Qəbələli jurnalistlərin Qəbələdə gördükləri…

Modern.az “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini bu həftə də davam etdirir. Bu dəfə Qəbələ rayonunda anadan olan jurnalistlər rayonun sosial-iqitsadi vəziyyəti, əhalinin dolanışığı, təhsil, səhiyyə sistemi, problemlər və s. barədə danışıblar.

“Qəbələ RLS-in təsirindən Əmirvan kəndində eybəcər uşaqlar doğulur”

İlk müsahibimiz “Bakı xəbər” qəzetinin əməkdaşı Rüfət Sultan oldu. O hesab edir ki, qəbələlilərin sosial-iqtisadi vəziyyəti əksər rayonlarda olduğu kimidir. Jurnalistin sözlərinə görə, rayon əhalisinin böyük əksəriyyəti işsizdir: “İnsanların çoxu çayxanalarda və orda-burda veyillənirlər. İşləyənlər də əmək haqlarının azlığından şikayətlənirlər. Amma onu qeyd edim ki, rayonda tikinti işləri də aparılır. Hazırda mənim anadan olduğum Hacıalı kəndində beynəlxalq əhəmiyyətli aeroport tikilir. Düzdür, əhali şikayətlənir ki, tikintiyə əsasən kənardan işçi qüvvəsi gətirilir və yerli əhali işsiz qalır. Amma yerli əhalidən də orda işləyənlər var, onlar isə çox azdır və kimlərinsə tapşırıqları əsasında işə götürülüblər”.

Rüfət Sultan digər tərəfdən Qəbələdən olan sahibkarlara öz fəaliyyətlərini genişləndirməyə, inkişaf etdirməyə imkan verilmədiyini qeyd edib. Jurnalistin fikrincə, bunun səbəbi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamlarının rayonda hər şeyi öz əllərinə almalarıdır:
“Rayonda açılan zavodların istehsal etdiyi məhsulların keyfiyyəti yaxşı deyil. Məsələn, orda “Jalə” içkiləri istehsal olunur, onlar ən keyfiyyətsiz məhsuldur. Qəbələdən olmağıma baxmayaraq, mən o məhsullardan istifadə etmirəm”.

Qəbələnin qoz, fındıq, şabalıd meyvələrilə məşhur olduğunu deyən həmsöhbətimiz rayon əhalisinin əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu deyib: “Elə əhalinin əsas dolanışıq mənbəyi də bu sahədən çıxır. Dediyim kimi, yerli camaatın sahibkarlıqla məşğul olmağına imkan vermirlər. Hamısını kənardan gələnlər ələ keçiriblər. Ona görə də əhali kənd təsərrüfatında istehsal etdiyi məhsulları satmaqla dolanmağa çalışır”.

Rayonun qaz, işıqla bağlı problemləri olmasa da, ucqar kəndlərdə içməli suyla bağlı çətinliklər var:

“Amma rayon mərkəzində və mərkəzə yaxın rayonlarda su problemi mövcud deyil. Qəbələnin kəndarası yollarına çıxmaqdansa, çıxmamaq yaxşıdır. Məlumdur ki, kəndarası yollar bələdiyyələrə baxır, amma bizdəki bələdiyyələrin olmağındansa, olmamağı yaxşıdır. Çünki kəndarası yollar təmir olunmur, bərbad vəziyyətdədir”.

Rüfət Sultan deyir ki, Qəbələdən çoxdan çıxdığından və ildə bir dəfə rayona getdiyindən rayonun təhsil sistemi barədə xəbərsizdir. Ancaq deyir ki, doğulduğu kənddən neçə ildir ki, ali məktəblərə daxil olan yoxdur.
“Yəni məktəbi qurtaran ili heç bir şagird ali məktəbə qəbul ola bilmir. Bir neçə ildən sonra qəbul olanlar olsa da, bunlar azlıq təşkil edir. Elə bunun özü təhsilin səviyyəsinin yaxşı olmadığı barədə deməyə əsas verir”.

Qəbələdə təhsil sistemi yaxşı olmasa da, səhiyyə barəsində narazılıqlar yoxdur. Həmsöhbətimiz rayon mərkəzində açılan yeni səhiyyə müəssisələrində əhaliyə tibbi xidmətlər göstərildiyini bildirib. Ancaq bu vəziyyət kəndlərdə ürəkaçan deyil: “Rayon mərkəzində Diaqnostika Mərkəzi tikilib. Amma orada da hər yerdə olduğu kimi rüşvətxorluq halları özünü göstərir. İkinci tərəfdən vaxti ilə bizim kənddə – Hacıalıda böyük xəsətəxana var idi. Həmin xəsətəxana rayonun üçdə birinə baxırdı. İndi isə yerli Səhiyyə şöbəsinin rəhbəri öz şəxsi maraqları naminə onu kiçildib, balaca məntəqəyə çevirib və əhali məcbur olub 20-25 km məsafə qət edib rayon mərkəzinə gedir. Rayon mərkəzində əhaliyə tibbi xidmətlərin göstərilməsi baxımından yaxşılıqdır. Amma kəndlərə baxanda səhiyyə əvvəlkinə nisbətən daha da pis vəziyyətdədir”.

Rüfət Sultan eyni zamanda Qəbələ RLS-in insanların səhətinə mənfi təsirindən də danışıb. Bununla bağlı o, xüsusən Əmirvan kəndində eybəcər uşaqların doğulduğunu, insanların müxtəlif ürək-damar xəstəliklərinə tutulduğunu deyib:
“RLS-in şüalarıı Qəbələdən daha çox, aran rayonları olan Göyçay, Ucarı tutur. RLS-in olması təsərrüfata da ziyan vurur. Məsələn, ağaclar boy ata bilmir, tez quruyur, meyvələri tez xarab olur. Bütün bunlar onun mənfi təsirindəndir”.

“Rayon icra başçısının necə fəaliyyət göstərməsi ilə bağlı maraqlanmamışam. Təzə icra başçısı 1 il yarımdır rayona gəlib. Yəqinki bütün respublikada necədirsə, orda da elədir” – deyə jurnalsit əlavə edib.

Qəbələdən seçilən deputatalarla bağlı isə Rüfət Sultan ürəkdolusu narazılıq edib. Jurnalist deyir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən bəri bir dəfə də olsun Qəbələdə anadan olan şəxs buradan deputat seçilmir: “Bizim rayonda iki dairə var. Maraqlıdır ki, hər iki dairəyə də deputatı kənardan-Naxçıvandan gətirib təyin ediblər. Bu da istər-istəməz bir qəbələli kimi məni də məyus edir. Yəni Qəbələdə doğulan şəxs Milli Məclisə seçilsəydi, yaxşı olardı”.

R.Sultan son illər respublikada korrupsiyaya qarşı aparılan mübarizənin Qəbələdə də aparıldığını söyləyib. Amma o bu mübarizənin effektini hələ görmədiyini vurğulayıb: “Bir-iki məktəb direktorunu, həkimi işdən çıxarmaqla məsələ həll olunmur. Korrupsiyaya qarşı mübarizə ən yüksək saəviyyələrdə aparılmalıdır. Təəssüf ki, respublikada olduğu kimi, Qəbələdə də bu səviyyədə mübarizə aparılmır. Bu görüntü xatirinə atılan addımlardır”.

Həmkarımız Qəbələdə meşələrin qırılmasına da münasibət bildirib: “Son illər rayonda xeyli ağacın qırılması rayonun təbiətinə və havasına da təsir edir. Meşləri qırıb ondan mebel, pianino, hətta səhv etmirəmsə, ov tüfəngləri də düzəldirlər”.

“Qəbələ Azərbaycanın qeyri-rəsmi ikinci paytaxtı olacaq”

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Mahir Həmzəoğlu isə həmkarından fərqli olaraq, Qəbələ rayonunun sosial-iqtisadi baxımdan son illər çox sürətlə inkişaf etdiyini qeyd edib. O bu inkişafı görmək və müşahidə etmək üçün Qəbələdə bir neçə gün olmağın kifayət etdiyini deyib:
“Qəbələnin son 10 ildə keçdiyi yolu, inkişafı qonşu rayonlar – Ağdaş, İsmayıllı, Göyçayla müqayisə etmək də kifayət edər ki, Qəbələnin həmin regionun mərkəzi şəhərinə çevrildiyini deyəsən. Mən deyərdim ki, rayonda inkişaf bu sürətlə getsə, yaxın 10-15 il ərzində Qəbələ Azərbaycanın qeyri-rəsmi ikinci paytaxtı olacaq. Rayonun sosial-iqtisadi inkişafı bir qəbələli kimi məni qane edir”.

İnsanların işlə təmin olunması baxmından da jurnalist Qəbələnin qonşu rayonlardan fərqləndiyini bildirib. Onun sözlərinə görə, rayonda yeni müəssisələrin, zavodların açılması insanların işlə təmin olunmasına şərait yaradır:
“Qonşu rayonlarla müqayisədə bizim rayonda 250-300 manata iş yeri tapmaq mümkünüdür. Amma elə rayon var ki, orda 150 manata da iş tapa bilmirsən. Bu da Qəbələdə son illər həyata keçirilən infrastruktur layihələrlə, yeni müəssisələrinin açılması və rayonun regional mərkəzə çevrilməsi ilə bağlıdır. Turizm burada sürətlə inkişaf edir. Sadəcə, turizm sektorunda, ərzaq bir az bahadır. Bu da sırf rayona axınla bağlıdır.

Bundan əlavə, başqa rayonlardan Bakıya miqrasiya daha çoxdur. Xüsusilə işsizliklə bağlı aran rayonlarından paytaxta köçənlər üstünlük təşkil edir. Amma bizim rayonda iş yerləri olduğundan miqrasiya çox azdır. Rayon əhalisi demək oalr ki, Qəbələdə qalıb. Bu da orada şəraitin yaxşı olması ilə bağlıdır”.

Qəbələdə işıqla bağlı problem olmasa da, qaz, su, yolla bağlı problemlər mövcuddur. Mahir Həmzəoğlu belə deyir. O. Azərbaycan rayonlarının ucqar kəndlərinin hamısında bu problemlərin müşahidə olunduğunu vurğulayıb: “Səhv etmirəmsə, bizim rayonda 1985-1986-cı illərdən qaz var. Bir sıra kəndlərdə hələ mavi yanacaq yoxdur, amma tədricən onlara da qaz xətləri çəkilir. Ucqar kəndlərdə yol problemi var. Qəbələ şəhərinin özündə və ətrafdakı kəndlərə yollar son illərdə çəkilib. Rayon mərkəzindən bir az uzaq kəndlərdə hələ asfalt çəkilməyən kəndlər var. İşıq problemi indi ümumiyyətlə heç harda yoxdur”.

Həmkarımız təhsil və səhiyyə sistemi barədə danışıb. Onun sözlərinə görə, rayonda yeni məktəblər tikilir və əhaliyə göstərilən tibbi xidmətlər əsasən rayon mərkəzində formalaşıb: “Qəbələnin bir neçə kəndlərindəki məktəblər, məsələn, Vəndam kənd orta məktəbi, Zarağan 1 saylı orta məktəbi ölkə səviyyəsində tanınan təhsil ocaqlarıdır. Bu məktəblərdən hər il 20-30 nəfər ali təhsil müəssisələrinə daxil olur. Mən özüm Qəbələdə orta məktəbi qızıl medalla birimişəm.

Tibbi xidmət isə əsasən rayon mərkəzində formalaşıb. Kənd yerlərində tibbi xidmət çox aşağı səviyyədədir, bəlkə deyərdim ki, yoxdur. Amma rayonun yaxşı həkimləri var. 2-3 il olar ki, Dövlət Neft Şirkəti rayon mərkəzində ən müsair standartlara uyğun Diaqnostika Mərkəzi tikdirib. Bundan əlavə, yeni Doğum mərkəzi də tikilib. Hətta elə adamlar tanıyıram ki, Bakıda yox, gedib Qəbələdə həmin Diaqnostika Mərkəzində əməliyyat olunur. Çünki orda həm yaxşı həkimlər var, həm də Bakı ilə müqayisədə çox ucuz başa gəlir” deyə jurnalist əlavə edib.

Son olaraq Mahir Həmzəoğlu rayon icra başçısı və Qəbələdən seçilən deputatların əhalinin problemləri ilə maraqlandıqlarını və onlara kömək göstərdiklərini bildirib.

“Müəllim çatışmazlığı var”

Modern.az saytının əməkdaşı Sədaqət Süleymanova isə son zamanlar Qəbələnin estetik baxımdan çox inkişaf etdiyini və dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, ölkənin turizim sektorunda Qəbələ mühüm yer tutur. Amma qiymətlər olduqca yüksəkdir. Həmkarımız hesab edir ki, qoyulan qiymətin müqabilində isə xidmət, keyfiyyət çox aşağıdır:
“Qəbələ rayonu da işsizlik baxıməndan respublikanın digər rayonlarından bir o qədər fərqlənmir. Yəni işsizlik problemi burda da var. Yaşadığım kənddən deyə bilərəm ki, insanların 90%-i işsizdir. Əhalinin əsas dolanışıq mənbəyi fındıq bağları ilə bağlıdır. Bundan əlavə, rayonda qoz, şabalıd yetişdirməklə də məşğul olanlar var.

Düzdür, rayonda müxtəlif iş yerlərinin açıldığı haqqında məlumat verilir. Bildiyiniz kimi, Qəbələdə beynəlxalq aeroport da tikilir. Amma burada çalışanların əksəriyyəti kənardan gətirilib. Yerli əhali belə yerlərdə iş tapa bilmir, tapsa da, çox az əmək haqqı müqabilində yanlız fəhlə kimi işə götürülür”.

Jurnalist rayonda qaz, işıq, su baxımından müəyyən problemlərin də olduğunu vurğulayıb. Deyir ki, rayon mərkəzində hər hansı problem olmasa da, elə kəndlər var ki, işıq fasilə ilə verilir, mavi yanacaq isə ümumiyyətlə yoxdur:
“Məsələn Nic Qəbələnin ikinci ən böyük kəndi olsa da, orada qaz yoxdur. Rayonun yolları isə yaxşıdır. Ancaq eşitdiyimə görə, bəzi kəndlərdə yollar bərbad durumdadır. Doğulduğum Nic kəndində bu problem müşahidə olunmur”.

S.Süleymanova təhsil sistemindən danışarkən bunun kəndlələrə görə dəyişdiyini bildirib. O, Vəndam kəndində təhsilin səviyyəsinin kifayət qədər yaxşı olduğunu, ancaq Nic kəndində müəllim çatışmazlığının olduğunu qeyd edib: “Vəndam kənd orta məktəbində təhsil yaxşıdır. Hər il bu məktəbdən çox sayda məzun ali məktəbə qəbul olur. Amma Nic kəndi haqqında bu fikirləri demək olmaz. Kənddə müəllim çatışmazlığı var. Xüsusilə təhsil aldığım 4 saylı orta məktəbdə xarici dil və bir çox fənlər üzrə müəllim çatışmazlığı var. Bu kəndin məzunlarının çox az hissəsi ali məktəblərə qəbul ola bilir. O da ya rayonun özündə, ya da ətraf rayonlar olan Oğuzda, Şəkidə fəaliyyət göstərən kurslarda təhsil aldıqdan sonra…”.

Təhsildəki problemlərə baxmayaraq, həmsöhbətimiz səhiyyə sahəsində hər hansı problemlə rastlaşmadığını və rayonda fəaliyyət göstərən Diaqnostika Mərkəzində insanlara pulsuz xidmət göstərildiyini bildirib.

“Rayon icra başcısının və rayondan seçilən deputatların insanlarla maraqlanması barədə düzü məlumatım yoxdur. Yəni bu barədə ətrafda olan insalardan da eşitməmişəm ki, onlar insanların problemi ilə maraqlanırlar”.

Son olaraq isə Sədaqət Süleymanova Qəbələ RLS-in insanların səhətinə mənfi təsirindən danışıb. O bildirib ki, bu stansiya Qəbələdə yaşayan insanlardan daha çox Ağdaş, Göyçay rayonlarına təsir edir: “Bu stansiyanın fəaliyyəti ilə əlaqədar rayonda ürək-damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlərin sayı artıb”.

“Qəbələ – Azərbaycanın İçveçrəsi”

“Xalq qəzeti”nın siyasət şöbəsinin şərhçisi, əməkdar jurnalist İttifaq Mirzəbəyli bildirib ki, rayondan 37 il əvvəl ayrılıb, Bakıya gəlib: “Qutqaşenlə – rayonun o zamankı adı belə idi- indiki Qəbələnin müqayisə edilməsi qətiyyən mümkün deyil. Təbii ki, mən sosial-iqtisadi inkişaf baxımından deyirəm. Rayonun adamları və təbiəti isə elə o zamankı kimi saf və təmizdir. Qəbələnin yaddaşımda necə qaldığına gəlincə isə deyim ki, hansısa yazıda Qəbələ barədə söz açmadığım bir həftəni xatırlamıram. Radioda işlədiyim illərdə hər verilişimdə Qəbələdən 2-3 dəqiqəlik bir lent yazısı verirdim. Hər həftənin birinci günü bir saatlıq verilişim olurdu. Yəni 22 il yaşadığım rayonumuz, kəndimiz yaddaşıma necə yazılmışdısa, eləcə də qalır. Çünki dövri olaraq yaddaşımda “axtarışlar aparıram” və xatirələr bir növ təzələnir”.

Həmsöhbətimiz uşaqlıq illərini, qarlı-şaxtalı illərdə o qədər də ürəkaçan olmayan əyin-başla məktəbə getməyini yaxşı xatırlayır: “Mirzəbəyli çayına sel gələndə belə dərsdən qalmadığını, kənddən uzaqdakı “Söyüd tala” deyilən ictimai fındıq bağında gecə-gündüz qalıb fındıq yığdığını, özlərinin əkin-biçin və kolxozun tütün sahələrini suvarmaq üçün otuz kilometrə qədər uzaqlıqda olan Dovşan dağına gedib kəndə suvarma suyu gətirdiklərini yada salır:
“Bir də uşaqlıq və gənclik illərinin heç zaman yaddaşdan silinməyəcək xatirələri… Bizim dağlarda iyul və avqust aylarında da qar olurdu. Bizim kəndin cənubunda — qədim Qəbələ şəhərinin qalıqları olan meşədə yabanı şəkildə qızıl güllər açılırdı. Bizim Qızıləhmədi alma qonşu İsmayıllıda və ya qərb qonşumuz Oğuzda yetişən qızıləhmədilərdən çox fərqlənirdi. Xruşşov dövründə əkin sahələrindən sünbül yığmağımız, su dəyirmanına dən aparmağımız, gecələr dəyirmanda və ya yolda qalmağımız… uşaq vaxtı gördükləri kimi yadından çıxır ki?”

Qəbələnin bu günündən danışan jurnalist deyir ki, ötən il bir kitab görüb: “Qəbələ-Qafqazın İsveçrəsi”.
“Kitabı oxumasam da, adı çox uğurlu idi. Daha doğrusu, Qəbələnin bu günki həqiqətlərini ifadə edirdi. Son 10 ildə bu rayonun necə inkişaf etdiyini nəinki əməkdar jurnalist, heç xalq yazıçısı da tam şəkildə ifadə edə bilməz. Bununçün ancaq və ancaq Qəbələni görmək lazımdır. Camaatın ənənəvi dolanaşıq mənbəyi maldarlıq, əkinçilik və bağçılıqdır. İndi Qəbələ kəndlisi istehsal etdiyi məhsulları satmaq üçün Bakıya və ya Gəncəyə aparmaq barədə düşünmür. Çünki rayona o qədər turist və qonaq gəlir ki, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının elə rayon mərkəzində satılması kəndlini kifayət qədər razı salır. Ancaq bunu rayondakı meyvə emalı və şirə zavodlarına şamil etmək olmaz. Çünki həmin müəssisələrin istehsal etdiyi məhsullar nəinki respublikamızın, hətta, Avropanın əksər bazarlarına göndərilir. Məsələn, “Jalə” içkilərinin sorağı Almaniyadan, Fransadan, Britaniyadan gəlir.

Yeri gəlmişkən, hərdən belə ifadələr eşidirik ki, bölgələrdə kifayət qədər iş yeri olsa, camaat Bakya gəlməz. Onu deyənlərin hansı məqsəd güddüyünü mən bilmirəm. Bildiyim odur ki, təkcə 2005-ci ildən sonra Qəbələdə istehsal gücünə görə Cənubi Qafqazda ən iri meyvə emalı müəssisəsi olan Qəbələ Konserv Zavodu, istehsal gücü saatda 40 ton olan Asfalt zavodu, istehsal gücü saatda 100 ton olan Dəmir-Beton Məmulatları zavodu, ildə 30 milyon kərpic istehsal edən Kərpic zavodu, istehsal gücü saatda 70 kubmetr olan Qum-çınqıl zavodu və başqa bir çox sənaye müəssisəsi istifadəyə verilib. İndi mən soruşuram — həmin zavodlarda kim işləyir? Gəncəli, ağstafalı, yoxsa qazaxlı kimsə? Əlbəttə, yox, qəbələlilər. Yaxud həm tarixi abidələrinə, həm də təbiətinə görə ölkənin mühüm turizm mərkəzlərindən birinə çevrilmiş Qəbələdə son 10 ildə 20-yə yaxın müasir turizm obyekti, çoxsaylı mehmanxanalar, istirahət mərkəzləri istifadəyə verilib. Hamısında qəbələlilər işləyirlər.

Bir məsələni xüsusilə yada salmaq istəyirəm. 2003-cü ilə qədər Azərbaycanda Beynəlxalq Hava Limanı ancaq Bakıda idi. İndi artıq Gəncə, Naxçıvan, Lənkəran və Zaqataladakı beynəlxalq hava limanları-aeroportlar dünyanın istənilən ölkəsindən gələn ən müasir təyyarələri qəbul edib yola salır. Altıncı belə hava limanı təxminən bir aya, ay yarıma Qəbələdə istifadəyə veriləcək. Həmin möhtəşəm obyektin tikintisində çalışanlar kimi, liman istifadəyə veriləndən sonra orada çalışanlar da qəbələlilər olacaq. Təbii ki, xüsusilə əhəmiyyətli olan sahə mütəxəssisləri istisna olmaqla. Yəni adını inkişaf qoyduğumuz həmin proses birbaşa insanların sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edir”.

“Xalq qəzeti”nin əməkdaşı sakinlərin elektrik enerjisi, qaz, su ilə təminatı məsələsindən də danışıb: “Qəbələdə hansısa su probleminin olmasını xatırlamıram. Əslində, suyun törətdiyi problemlər olur. Dayanıqlı elektrik enerjisinin verilməsi məsələsi hələ 2004–2005-ci illərdən öz həllini tapıb. Kəndlərin qazlaşdırılması məsələsi isə artıq başa çatmaq üzrədir. Hər dəfə kəndə gedəndə bir yenilik barədə eşidirəm.

Təxiinən iki il əvvəl Qəbələdə dövlət başçısının iştirakı ilə ən müasir Müalicə Diaqnostika Mərkəzi istifadəyə verilib. Bəlkə də mənim indi söyləyəcəyim faktın mətbuatda səsləndirilməsi o qədər də məqbul deyil, hər halda deyirəm. Bu yaxınlarda Ağdaşdan Bakıya gələn bir qonağımız söylədi ki, iki payız ardıcıl ollaraq gəlib Bakıda müalicə alsa da, xəstəlikdən yaxa qurtara bilmirmiş. Qəbələdəki Müalicə Diaqnostika Mərkəzində isə əvvəlcə onun diaqnozunu dəqiqləşdiriblər, sonra isə özünün razı qaldığı səviyyədə müalicə ediblər. Qonaq bütün bunları sadaladıqdan sonra nə desə yaxşıdır? Danışıb dayanandan sonra qəfildən yadına düşübmüş kimi əlavə elədi ki, hər şeyi pulsuz ediblər”.

Həmsöhbətimiz Rayon İcra Hakimiyyətinin başçısı və Qəbələnin deputatının sakinlərlə görüşü bardə bunları deyir:
“Mən rayona gedəndə ancaq kəndimizə dəyib qayıdıram. Həm Qəbələdə bölgə müxbirimizin olduğuna görə, həm də 1997, ya da 98-ci ildə rayon İcra Hakimiyyətinin binasında Qəbələyə və qəbələlilərə yaraşmayan bir söhbət eşitdiyimə görə həmin tarixdən sonra rayon mərkəzinə getməmişəm. Ona görə də icra başçısının bu qəbildən olan tədbirləri barədə konkret heç nə deyə bilmərəm. Hər halda şikayət də eşitmirəm. Onu bilirəm ki, indiki icra başçısı kəndimizdəki orta məktəbə gəlib və idman zalının təmir edilməsi və avadanlıqlarla təchiz olunması üçün tapşırıq verib. Tapşırıq yüksək səviyyədə icra olunub.

Deputat Fəttah Heydərovla isə Bakıda rəsmi tədbirlərdə görüşürük. Bir dəfə Səudiyyə Ərəbistanına birlikdə getmişdik. Biz jurnalist və diplomatlar başqa missiya üçün gedirdik, Fəttah müəllim isə parlamentdəki Azərbaycan-Səudiyyə Ərbistanı dostluq qrupunun rəhbəri kimi. Onun söhbətində həmişə bir nikbinlik var. “Qəbələ hələ çox inkişaf edəcək, hələ böyük layihələr qabaqdadır” deyir. Əlavə edim ki, Fəttah müəllim bir dəfə rayonun Düzyengicə zonasının sakinləri ilə görüşdə eşidib ki, 6-7 kəndi əhatə edən həmin zonada televizorlar ancaq iki-üç kanalı tuta bilir. Deputat bilavasitə camaatın yanından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə zəng edib. Üç gündən sonra həmin ərazidə teleötürücü qüllənin tikintisinə başlanılıb. Bir sözlə, Qəbələ və qəbələlilər bu gün kifayət qədər şanslıdırlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO