Qeyri-ixtisaslı jurnalistlər: “Küsdüyümə görə 12 il jurnalistikadan kənarda qaldım” – RUBRİKA

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Mədəniyyət” qəzetinin əməkdaşı Lalə Azəri hüquq üzrə təhsil alsa da,  jurnalistikadan uzaq qala bilməyib: “İxtisasım hüquqşünasdır. Bizim məktəbi bitirdiyimiz il qarışıq dövrə – 90-cı ilə təsadüf edir. Bəlkə də həmin illər mənim jurnalistikaya gəlməyimə səbəb oldu. Biz 215 kl-in, ANS-in reportajları ilə böyüyən nəsilik. Orta məktəbin 6-cı sinfində oxuyanda artıq dəqiqləşdirmişdim ki, sənədlərimi jurnalistikaya verəcəyəm. Amma evdən razı deyildilər. Axır ki, yola gəldilər, ancaq birinci il 501 balla kəsildim. Bu günə qədər də həmin məsələ mənim üçün tapmaca kimi qalıb. Şikayət ərizəmə cavab olaraq dedilər, səni BDU-nun Kitabxanaçılıq və arxiv işi, yaxud da Dinşünaslıq fakültəsinə yerləşdirə bilərik. Razı olmadım. İkinci il Kooperasiya Universitetinin Marketinq fakültəsinə qəbul olundum. Yarım il oxuduqdan sonra Hüquq və gömrük işinin təşkili fakültəsində təhsilimi davam etdirdim.

Həm orta məktəb, həm tələbəlik illərimdə sosial mövzularda yazırdım və qəzetlərdə dərc edilirdi. Nədənsə radionu daha çox sevirdim. Rahib Azərinin ANS ÇM-dəki efirlərini daimi dinləyirdim. Bəlkə də bu səbəbdən ixtisasım üzrə işləyə bilmədim. Təcrübə müddətində Bakı Baş Gömrük İdarəsində mənə iş təklif edildi. Diplomumu alandan sonra bir müddət gedib-gəldim. Sərnişin şöbəsində. Həmin şöbənin rəisi Şamil müəllimi də dərin hörmətlə anıram. Şöbədə otağın bir küncündə televizor var idi. Çox zaman da TV-ni xəbərlərin saatında açırdılar. Hər dəfə başımı qaldırıb ona baxanda “niyə burdayam” sualı məni rahat buraxmırdı. Elə ona görə də həmin işdən getdim. Bir müddət də Nərimanov rayon Məhkəməsində işlədim. İkinci ixtisasım marketinq üzrədir, yəni bu sahə üzrə bilgilərim az deyil. Bu sahədə də bir müddət işlədim, amma yenə də paralel olaraq yazırdım. Bir gün bağ qonşumuz, jurnalist, tərcüməçi, rəhmətlik Tələt Ələkbərov məni özü ilə Azərbaycan Dövlət Radiosuna apardı. O vaxt Tələt müəllim “Musiqi təqvimi” verilişinin müəllifi idi. Radionu sevdiyimi də bilirdi. Həmin dövrdə radionun “Səhər musiqili informasiya” proqramının baş redaktoru Heydər Zeynallı idi. Mənə ştatdankənar iş təklif etdi. Əslində elə gözlənilməz oldu ki… Elə həmin vaxtdan da həm marketinq üzrə, həm də radioda çalışırdım. Bu, haradasa 2000-ci illərə təsadüf edir. Sonra elə radioda mənə Mədəniyyət Nazirliyinin qəzetində iş təklif edildi. Düzü, qəzetdə işləməyi düşünmürdüm. Ona görə də “yox” dedim. Amma müəyyən bir səbəb var idi ki, məni bu təklifə razılıq verməyə təhrik edirdi. Çox düşündüm, heç özüm də bilmədən məhz həmin səbəbə görə razılaşdım. Digər səbəb isə yəqin ki, musiqini, rəssamlığı, bir sözlə, sənəti çox sevdiyim oldu. Odur ki, 12 ildən artıqdır “Mədəniyyət” qəzetində çalışıram. Əmək kitabçamda  İTS qroup Marketinq and Research Center və Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyət” qəzetindən başqa bir iş yeri qeyd edilməyib. Rahib müəllimə hörmət əlaməti olaraq özümə Azəri təxəllüsü seçdim. Çünki dediyim kimi, radionu çox sevirdim. Onun efirinin “Quyu”, “Naftalin”, “Retro”, “Qurman” və s. rubrikalarını səbirsizliklə gözləyirdim. Bu gün də radionu çox sevirəm. Zövqümə uyğun Avto FM, Antenn FM, Media FM dalğalarını vaxtım olan qədər dinləyirəm və sözsüz ki, Rahib Azərinin jazz efirini də həmçinin.

Düzdür, bəzən qrup yoldaşlarım məni qınayırlar ki, “sən yaxşı oxuyurdun, potensialın və imkanın var idi, niyə bizdən ayrıldın, nə var bu jurnalistikada?”. Bunu da deməliyəm ki, qrup yoldaşlarımdan dövlət orqanlarında, hakim işləyəni, vəkil kimi fəaliyyət göstərəni də var. Bu illər ərzində də dəfələrlə elə onlardan müəyyən iş təkliflərimi almışam. Sadəcə, həmin sahə xarakterimə uyğun deyil. Heç vaxt işləyə bilmərəm. Yadımdadır “cinayət hüququ” dərslərində həmişə əsəbi olardım, mülki hüququ isə səbirsizliklə gözləyərdim. Maliyyə hüququ da pis deyildi. Hə, vaxtilə əmim və atamın gizli səyləri nəticəsində orta məktəblərin birində tarix müəlliməsi işləmək imkanım da olub. Amma sənədlərim düzəlib təsdiq edilsə də, işə çıxmadım. Bir sözlə, jurnalistikaya gələn yollarım o qədər enişli-yoxuşlu olub ki…

Jurnalistika xüsusən də, mədəniyyət sahəsi (dostlar inciməsinlər, çox vaxt         şou-bizneslə mədəniyyəti qarışdırırlar) mənim üçün başqa aləmdir. İşimi də, kollektivimizi də çox sevirəm. Bəlkə başqa kollektivdə olsaydım, çoxdan getmişdim bu sahədən. Amma bu gün nazirliyin tabeliyində tam formalaşmış bir komanda şəklində çalışırıq. Baş redaktorumuz İntiqam Hümbətov da bizə sərbəst işləmək üçün tam şərait yaradır. Yəqin ki, bizim nazirliyin tədbirlərində az olmamısınız. İntiqam Hümbətov və  Zöhrə Əliyevanın həmkarlarımıza olan diqqəti bizə də sirayət edib.  Çalışırıq hər zaman  bizim sahəni işıqlandıran müxbirlərə dəstək olaq. Televiziyalarda, radioda, sayt və qəzetlərdə çalışan çoxlu həmkarım var. Hamını da çox sevirəm və dəyərləndirirəm. Sənəti başa düşən, əsl sənətə dəyər verən dostlar. Ailəm də məni bu yolda dəstəkləyir. Uşaqlarla, ailə ilə işləmək çətin olsa da, birtəhər vaxtı bölməyə çalışıram. Amma heç vaxt narazı olmamışam. “Xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir” deyirlər. Bu fikir elə bil tam mənim üçün yazılıb. Pozitiv hisslər pozitiv anlar yaşadar devizi ilə hər səhər işə tələsirəm. Bəzən işlər çox olur, yaxşı mənada aləm qarışır bir-birinə, həmin an düşünürəm ki, əsl dinamika budur. Günümüz hədər getmir, mübahisə varsa, müzakirə varsa, demək, iş də var, nəticə də. Bir sözlə, mən bu sahədə olmağımdan qətiyyən narazı deyiləm və hər kəsə sevdiyi işlə məşğul olmağı arzulayıram. Çalışdım qeyri-ixtisaslı jurnalistin bu sahəyə gəlişini bacardığım qədər yığcam şəkildə sizə təqdim edə bilim. Bilmirəm alındı yoxsa… ”.

“Report” İnformasiya Agentliyinin əməkdaşı Ülviyyə Həsənqızı şəxsi səbəblərə görə 12 il jurnalistikadan kənarda qalıb“Mən 1994-1997-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu bitirdim. Sonra teatra, kinoya olan sevgi məni İncəsənət Universitetinə gətirdi. Uşaqlıqdan oxuyub, oynamağı, şeir deməyi çox sevirdim. Məktəb tədbirlərində solo oxuyurdum. Şeirlər deyirdim. Biz əslən Şuşalıyıq. Ona görə də, uşaqlıqdan muğamatı, musiqini, poeziyanı çox sevirdim. 1997-2002-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində təhsil aldım. Oranı fərqlənmə diplomu ilə bitirdim. İxtisasım mədəniyyət meneceridir. Amma, mən demək olar ki, öz işimlə məşğulam. Çünki ancaq mədəniyyətdən yazıram. Mədəniyyətdən başqa heç bir sahə mənə maraqlı deyil. Teatrı çox sevirəm.

Uşaqlıqdan sənət adamlarına görə jurnalistikaya böyük həvəsim var idi. Teatrı, kinonu o qədər çox sevirdim ki, sənət adamları ilə bir dəqiqə ünsiyyətdə ola bilmək mənim üçün şərəf, xoşbəxtlik idi. Elə bu gün də, belədir. Sevdiyim sənətkarları görəndə uşaq kimi qarşılarında baş əyirəm. Hər biri mənə əzizdir. Yəni, mən bir az fanatik adamam.

Jurnalistikaya uzun illər əvvəl – 1998-ci ildə gəlmişəm. Həmin dövrdə bir informasiya agentliyi var idi. Onlarla əməkdaşlığa başladım. Adını demək istəmirəm. Çünki indi yoxdur. Qısa müddətdə yarandı və bitdi. Jurnalistikada əsas fəaliyyətim isə 2001-2002-ci illərdə ANS TV-də oldu – “Səhər xəbərçi”sində mədəniyyət müxbiri. İndi “Salam Azərbaycan” olub. ANS-dən sonra bəzi şəxsi səbəblər üzündən jurnalistikadan getdim. Uzun illər fasilə verdim- 12 il. Bu zərərimə oldu. Amma, küsdürmüşdülər məni. Çox səbəblər oldu. Şəxsi söhbətdir. Heç xatırlamaq istəmirəm. Günah özümdə idi. Gərək getməyəydim. Mübarizə aparaydım. Amma, o zamanlar çox gənc idim. Ruhdan düşdüm və küsdüm. Keçmiş ola. Sonra teatrda çalışdım. Hacıbaba Bağırovun dövründə Musiqili Komediya Teatrında reklam redaktoru vəzifəsində işlədim. İndiki dillə desək, mətbuat katibi. O vaxtı hələ teatrlarda belə qurum yaranmamışdı. Bu 1999-cu ilə təsadüf edir. Onda hələ mətbuata yeni gəlmişdim. Sonra Şuşa Teatrında səs rejissoru kimi faəliyyət göstərdim. Amma ürəyim yenidən qayıtmaq istəyi ilə çırpınırdı. Hamı ilə dostluq, tanışlıq, yaxşı əlaqələrim var idi. Sağ olsunlar, məni unutmadılar.

Yenidən 2013-cü ildə jurnalistikaya- Yurd TV-yə qayıtdım. Yenə də mədəniyyət müxbiri kimi. Sevimli mədəniyyətimə yenidən qovuşdum. Yurd TV 2014-cü ilin aprelində bağlandı. Hazırda “Report” İnformasiya Agentliyindəyəm.

Jurnalistikada çalışdığım üçün qətiyyən peşman deyiləm. Çox xoşbəxtəm ki, bu sahəyə yönəlmişəm. Bütün sevdiklərimi tanımağıma səbəb jurnalistika olub. Bu gün az-çox məni tanıyıb, xətrimi istəyən varsa, bu sahəyə görədir. Sağ olsunlar. Mən də çalışmışam heç kimi yarıyolda qoymayım. Heç vaxt qalmaqal yazmamışam. Hamının hörmətini saxlamışam.Yanımda elə söhbətlər olub ki, bir cümləsini yazsam, çoxdan məhşur olardım (gülür). Amma yazmamışam. Ona görə də, məni çox istəyirlər. Ən yaxın dostlarım aktyorlar, rejissorlardır, mənimlə rahat söhbət edə bilirlər. Çünki bilirlər ki, onları yaxşı başa düşürəm və çox sevirəm. Hər birinə hörmətim, sevgim var”.

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Vidadi Ordahallını iş ehtiyacı jurnalistikaya gətirib“2002-ci ildə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsini bitirmişəm. Daha sonra 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun tarix ixtisası üzrə ixtisasartırma kursunu bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. 2002-ci ildən jurnalistikadayam.

2000-ci ildən davamlı olaraq mətbuatı izləmişəm. Ancaq jurnalistikaya gəlməyim iş tapmaq xatirinə olub. Lerik rayonu Ordahal kəndində anadan olmuşam. Əslində kənddə müəllim işləyə bilərdim. Sadəcə, Bakıda qalmaq istəyim iş tapmaqdan ötrü məni jurnalistikaya gətirdi. Necə deyərlər, könülsüz olaraq bu sahəyə gəlmişəm. Ötən illər ərzində bir neçə dəfə başqa sahədə işə düzəlməyə çalışsam da, bu alınmayıb.

Jurnalist fəaliyyətinə “İmpuls” qəzetində başlamışam. Daha sonra “Millət”, “Nəbz”, “Yeni İstiqlal”, “İrəvan”, “Birlik Press” qəzetlərində çalışmışam. 2007-2008-ci illərdə Azərbaycan Naminə İctimai Forumunun mətbuat məsələləri üzrə əməkdaşı olmuşam. 2010-cu ilin yanvarından “Bakı-Xəbər” qəzetində çalışıram.

Jurnalistikaya gəldiyimə görə peşman olsam da, olmasam da, bu bir qismətdir.

Onsuz real həyat heç də hər zaman insanın arzusundan asılı olmur. Bəlkə də o dövrdə başqa çıxış yolu yox idi. Nəzərə almaq lazımdır ki, müəyyən fiziki qüsuru olan şəxs üçün Azərbaycanda iş tapmaq elə də asan deyil…”.

Hafta.az” saytının əməkdaşı Gülşanə Mustafayeva monotonluğu sevmir:“Mədəniyyət və İncəsənət Universitetinin estrada rejissorluğu fakültəsini bitirmişəm. Qrup rəhbərim də əməkdar artist, Yuğ Teatrının aktyoru Vidadi Həsənov olub. Əslində mən televiziya rejissorluğuna qəbul olmaq və televiziyada çalışmaq üçün sənəd vermişdim. Uşaq ağlı. Həmişə elə bilirdim ki, TV-də çalışmaq üçün mütləq TV rejissorluğunu bitirmək lazımdır.

Öz ixtisasım üzrə işləməmişəm. Rəhmətlik televiziya rejissoru Tariyel Vəliyev məni çəkilişlərə (ən çox da AzTV-yə) aparırdı. Tariyel müəllim Televiziya kafedrasının müdiri idi. Bilirdim ki, TV ilə əlaqəsi var, ona görə onunla ünsiyyət qururdum ki, əlaqələrim olsun. İkinci kursda oxuyandan da “İctimai”dən tutmuş “Space”ə kimi bütün TV kanallara televiziya rejissorluğunda staj keçmək üçün CV-lər verməyə başladım. Amma bəlli məsələdir, Azərbaycanda gərək arxan olsun, kimsə tapşırsın. Ümidlə CV-ə baxacaqlarını gözləyirdim. Amma bir gün daha CV göndərməkdən yoruldum. Mən çox aktiv insanam, bir yerdə dayanmıram. Gördüm, buradan bir iş çıxmayacaq, ictimai birliklərə üzv oldum. Gedib-gəlirdim, bir gün eşitdim ki, “İrəli” İctimai Birliyində “İrəli” radio var, ora getdim. “İrəli” radioda həftədə bir dəfə mədəniyyət verilişi olan “Buta”nı aparırdım. Bəlkə də kiməsə bu adi gələ bilər, “internet radiosuna kim qulaq asır ki” deyə bilərlər. Amma bir yerə çatmaq üçün bütün prosesləri keçmək lazımdır. Ailəm də bu aktivliyimə qarşı idi, yalnız universitetə gedib-gəlməyimi tələb edirdilər. Ancaq elə edirdim ki, nə şiş yansın, nə kabab. Mən standartlıqdan, monotonluqdan qaçıram. Universitet-ev bu mənim üçün cansıxıcı idi. Ona görə də daim enerjimi əlavə işlərə sərf edirdim.

Radiodakı işim 6 ay davam etdi. Orada olduğum vaxtda Media Akademiyası layihəsinə qatıldım. 3 ay bitəndən sonra televiziyalara praktikaya göndərirdilər. Layihə hardasa 2012-ci ilin avqustun axırları yekunlaşdı. Hər dəfə də media nümayəndələri qonaq olurdular. Dj Tural Yusifov, İlhamiyyə Rza, Cəlalə Nəzəroğlu, Vüqar Baba orada dərs deyirdi. 3 ay tamam olandan sonra dedilər ki, Yurd TV internet televiziyası var, ora işçilər tələb olunacaq. Günlərin bir günü hamımızı həmin televiziyaya apardılar. Hamı bir-bir mətn oxudu- səsləri yoxlayırdılar. Əsas onlara aparıcı lazım idi. Mən buradan keçmədim. Amma məyus olmadım. Bilirdim ki, uzun zaman davam edən inadım, təkidim əlimi harasa çatdıracaq. Bir gün gənclərlə bağlı bir layihə gətirib Yurd TV-yə verdim. Sponsor məsələləri olduğuna görə bu da alınmadı. Dedim ki, “olar, mən stajor kimi gəlim”. Yurd TV-nin Xəbərlər Departamentinin direktoru Səadət Məmmədova dedi ki, “olar, gəl, öz üzərində işlə, bu işi öyrən. Amma işə götürməyi söz vermirəm, buna ehtiyac yoxdur”. Mənim üçün bu təklif göydəndüşmə idi. Səhəri gün gəldim. İlk tək çəkdiyim süjet Fransa səfirliyində rəsm sərgisi barədə oldu. Tək çəkilişə getdiyimə elə sevinirdim ki… Amma bu sevincim çox çəkmədi. Texniki səhv ucbatından Paskal Mönyenin sinxronu efirə fransız dilində getmişdi. Mənə dedilər ki, hələ tezdir, bir də tək çəkilişə getməyəcəksən.

Uzun müddət xəbər yazmağı öyrəndim. Çox çətin idi, bu işin izinə düşə bilmirdim. Bunu bir özüm bilirdim, bir də Allah. Əziyyətlə xəbər yazırdım, hansı ki indi o əlimdə 1 dəqiqəlik işdir. Əvvəl mədəniyyət xəbərindən başladım. 6 aydan çox çətinlik çəkdim. Sonra özüm özümdə bir az rahatlıq hiss etdim, gördüm ki, nəsə alınır. Təbii ki, bunu özüm hiss edirdim. Digərlərinin gözündə hələ də təzə müxbir idim. Bir xeyli keçdi. Redaktorumun dəfələrlə silib təzədən yazmağının sayəsində bunu öyrəndim. Amma bu illər mənə çox əsəb və stress verdi. Evə gec gedirdim. Atam deyirdi ki, ştatda olanlardan çox işləyirsən. Bu problem bir tərəfdən, işin çətinliyi də bir tərəfdən… Ancaq qarşıma məqsəd qoymuşdum ki, mənə “təzə müxbir” deyənlərə göstərəcəm ki, mən bacardım. Doğrudan da bacardım. Bacarmasaydım, bu gün mətbuatda olmazdım. Nəhayət, dekabrda işə götürüldüm və yeni ildə ilk maaşımı aldım. Yurd TV fəaliyyətini dayandırana qədər orada işlədim. İndi də “Hafta.az” saytında sosial müxbir kimi çalışıram. Saytla TV-nin bir fərqi var, saytda stress azdır.

Jurnalistikaya gəldiyim üçün qətiyyən peşman deyiləm. Əvvəldə dediyim kimi, monotonluğu sevmirəm. İşdə eyni, evdə eyni işi görmək mənə bezdirici gəlir. Xəbər jurnalisti olmaq əsl mənə görədir. Jurnalistikada olduğuma görə də Səadət Məmmədova və Musa Əhmədova borcluyam. Mənimlə səbrlə işlədilər. Hər ikisi mənim üçün dəyərlidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO