“Qafqazinfo.az” redaktoru Artur Rasizadədən sərəncam gözləyir – Ad günü

Bu gün “Qafqazinfo.az” saytının redaktoru Elnur Məmmədlinin doğum günüdür. 34 yaşı tamam olan jurnalist təəssüratlarını Modern.az-la bölüşüb:

“Ad günümə elə sıradan günlər kimi başlamışam. Səhər açılandan işdəyəm. Amma deyirəm, hökumətimiz bütün bayramlarda insanlara gen-bol istirahət verir. Kaş Artur Rasizadə sərəncam imzalaya, ad günlərində həmin şəxs üçün istirahət günü ola(gülür) Özümü isə əla hiss edirəm. Ən birinci məni ailə üzvlərim təbrik edib. Hamıdan əvvəl isə anam. Özü də dünyaya gəldiyim saatda. Deyir ki, sən doğulanda dekabrın 18-i gecə 12-nin yarısı idi. Amma tarix 19-a yazıldı. Facebook isə ayrı aləmdir. Bütün dostlar təbrik edir, hamısına təşəkkür edirəm. Onu da qeyd edim ki, ailədə də həmişə mənim ad günüm geniş qeyd olunub. Bu il ümumi razılaşma ilə qərara gəlmişik ki, bunu “Qafqazinfo”nun redaksiyasında sadə bir şəkildə qeyd edək. Qızlarım da anaları ilə bir yerdə sözləşib mənə hədiyyə alıblar. Ataları üçün sürpriz ediblər. Hədiyyəni arxlarında gizləyib “ata gözlərini yum” dedilər. Mənim üçün ən gözəl təbrik o idi. Hə, bir də həyat yoldaşımın təbriki də vacibdir. Onu qeyd eləməsəm söz-söhbət olar”(gülür).
E. Məmmədli jurnalistika və ölkə ilə bağlı arzularını da dilə gətirdi: “Özümlə bağlı arzularım rahat həyat yaşamaq. Məişət problemləri onsuz da olur. Onları həll etmək üçün güc və imkan. Övladları böyütmək və onların qarşısında utanmamaq. Jurnalist kimi isə azad, gücü və qüvvəsi olan, sayılan və hörmət olunan, heç kimdən asılı olmayan media mühitinin yaranması və mənim də həmin mediada çalışmam. Vətəndaş kimi isə Azərbaycanın qanunların ali olduğu, hüquqların qorunduğu, ərazisi bütöv, vətəndaşla vətəndaş kimi davranan, bütün sahələrdə tıxacları olmayan, qəbir yeri pulla satılmayan, əməkhaqqı ayın sonuna kimi çatan bir ölkə olmağını arzulayıram”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO