yerləri harda olacaq qısqanclarımızın. Bu barədə fikirləşməyi heç ağıllarına da gətirmirlər. Bəlkə də vaxtları yoxdu belə vacib mətləbləri götür-qoy eləməyə. Buna vaxtları olsa bəs “evləri kim yıxar”, “torları” kim toxuyar, yalanı kim danışar, allahsız, imansız donosları tez və “itkisiz” kim çatdırar ünvanlara?

Sayları yaman çoxalır məfkurəcə bir-birini tamamlayan, müxtəlif istiqamətlərə işləyən qısqanclarımızın. Elə bil şitilliklərdə yetişirlər bir ucdan. Hamısı da boylu-buxunlu, Qarabağı almağa layiq vücudda görünürlər adi vaxtlar. Ancaq siz onları donos çatdıranda, “iş başında” təsəvvürünüzdə canlandıra bilərsiniz. Bu zaman qısqanclığın əzəli, əbədi mənasının onlara şamil oluna biləcəyindən, onlara necə “yaraşa biləcəyindən” də çəkinmirlər…

Şübhəsiz ki, belələri üçün VƏTƏN anlayışı olmur. Vətən yalnız onların şəxsi maraqlarına xidmət eləyəndə dəyərlidi. Obyekt kimi. Obyektsə bir qayda olaraq pul gətirəndə qiymətli sayılır. Kəndlinin inəyinin süd verməyini də buraya yazmaq, əlavə etmək istədim. Alman filosofunun dediyi kimi, müqayisə çox qüsurlu alındı. Kəndlinin təmizliyində, inəyin süd verməyində bir halallıq anlayışı olması onu bura yaraşdırmağıma imkan vermədi.

Halallıqdan cin-şeytandan qorxan sayağı çəkinirlər qısqanclarımız. Sevmirlər halallığı. Bu sözdən zəhlələri gedir. Onlar üçün oğurluq halallıqdan daha dəyərli məfhumdur. “Bir istedadlı şəxsin, bir gəncin məhvi” prosesini “uğurla” yekunlaşdıra biləndə isə şadyanalıq edirlər. Restoranlarda qeyd edirlər “qələbələrini”. Bayağı musiqilər, kabab sifarişi… Bu zaman ayını, şiri, pələngi – məğrur vəhşi heyvanları məhv eləmiş hindu tayfalarının eybəcər səslərlə ifadə etdikləri şadyanalığa bənzəyir onların hərəkətləri. Mahiyyətcə həmahəngdilər. Ancaq fərqləri geyim-keçimlərində, özlərini müasirlik donu geyindirə bilmələrindədir. Hələ mən onların “ovlarını” bölüşdürmə məqamında çıxardıqları həngamələri demirəm. Bunu yəqin özünüz təsəvvür elədiniz…

Qısqancların cəmiyyətimizi, məmləkətimizi hara sürüklədiyini qeyd elədim. Bəs onların sayını durmadan artıran məmləkətimiz hara gedir? Qısqanclara könül verən cəmiyyətin sonucunu fikirləşmək – bax burası istəmirəm təkcə mənim üzərimə düşsün. Bununçün ictimai müzakirələrə zərurət var. Siz də fikirləşin…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO