Qalib jurnalistlərin yazıları: “Azadinform ” İA

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib.
49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az-a göndərilən oxucu şərhlərinin bir çoxunda qalib jurnalistlərin yazılarının saytımızda yerləşdirilməsi xahiş olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edirik.

Mübariz Aslanov, “AZADİNFORM” İnformasiya Agentliyinin müxbiri

ERMƏNİ İDEOLOGİYASI

Deportasiyadan soyqırımadək…

Keçmişimizin ən ağrılı-acılı səhifələrindən olan soyqırım, deportasiya və qaçqınlıq xalqımızın taleyində zaman-zaman dərin izlər buraxıb. Nə yaxşı ki, uzun illər susduqdan (obyektiv və subyektiv səbəblərdən) sonra bu acı həqiqətlərin öyrənilməsi və qloballaşdırılmasına şərait yarandı. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınıb, minlərlə tarixi-mədəni abidələrimiz və yaşayış məskənlərimiz dağıdılıb, viran qoyulub. Proses bu gün də işğal olunmuş torpaqlarımızda davam etməkdədir.

Çağırılmamış qonaqlar

Tarix boyu özgə torpaqlarda gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm iddiaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da maraqlarına cavab verirdi. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri kəsiyində, heç şüphəsiz, etibarlı dayaq lazım idi. Təsadüfi deyil ki, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinin 25-ci bəndinə əsasən, Şimali Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti yaradılıb. Bundan dərhal sonra I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni əyaləti”nin yaradılması haqqında əmr imzaladı. Bu əmrə əsasən, o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də “Erməni əyaləti”nin tərkibinə daxil edildi. Bu ərazilərə İran və Türkiyədən kütləvi surətdə ermənilər köçürülüb ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin. Anoloji proses Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda da təkrarlanıb. 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib. Bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilib. Bununla bağlı erməni tarixçilərinin etirafları da kifayət qədərdir. Erməni tarixçisi Kapançyana görə, “ermənilərin ilk vətəni “Hayasa” olub və onun ərazisi Fərat, Çorox və Araz çaylarının yuxarı axarları boyu arasındakı hüdudları əhatə edib. Bu ölkənin qərbdən şərqə doğru uzunluğu cəmi 150-170 km-dən çox deyildi”.(Q.Kapançyan “Xayasa-kolıbel armyan”. Yerevan, 1948, s 64).

Digər erməni alimi M.Abeqyan isə yazırdı: “Erməni xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəliblər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olublar, onların dilinə və etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur”.(M.Abeqyan “İstoriya armyanskoy literaturı”, Yerevan.1975 s.11).

Qafqazda “türksüz Ermənistan” siyasəti

Qafqazda məskunlaşdıqdan sonra ermənilər “türksüz Ermənistan” prinsipi ilə silahlanaraq indiki Ermənistanın hər yerində və Yuxarı Qarabağda dəfələrlə basqınlar təşkil edərək silahsız və müdafiəsiz Azərbaycan türklərini qarət edib və öz doğma yurdlarından didərgin salıblar. Bu cür qırğınların daha intensiv və planlı şəkildə təşkili xüsusilə 1905-1906-cı və 1915-1920-ci illərə təsadüf edir. Təkcə 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndi viran edilib. Bu hadisələrin baş verməsini sübut edən daha təsirli faktlar M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” kitablarında öz əksini tapıb. Acı həqiqət bununla tükənmir. Ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa çalışıblar. Burjuaziyaya qarşı mübarizə pərdəsi altında 1918-ci ilin yanvarında Şəmkirdə 2000, 1918-ci ilin aprel-avqust aylarında isə Quba, Şamaxı, Gəncə, Naxçıvan ərazilərində 8000 nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu.

Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bakı Sovetinin başçısı Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Bundan qeyzlənən yerli əhali küçələrə çıxıb etirazlarını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Bakı kommunası 1918-ci ilin martının cinayətkar planını həyata keçirməyə böyük canfəşanlıq göstərirdi. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya yeridildi. Bundan əlavə “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 7 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçdi. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlman evlərinə soxularaq onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Həmin günlərdə Bakı küçələrində qulaqları, burunları kəsilmiş, orqanları parça-parça edilmiş 37 qadının meyiti tapılmışdı. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında ürək ağrısı ilə belə bəhs edirdi: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”. Əlbəttə, bu adi bir faciə deyildi, millətin mənəviyyatına qarşı yönəlmiş bir təcavüz idi. Azərbaycan tarixinə “mart soyqırımı” kimi düşmüş bu hadisələrdə əsas məqsəd öz torpaqlarında azərbaycanlıların kökünün kəsilməsi idi. Ermənilər təkcə insanlarımızı deyil, tarixi abidələrimizi də hədəfə almışdılar. Məlum hadisələr zamanı Bakıda Türk-müsəlman mədəniyyət mərkəzlərindən olan İsmailliyə binası yandırılmış, Təzəpir məscidinin minarələri uçurulmuş, “Açıq söz” və “Kaspi” qəzeti nəşriyyat binaları dağıdılmışdı.

1918-ci il qırğınlarında neçə nəfər azərbaycanlının qətlə yetirildiyini söyləmək bir çox arxivlərin ermənilər tərəfindən məhv edilməsi səbəbindən çətin olmuşdu. Ermənilərin kağız parçaları ilə zəngin olan arxivləri məhv edərək, izi itirmək cəhdləri baş tutsa da, bu günlərdə Qubada aşkarlanan kütləvi məzarlıqlardakı o cansız skletlər tarixin çarxını təkrarən hərəkətə gətirdi. Məzarlıqda aşkar edilmiş cəsədlər sübut edir ki, insanlar küt alətlərlə, insanlığa xas olmayan qəddarlıqla öldürülmüşlər. Buradakı insan cəsədləri Qubada yaşayan azərbaycanlılarla yanaşı, ərazidə məskunlaşmış digər etnik qrupların nümayəndələrinə də məxsusdur.

1920-ci ilin aprel-may aylarında ermənilər özlərini Azərbaycanda sovet qurucuları kimi təqdim edərək 40.000 nəfərdən artıq azərbaycanlını həbs etmiş, sürgünə göndərmiş və öldürmüşdülər. Çarizmdən sonra Sovetlər birliyi dövründə də qərbi Azərbaycanda, xüsusilə də Qarabağda azərbaycansızlaşdırma siyasəti davam etdirilmiş, 1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 850 erməni ailəsi köçürülmüşdü.

Sovet rəhbərlərinin xeyir-duası ilə onların kütləvi şəkildə Dağlıq Qarabağa köçürülməsi 7 iyul 1923-cü il Azərbaycan SSRİ-nin nəzdində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması ilə daha da aktivləşdi.

Azərbaycanda Sovet dövlətinin qurulmasından sonra Dövlət Təhlükəsizlik Komitəsi (KQB) və Xalq Daxili İşlər Komitəsində (NKVD) mövqe tutan erməni cəsusları 1937-ci ildə heç bir əsası olmayan dəlillərlə minlərlə Azərbaycan ziyalısını həbs etmiş və xalq düşməni kimi sürgünə göndərmişlər. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti XX əsrin 50-ci illərindən etibarən Ermənistandan azərbaycanlıların deportasiyası ilə davam etdirilmişdir. O dövrdə mövcud totalitar rejimi sürdürmək üçün SSRİ-ə görə ermənilər əvəzedilməz vasitə idi. Bundan qidalanan xaricdəki erməni diasporları 1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdi. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların buradan zorla çıxarılması barədə qərar verilməsinə nail olur. Eyni zamanda SSRİ-dəki ermənilər Sov. İKP MK-nın 10 sentyabr 1947-ci il tarixli “1948-1950-ci illərdə 100.000 azərbaycanlının Ermənistandan köçürülməsinə dair” qərarın qəbul edilməsinə nail olmuş və bunun nəticəsində 150.000 nəfərdən artıq azərbaycanlını öz dədə-baba yurdundan sürgün etmişdilər. 1947-ci il dekabr ayının 23-də isə SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar çıxarır. Beləliklə yenə də çanaq Qafqazda azərbaycanlıların başında çatlayır. Bu sürgün sırasında əlverişsiz iqlim şəraiti, dağ yolları və səfalət üzündən on minlərlə günahsız azərbaycanlı həyatla vidalaşmışdır.

Quzğunun tükənməyən iştahası

1988-ci ildən etibarən ermənilərin Rusiyanın hərbi potensialına və Qərbdə bəzi ermənipərəst dövlətlərin himayəsinə arxalanaraq bu dəfə öz niyyətlərini reallaşdırmağa artıq Qarabağdan başladılar. Həmin dövrdə Ermənistanda yaşayan Azərbaycan türklərinin sıxışdırılıb çıxarılması ilə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi paralel surətdə aparılmışdı. Ümumiyyətlə o vaxtlar Azərbaycan türklərinin hüquqları ən kobud şəkildə pozulmuş, ləyaqətləri alçaldılmış və təhqir edilmişdir. Ermənilər “dənizdən-dənizə böyük Ermənistan” xülyasını yenidən ortaya atmaqla növbəti dəfə ərazi iddiaları irəli sürdülər. 1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Həmin ilin dekabr ayında isə 220 mindən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı. Nəhayət, 1989-cu ilin 29 iyul tarixində Azərbaycandan Ermənistana gedən dəmiryolu xətti, Ermənistan ərazisində qatarlara edilən hücumlar əsas götürülərək bağlanıldı. Bundan dərhal sonra təcavüz siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının Azərbaycandan təcrid edilməsinə başlandı. Dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən bildirdi. 1993-cü ilin sonlarına kimi ardıcıl olaraq Dağlıq Qarabağ – Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut və yeddi ətraf rayon- Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan işğal olundu. Müharibə nəticəsində 1 milyon qaçqın öz ev-eşiyini tərk edib, 4600 nəfər itkin düşüb ki, bunun da 3700 nəfəri hərbiçi, qalanları isə mülki şəxslərdir. Türkün qanına susamış ermənilər heç adi müharibə qanunlarına da əməl etmədilər. Buna onların əsirlərlə etdikləri qeyri-insani rəftarları da əyani sübutdur.

Bəli, onlar ermənidirlər!

Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəlişindən sonra 1994-cü il 12 may tarixində Ermənistanla bağlanan atəşkəs haqqında saziş Azərbaycana özünü toparlamaq üçün şərait yaratdı. Artıq Azərbaycan iqtisadi inkişafı ilə təkcə erməni çapolçuları üçün deyil, dünyanın iri dövlətləri üçün də siyasi müstəvidə hesablaşılacaq dövlətə çevrildi. Biz azərbaycanlıların üzərinə isə itirdiyimiz dəyərlərimizi hər an unutmamaq düşür. Bu, həm onları geri qaytarmaq, həm də gələcəkdə bir daha itirməmək üçün olduqca vacibdir. Ermənilər azərbaycanlılar üçün hər an ermənidirlər, yəni işğalçıdırlar. Elə özləri dediyi kimi… 18 may 2001 tarixində Ermənistanın müdafiə naziri (indiki prezident) Serj Sərkisyanın parlamentdəki çıxışında deyirdi: “İşğal elədiyimiz torpaqlar var. Burada utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci ildə və əvvəlki dövrlərdə də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO