Qalib jurnalistlərin yazıları: “Yeni Azərbaycan ” qəzeti

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib.
49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az-a göndərilən oxucu şərhlərinin bir çoxunda qalib jurnalistlərin yazılarının saytımızda yerləşdirilməsi xahiş olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edirik.

Aqşin Şahinoğlu, “Yeni Azərbaycan” qəzeti

Azərbaycan Respublikasında söz və məlumat azadlığının,
plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının
müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir

İnsan hüquqları ideyası bəşəriyyətin ən böyük nailiyyətlərindən biridir. Bu məsələ qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübə və sınaqdan çıxaraq müasir cəmiyyətin və bu cəmiyyətin təhlükəsizliyinin təmin olunması sisteminin ən optimal mövcudluq forması qismində çıxış edir. Bu anlayış bir sıra elmi ədəbiyyatlarda azad fərdlərə öz seçimi üzrə hərəkət etmək, həyat və yaşamaq üçün müəyyən nemətlər almaq imkanını təmin edən, onların öz aralarında, həmçinin, dövlətlə və bütövlükdə cəmiyyətlə qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi normaların məcmusu kimi izah olunur. Lakin məsələyə bu cür yanaşma da tam mütləq deyil və dünyanın bəzi nəzəriyyəçiləri insan hüquqları anlayışını şərh edərkən tamamilə fərqli düşüncədən çıxış edirlər. Məsələn, Kant yazır ki, insan azadlığı və onun azad iradəsi şəxsiyyətin mənəvi müstəqilliyini və muxtariyyətinin mənasını ifadə edir. A.Tokvil “Amerikada demokratiya” əsərində qeyd edir ki, hüquqlar siyasi həyata keçirilən ləyaqətlərdən başqa heç nə deyil. F.M.Rudinskinin fikrincə isə, insan hüquqları onun azadlığının ölçüsü, şəxsiyyətin beynəlxalq və dövlətdaxili hüquq normalarında əks olunmuş ayrılmaz xüsusiyyətləridir. Təbii ki, həm bu iki, həm də başqa nəzəri baxışlar çox geniş istiqamətləri özündə ehtiva edən insan hüquqları anlayışının konkret tərəflərini şərh edir. Ümumən isə mütləq şəkildə vurğulanmalıdır ki, insan hüquqları müxtəlif tarixi formasiyalardan keçən və hər bir ictimai quruluşda böyük itkilərə məruz qalan cəmiyyətlərdə birgə yaşayış münasibətlərinə, həyatımıza bir insanilik, dünyagörüşümüzə humanistlik ölçüsü gətirib.

Azərbaycanda çox möhkəm və əhatəli hüquqi baza mövcuddur

İnsan hüquqları müasir dünyamızın fundamental prinsipləri kimi qəbul olunur və dünya dövlətlərinin ən prioritet hesab etdiyi mövzulardan biridir. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikası da insan hüquqlarının təminatını özünün ən ali məqsədi elan edib. Respublikamızda insan hüquqlarının təminatına yönəlmiş, keyfiyyətcə tamamilə yeni qanunvericilik sistemi yaradılıb. Bütün normativ baza yeniləşdirilib, yeni hüquq institutları, Konstitusiya Məhkəməsi, İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman təsisatı yaradılıb. Bu gün Azərbaycanda fərdi, ictimai və dövlət maraqlarının optimal balansını ən yaxın gələcəkdə də təmin edə biləcək, insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Azərbaycan dünyada azsaylı dövlətlərdəndir ki, insan hüquq və azadlıqlarının təmin olunmasına dair Dövlət Proqramı qəbul edilib və proqramda nəzərdə tutulan bütün məsələlər demək olar ki, həllini tapmaqdadır. Həmçinin, insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və beynəlxalq təcrübədən daha səmərəli istifadə olunması məqsədilə Azərbaycan 30-dan çox beynəlxalq pakt və konvensiyalara imza atıb.

O da məlumdur ki, hüquqi normalar müxtəlif şəkildə həyata keçirilir. Bu normaları müəyyənləşdirən sənədlər sırasında konstitusiya əsas baza rolunu oynayır. Bu mənada, Azərbaycan Respublikası Konstitusiyasını dünyanın ən qabaqcıl ölkələrinin Ana yasaları ilə müqayisə etmək mümkündür. 1995-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında yer alan maddələrin təxminən 1/3-i yalnız insan hüquq və azadlıqlarına aiddir. Daha dəqiq desək, Konstitusiyanın III fəsli bütövlükdə, digər fəsillərdə isə bir sıra maddələr insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsinə həsr olunub. 2009-cu ilin mart ayının 18-də keçirilmiş referendum nəticəsində isə Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə dəyişikliklər edilərək, daha mükəmməl və dövrün tələblərinə tam cavab verən hüquqi sənəd halına salınıb.

Azərbaycanda söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunmasının konstitusion əsasları

Söz və məlumat azadlığı, fikir plüralizmi insan hüquq və azadlıqlarının başlıca elementi kimi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu da təsadüfi deyil. Çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edən dövlətlər, demokratik təsisatlar isə mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirir. Bu hüquqi tənzimlənmənin yüksək effektivliklə həyata keçirilməsi məqsədilə yeni qanunların yaradılması və mövcud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi bu gün də aktuallığını qorumaqdadır. Qanunların isə mütləq şəkildə Konstitusiyaya söykənməsi aksiomasını nəzərə alaraq, qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilib, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyev xalqın azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, “hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.

Ulu öndər Heydər Əliyevin azad sözə münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənirdi

Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi prioritetlik qazanması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bütün digər sahələrdə olduğu kimi, bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qaldırılmağa başlandı. Azad sözün, mətbuat azadlığının inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə – bütün bunlar Ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ulu öndərin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. Daha sonra isə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olundu. Ulu öndər mütəmadi olaraq mətbuatla ünsiyyətlər qurdu, media ilə işləmək vərdişlərini aşıladı. Etiraf olunmalıdır ki, məhz bu səbəbdən Heydər Əliyev “Jurnalistlərin dostu”, “Azərbaycanda azad mətbuatın keşikçisi” adını qazandı. Heydər Əliyev Azərbaycana söz və məlumat azadlığını, informasiya müstəqilliyini gətirdi.

Mətbuatın inkişafı Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir

Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının ən geniş hədlərinin müəyyənləşdirilməsi üçün atılan addımları da xüsusi qeyd etmək lazımdır. Belə ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılmalıdır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu sənəd mətbuat – dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək isə 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Fondun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi, mətbuat dövlətin dəstəyindən bəhrələnərək müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edir. Eyni zamanda, Fondun fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını alır. Fondun həyata keçirdiyi layihələrlə mətbuatdakı qeyri-peşəkarların sıralarının seyrəlməsinə də nail olmaq mümkündür. Hər halda bir ildən də az fəaliyyəti dövrünə nəzər salsaq, Fondun Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan məqsədə nail olmaq üçün kifayət qədər səmərəli fəaliyyət göstərdiyini söyləyə bilərik.

Beləliklə, həm bu, həm də yuxarıda sadalanan digər bütün faktlardan da aydın olur ki, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO