Qeyri-ixtisaslı jurnalistlər: “19 yaşıma qayıtsaydım TV-yə gəlməzdim” – RUBRİKA

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal özünü şanslı sayır“Jurnalist olmaq uşaqlıq arzularımın içərisində olmayıb. Mediaya ictimai-siyasi fəaliyyətdən gəlmişəm. Amma bunun da bir “təməli” olub…

Yazı qabiliyyətimə görə 8-ci sinifdə oxuyarkən sinifimizin “Şüa” adlı divar qəzetinin redaktoru seçilmişdim. 1990-cı ildə, Kəlbəcərdə.  

Məktəb qəzetləri adətən sinifin, məktəbin həyatından yazılar verirlər. Mənsə o vaxt – yəni 1990-cı ilin sonunda başlanan ABŞ-İraq müharibəsindən xəbərlər verirdim… Səddam Hüseynin şəklini qəzetlərdən kəsib öz “qəzetimizə” yapışdırırdım. Tənəffüslərdə uşaqlar başına toplanırdı. Həmçinin, qəzeti tez-tez yeniləyir, Azərbaycan tarixi ilə bağlı yazılar yerləşdirirdim.

1989-1990-ci illərdə ölkədə azad mətbuat yenicə formalaşmağa başlayırdı. Məktəblərdə də şablon divar qəzeti adlarını dəyişirdilər. Məktəbimizdə iki “Azadlıq”, bir “Ədalət” qəzeti vardı. O vaxt “Müxalifət” qəzeti yeni nəşrə başlamışdı. “Müxalifət” ifadəsi Sovet cəmiyyətinə yad olduğundan mənasını bilmirdik. Amma yeni qəzetin adı olduğundan məni cəlb etdi və 1991-ci ilin əvvəlində qəzetimizin adını dəyişib “Müxalifət” qoydum. Məktəb direktoru, sinif rəhbəri belə, fərqində deyildilər. 1991-in aprel ayında “müxalifət”in nə olduğunu bildilər və təbii ki, qəzetin adını dəyişdilər. Daha doğrusu, o vaxtkı prezident Ayaz Mütəllibovun “SSRİ-nin saxlanması haqqında” referendumu dəstəkləməsini tənqid edən bir yazı hazırlamışdım. Mütəllibovun da şəkli ilə qəzetdə yerləşdirmişdim. 1 saatdan sonra “Müxalifət” qəzetimi divardan götürdülər… Bir məktəblinin ölkə prezidenti haqqında tənqidi yazı yazıb, şəkli ilə birgə onu məktəbdən asması…İndi də xoş duyğu ilə xatırlayıram.

Yuxarı siniflərdə dövri mətbuatı daim izləyirdim. 1992-ci ildə 10-cu sinifdə oxuyanda – bir neçə dəfə “Azadlıq” qəzetinə məqalə yazmışdım. “Poçt qutusu” hekayəsindəki kimi gətirib, qutuya atmaq istəyirdim, amma tərəddüd edirdim. Fikirləşirdim ki, bu qəzetdəki məşhur yazarlar yazımı oxuyacaq və güləcəklər. Bu, dəfələrlə təkrarlanmışdı. Taleyin işinə baxın ki, bundan 8 il sonra “Azadlıq” qəzetində işləyəsi oldum. 2000-ci ilin sonunda Bahəddin Həziyev “Azadlıq”da qısa müddət redaktor olanda məni qəzetə dəvət etdi. 6 il orada işlədim. Bundan əvvəlsə 1999-cu ildə “Türkün səsi” qəzetində redaktor kimi işə başlamışdım. Sonra o zaman məşhur olan “Press-fakt” qəzeti ilə 1 il əməkdaşlıq etdim. Arada “Üç nöqtə”də də çalışmışam. 1997-ci ildən “Turan” Gənclər Təşkilatı sədrinin birinci müavini kimi mətbuatla sıx təmasda idim. Təşkilatın bəyanatlarını, press-relizləri, müsahibələri mən hazırlayırdım. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, sonra da həmin akademiyada fiziologiya üzrə magistraturanı bitirmişəm. Çap mediası ilə bağlı müxtəlif kurslarda olmuşam.

Beləcə, mətbuata “transfer” etdim. 2006-cı ildən “Türküstan” qəzetinin baş redaktoruyam. Paralel olaraq 2004-cü ildən “Ekspress” qəzetində çalışıram.

Jurnalistikaya gəlməyimə peşman deyiləm. Müasir dövrdə mediada olmaq əslində həyatın bütün sahələrində olmaq deməkdir. Bu baxımdan, məncə, biz daha şanslıyıq”.

“Space” TV-nin “Siqnal” verilişinin aparıcısı Zamirə Dadaşova keçmişə qayıtsaydı TV-ə gəlməzdi: “Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini qırmızı diplomla bitirmişəm. Eyni zamanda magistr dərəcəsi almışam. Öz ixtisasım üzrə işləməmişəm. İlk iş yerim Azərbaycan Dövlət Televiziyası olub. 19 yaşımdan televiziyada calışıram.

Uşaqlıq arzum həkim olmaq idi… sonra illər keçdi, iqtisadiyyatı seçdim. Televiziyaya gəlişim isə təsadüf nəticəsində olub desəm, daha doğru olar. O illər heç ağlıma da gəlməzdi ki, mən televiziyada çalışa bilərəm. Atam icazə verməz deyə düşünürdüm. Amma diktorları görəndə çox bəyənirdim. Şərqiyə xanımı, Roza xanımı, Nailə xanımı…

Bir gün Şərqiyyə xanım efirdə yeni aparıcılar üçün müsabiqə keçirildiyini elan etdi. Mən də özümü sınamaq istədim. 3 tur oldu. Və o turlardan keçdim. Beləcə, o sənətkarlarla işləmək mənə nəsib oldu. Sevinirəm ki, 10- 11 il onlarla birgə çalışmışam.

AzTV-dən sonra yeganə iş yerim “Space” olub.

Həyatda heç vaxt öz şəxsi həyatımla bağlı yaşadıqlarıma peşman olmamışam. Düşünmüşəm, bu mənim həyatımdır və belə məsləhətdir. Bunları yaşamalıydım düşünürəm. Amma yenidən 19 yaşıma qayıtsaydım TV-yə gəlməzdim. Öz ixtisasımı davam etdirərdim. Bu işi sevmək özü acı verir insana. Siz də TV-lərə baxırsınız və kimlərin nə ilə öndə olduğunu görürsünüz. Mən adi baxmayıb dinləyəndə əsəbləşirəm. Vurğular və ləhcə məni məhv edir.. 19 ildən çoxdu bu sahədəyəm. Bu 19 ildə kimlər gəldi getdi. İnanıram düzələcək.

Amma bu gün də mənə öz ixtisasımla bağlı təkliflər olur… Sadəcə televiziyadan uzaqlaşa bilmirəm. İllər keçdikcə televiziyada daha dərin batırsan və çıxa bilmirsən. Çünki sevirsən bu sahəni, bağlanırsan, ayrılmaz bir parçana çevrilir. Əti dırnaqdan ayırmaq olmadığı kimi ayrıla bilmirsən”.

Şirməmməd Hüseynov jurnalistika sahəsini onu ekranlarda görsünlər deyə seçməyib:“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil almışam. Buna baxmayaraq jurnalist kimi daha çox fəaliyyət göstərməyə başlamışam. Amma öz sahəmi də çox sevirəm. Bir çox filmlərə təklif alsam da, jurnalistikadakı işlərimin çoxluğundan aktyor kimi fəaliyyət göstərmək imkanım olmayıb.
Mən demək olar ki, 8 yaşımdan professional səhnələrdəyəm. Amma artıq yaşım artıqca aparıcı kimi çalışmağa başladım. Bu sahəyə daha da marağım artdı və 18 yaşımda ANS telekanalına müraciət etdim və bu kanalda stajor kimi fəaliyyət göstərməyə başladım. Təxminən 7 aya yaxın təmənnasız stajor kimi fəaliyyət göstərdim, buna baxmayaraq çəkilişlər edirdim, rubrikalar hazırlayırdım, bilmədiklərimi öyrənirdim və bu gün də mən onun bəhrəsini görürəm. ANS telekanalına və təhsil aldığım Mədəniyyət və İncəsənət Universitetinə çox sağ ol deyirəm ki, mənə bu şəraiti yaratdı. Çünki tələbə idim, kirayə qalırdım, imkanım bir o qədər də yox idi, amma məqsədim var idi. Çünki mən televiziyanı, jurnalistikanı çox sevirdim. Daha sonra isə mən Vahid Mustafayevdən, Mirşahin Ağayevdən və Seyfulla Mustafayevdən jurnalistika peşəsinin sirlərini öyrənməyə başladım. Bununla yanaşı, bizim dəyərli diktorumuz Sabir Ələsgərov və əməkdar artist, dosent Azad Şükürov mənə düzgün, səlist səhnə danışığını öyrətməyə başladılar. Bir müddətdən sonra mən artıq digər həmkarlarım kimi sərbəst çəklişlər edib sujetlər hazırlamağa başladım. Hətta montajı belə öyrəndim. İnanın ki, digər həmkarlarımdan fərqli olaraq çəkiliş etməkdən, insanlarla yaxından təmas qurmaqdan bezib tükənmirdim, yorulmurdum və bu hal-hazırda da belədir. Elə gün olub ki, gün ərzində 3-4 çəkilişə getmişəm. (müsahibələr almışam, sorğular etmişəm). Və beləliklə, mən 3 il ərzində ANS telekanalında 4 layihədə çalışdım, demək olar ki, bütün sahələrdən anlayışım oldu (şou-biznes, sosial-iqtisadi, dəb və.s). Bu gün jurnalist kimi fəaliyyət göstərməyimdə ANS-in rolu çox böyükdü və buna görə də ANS telekanalına və onun rəhbərliyinə borcluyam. Mən deyərdim ki, ANS böyük məktəbdir .Əgər sən bu gün peşəkar jurnalist olmaq istəyirsənsə, təhsildən əlavə olaraq ANS məktəbini keçməlisən. Düzdür, peşəkar jurnalist olmasan belə, ən azından peşəkarlarla çiyin -çiyinə çalışırsan… Çünki ANS-də öz işini bilən peşəkarlar çoxdur.
Daha sonra isə mənə ANS-də çalışa -çalışa digər yerli kanallardan təkliflər gəlməyə başladı . Hətta TRT Avaz-dan belə. Beləliklə, ANS telekanalından bəzi nüanslara görə ayrılıb TRT Avaz-da çalışmağa başladım. Həmkarlarım arasında gənc olmağıma baxmayaraq, bu mənim üçün və eyni zamanda ANS telekanalı üçün demək olar ki, çox böyük uğur idi. Çünki mən onların yetirməsi idim.
Hal-hazırda 23 yaşım olmağına baxmayaraq 4 illik jurnalistika fəaliyyətimdə bir çox uğurlar əldə etmişəm. Jurnalist işləməyimə baxmayaraq, öz ixtisasımı da çox sevirəm, istəyirəm aktyor kimi də fəaliyyət göstərim. İnşallah, ola bilsin bu yaxınlarda maraqlı bir filmə çəkilim. Çünki artıq dəvət almışam və bununla yanaşı, yerli telekanallardan da iş təkliflərim var. İnşallah xeyirlisi.
Maraqlı bir məlumat da çatdırmaq istəyirəm. Mənim ad və soyadıma diqqət etsəniz görərsiniz ki, Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı professor Şirməmməd Hüseynovun ad və soyadı ilə eynidir. Mən bununla da fəxr edirəm və hər zaman bu adı, soyadı layiqincə qorumağa hazıram. Hətta maraqlısı budur ki, bir çox çəkilişlərdə, tədbirlərdə məni Şirməmməd müəllimin nəvəsi kimi də təqdim edirlər. 
Onu da qeyd etmək istəyirəm ki, digər həmkarlarımdan fərqli olaraq, mən jurnalistika, televiziya sahəsini reklam xətrinə, məni ekranlarda görsünlər deyə seçməmişəm. Məqsədim və sevgim olub bu sahəyə. Heç bir həmkarım bu sözümə görə məndən inciməsin, hal -hazırda teleməkanlarımızda qeyri-peşəkar, düzgün sual vermək, danışıq qabiliyyəti olmayan, hətta mikrofon belə, tuta bilməyən, reklam xətrinə çalışan jurnalistlər çoxdu. Xüsusilə mədəniyyət və şou-iznes sahəsində və buna görə də bu gün belə “jurnalistlər” jurnalistika adına ləkədirlər. Mən demirəm, jurnalistikanı qurtarmışam, yox , amma jurnalistika sahəsi üzrə çox böyük məktəb keçmişəm və keçməkdə də davam edirəm, sözünü demiş jurnalistlərdən bilmədiklərimi öyrənirəm, televiziya verlişlərini izləyirəm və demək olar ki, hər gün mütaliə edirəm və bütün həmkarlarıma demək istəyirəm ki, bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır. Çünki bu sahədə ümumiyyətlə, incəsənət aləmində heç kim bildiklərini öyrətmək istəmir, ona görə də gərək özün cəhd edəsən və ən əsası sağlam rəqabət aparasan. 
Sonda isə bütün jurnalist dostlarıma, həmkarlarıma və eyni zamanda özümə uğurlar arzulayıram. Mənim bu gün jurnalist kimi fəaliyyət göstərməyimdə, üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Günay Rəhimova yaxın gələcəkdə tamaşaçıların görüşünə gələcək: “Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. İxtisasca rejissoram. Rejissor kimi işləməmişəm. Jurnalistikaya məqsədyönlü şəkildə gəlmişəm. Orta məktəb vaxtından bu sahədə olmağı arzu etmişəm. Elə məktəb vaxtlarında fəal olmuşam. Bir çox tədbirləri aparmaq üçün hər zaman mənə şans yaradırdılar və mən də onların etimadını doğruldurdum…

Əslində bir az qərarsız insanam.. Amma qərarlarım yalnış olsa belə, heç vaxt peşman olmamışam. Çünki yalnış etdikcə düzü öyrənmişəm. Universitetdə oxuya-oxuya Azərbaycan Dövlət Televiziyasında idman xəbərlərini aparmışam. Elə televiziya fəailiyyətimə bu televiziyada başlamışam. Düzdür, rejissorluqda oxuya-oxuya tələsik qərar verdim TV sahəsində calışacağıma. Amma tələsik olmasına baxmayaraq, bu həyatımda yeganə uğurlu qərar oldu.

AzTV və “İdman-Azərbaycanda” xəbər aparıcısı işlədikdən sonra “Space” televiziyasında “Hər Gün” xəbərlər imformasiya proqramını aparmışam. Daha sonra “Xəzər xəbər”də müxbir olaraq çalışdım. Sonuncu iş yerim “Xəzər” televiziyası idi. Xəbərlərlə TV fəaliyyətimə başlasam da, 2013-cü ilin iyun ayından “Xəzər” TV-də fərqli formatda proqram aparmaq təklif olundu. Mənim üçün də bu yeni, fərqli və maraqlı format olduğu üçün qəbul etdim. Artıq 2 aydır ki, “Xəzər” TV-dən uzaqlaşmışam. Uzaqlaşmağın səbəbi “Bizim gün” layihəsinin sona çatmasıdır. Hazırda təkliflər var. Hələki qərar verməmişəm. Amma hər halda yerli telekanalların birində fəaliyyətimə davam edəcəm. Yaxın gələcəkdə tamaşaçıların görüşünə gələcəm.

Mənim üçün aparıcılıq yeganə xəstəlikdir ki, heç vaxt bu xəstəlikdən sağalmaq istəmərəm… sevirəm bu işi…Mikrofonu, qulaqcığımı taxan kimi bütün problemlərimi unuduram..

Jurnalistikaya gəldiyim üçün təbii ki, çox razıyam. Nə yaxşı ki, zamanında TV sahəsində çalışmağımla bağlı qərarı vermişəm. Və bir daha qeyd edirəm ki, bu həyatımda yeganə uğurlu tələsik qərarım oldu..”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO