Qadınlar üçün kupelər ayrı təşkil edilməlidir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolunda sərnişin daşıma sisteminin təkmilləşdirilməsini təklif edir
Hər gün ictimai nəqliyyat dünyada yüz minlərlə sərnişinə mənzil başına çatmağa imkan yaradır. Bu zaman sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təşkilinə çox böyük diqqət yetirilir. Məhz bu məqsədlə son illərdə bir çox ölkədə sərnişinlərin cinsindən asılı olaraq onların kupelərdə ayrı yerləşdirilməsi tətbiq edilir. Belə ki, Rusiyada dəmir yolunda sərnişinlər üçün daha rahat şəraitin yaradılması məqsədi ilə on ilə yaxın müddətdə ayrı “kişi” və “qadın” kupeləri təşkil olunan qatarlar hərəkət edir. Analoji qatarlar Ukrayna və Belorusda da tətbiq olunur. Sərnişinlərin cinslərinə müvafiq olaraq ayrı-ayrı yerləşdirilmə sxemləri xeyli vaxtdır ki, Qərbi və Mərkəzi Avropa ölkələrində müvəffəqiyyətlə işlənilir. Burada nəinki “kişi” və “qadın” kupeləri, hətta “kişi” və “qadın” vaqonları təşkil olunur.
Azərbaycanda isə bu günə olan vəziyyətə görə ictimai nəqliyyatın bütün növlərində kişi və qadınlar belə seçim imkanından məhrumdurlar. Bu da onlar üçün səfərlər zamanı müəyyən problemlər yaradır. Misal üçün dəmir yolu nəqliyyatı. Qatarlara biletlərin qeydiyyat və satışı elə təşkil olunub ki, bilet alınan zaman sərnişin yol yoldaşları haqqında ən lazımi və elementar məlumatı belə əldə etmək iqtidarında deyil. Əgər sərnişin, xüsusən də qadınlar, yol yoldaşlarının kim olacağından asılı olaraq (kişi və yaxud qadın) kupeni seçmək istəsələr kassirlər onlara heç bir köməklik göstərə bilməzlər, çünki onların istifadə etdikləri elektron proqramda biletləri almış sərnişinlər barədə məlumat ümumiyyətlə yoxdur. Ona görə də biletin alınması kor-koranə “Allaha pənah” prinsipi ilə baş verir. Nəticədə qadın kupedə üç kişi ilə birgə səfər etməli ola bilər. Bu həm onun üçün, həm də kişilərin özləri üçün müəyyən narahatçılıqlar yaradır. Qadının kişi kampaniyasında olması və adətən aşagı yataq yerində yerləşməsi onların səfərinin gedişatına düzəlişlərin edilməsinə səbəb olur. Belə ki, gec yatmaq, kişilərə xas olan söhbətləri aparmaq, yol oyunlarını oynamaq və s. Müəyyən vaxtı yad kişilərin əhatəsində keçirən qadın da özünü heç də rahat hiss etmir. Bu məqamda hər iki cinsin nümayəndəsi üçün diskomfort yaranır. Bu isə onların həm sərnişin kimi hüquqlarının ciddi şəkildə pozulması, həm də bir insan kimi narahatçılıq keçirməsi ilə nəticələnir.
Yol yoldaşlarının seçiminin mümkün olmaması problemi SV vaqonlarının sərnişinləri üçün də ürəkaçan deyil. Bu vaqona bilet alan qadın kiminlə kupedə təkbaşına qalacağını bilmir və çox vaxt bu onun ailəsində ciddi müzakirə obyektinə çevrilir. Vaqonlarda isə tez-tez eyni mənzərə müşahidə olunur: qadın sərnişinlərin axtarışı və yerlərin dəyişdirilməsinə səy göstərilməsi halları. Lakin elə bir hal da olur ki, yalnız bir qadın tək səfər edir, qalanları isə öz ailə üzvləri ilə, böş kupe isə yoxdur. Belə hallarda səfəri reallaşdırmaq məcburiyyətində olan və yerini vaqonda dəyişəcəyinə ümid edən qadının səyləri nəticəsiz qalaraq əsəbilik, həyəcan və korlanmış əhval-ruhiyə ilə nəticələnir. Kişi sərnişinləri də kiminlə yol yoldaşı olmalarına heç də laqeyd yanaşmırlar. Ənənələrimiz, cəmiyyətimizdə daima qorunan əxlaq normalarına uyğun yerlərin tənzimlənməsi cəhdləri boşa çıxanda sonradan müxtəlif problemlərin yaranması ehtimalını istisna etmək olmaz.
ELS Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi sərnişinlərin ekspress-sorğusu nəticəsində qaldırdığımız məsələnin bir çox qadın və kişiləri narahat etdiyi müəyyən olunmuşdur. Sorğuya cavab verən qadınların 92,4 %-i qadınlar üçün xüsusi kupelərin ayrılmasını dəstəkləmiş, 3,1 %-i adətən tək səyahət etmədiklərini bildirmiş, 3,4 %-i cavab verməyə çətinlik çəkmiş və yalnız 1,1 %-i onlar üçün fərqin olmadığını bildirmişlər. Sorğu ilə əhatə olunan kişilər də qadınların ayrıca səyahət etmələri üçün müvafiq şəraitin yaradılmasının tərəfdarı çıxaraq belə addımın onlar üçün də səmərəli olduğunu vurğulamışlar. Belə ki, cavab verən kişilərin 76,4 %-i ayrı “qadın” kupelərinin təşkil edilməsini, 9,2 %-i isə “kişi” kupelərinin təşkilini təklif etmiş, 6,1 %-i qiymətləndirə bilməmiş, 8,3 %-i isə onun üçün heç bir fərqinin olmadığını söyləmişlər. Ayrı kupelərin təşkilinin zəruriliyini sorğuya cavab verənlər sərnişinin rahatlığı (53,2%) və təhlükəsizliyi (16,1%), milli adətlərimiz və islam dəyərlərinə uyğun olması (25,8%) və başqa səbəblərlə əsaslandırmışlar. Qeyd etməliyik ki, birgə səfərləri qiymətləndirən qadınların bir qismi bəzən səfərə tək çıxdıqlarına görə qatara yox, avtobusa üstünlük verdiklərini bildirmişlər (27,6%), gündüz uzanıb dincəlmək, gecə isə yatarkən narahatçılıq keçirdiklərini (26,7%), kişilərlə bir kupedə tək olmamaq üçün plaskartla səfər etmək məcburiyyətində olduqlarını (21,3%), kişilərin özlərinə məxsus kampaniyasının üzvü olmaq məcburiyyətində olaraq onların söhbətlərini eşitməmək (19,4%), hətta kişilərin gecə xoruldamaqlarını (5,0%) eşitməməyin vacibliyini bildirmişlər.
Biz Azərbaycan Respublikası Dəmir Yol İdarəsinin Sərnişin Daşıma İstehsalat Birliyinə müraciət edərək ölkəmizdə “qadın” kupelərinin təşkili məsələsinin gündəmdə olub-olmaması barədə sual verdik. Həmçinin sərnişinlərin seçiminə uyğun yerlərin satışının tənzimlənməsini təmin etmək məqsədilə heç olmasa biletlərin satışının qeydiyyatını aparan proqrama sərnişinlərin cinsinə dair məlumatların daxil edilib-edilməməsi məsələsini öyrənmək istədik. Cavab olaraq bizə bu məsələnin indiyədək müzakirə subyekti olmadığını və təbii ki, belə qeydiyyatın aparılmasının nəzərdə tutulmadığını, sərnişinlərin cinsi barədə məlumatların proqrama daxil edilməsininsə biletlərin satışının tam kompüterləşdirilməsindən sonra mümkün ola biləcəyini söylədilər.
Qeyd etməliyik, ölkəmizdə qadınların istədikləri halda ayrıca kupe və plaskartlarda səfər etmələri üçün münasib şərait mövcuddur. Belə ki, bizim daxili dəmir yolu marşrutlarının müddəti sutkadan az çəkir və burada sərnişinlərin dəyişməsi o qədər də intensiv deyil. Misal üçün Rusiyada daxili marşrutların çoxu uzun müddətli olduğundan boşalan yerlərin yenidən doldurulması və sərnişinlərin səfər zamanı bir yerə bir neçə dəfə dəyişməsi müəyyən problemlər yaradır.
Beləliklə Mərkəzin apardığı araşdırmalar və dünya təcrübəsinə əsaslanaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkəmizdə qadın sərnişinlərin dəmir yolunda ayrı səfər etmələri məqsədilə “qadın” kupelərinin təşkilini təklif etməklə həmçinin bunun ilkin mərhələdə həyata keçirilməsi üçün ən sadə yolunu müzakirəyə çıxarır.
Bu gün “bron” kimi tanınan yerlərin bir qisminin qatarın yola düşməsinə yaxın müddətəcən saxlanılması və satışa buraxılmaması, lazım olmadığı halda isə satışa buraxılması mexanizmi daima istifadə edilir. Biz bu təcrübənin üstün cəhətlərindən yararlanaraq hər bir kupe və ya SV vaqonunda qadınlar üçün müəyyən kupelərin ayrılmasını təklif edirik. Hesab edirik ki, buna nail olunsa ilk növbədə kassirlər bilet alan qadınların yol yoldaşlarının kim olacağı sualına dəqiq cavab verə biləcəklər. Əgər “qadın” kupelərinə heç bir dənə də bilet satılmasa, bu zaman “bron” yerlərinin satışı mexanizmini tətbiq etmək olar. Lakin qeyd etdiyimiz kimi keçirdiyimiz sorğuya cavab verən qadınlar tək səfər etmək məcbiriyyətində olduqları zaman çox vaxt qatar yox, avtobusdan istifadə etməli olurlar. Baxmayaraq ki, avtobusda keçirdikləri yuxusuz və narahat gecə qatarda olan nisbətən rahat şəraitlə heç vəchlə müqaisə edilə bilməz. Bu da “qadın” kupelərinin təşkil olunduğu halda qatara üstünlük verən qadınlarımızın sayının bir qədər artımı və nəticədə bu kupelərinin doldurulmamasının riskinin azalmasını proqnozlaşdırmağa əsas verir. Lakin bunun üçün əhaliyə məlumatın reklam, KİV-də nəşrlər və sairə üsullarla çatdırılması vacibdir ki, potensial sərnişinlər yeni xidmətdən xəbərdar olsunlar.
Cəmiyyətimizdə qadınlara olan böyük hörmət, milli ənənələrimiz, Azərbaycan ailəsinin əsasını təşkil edən mövcud qaydalar, islam dəyərləri və digər amillər ictimai nəqliyyatımızda rahat və təhlükəsiz xidmətin təkmilləşdirilməsi məqsədilə cinsdən asılı olaraq ayrı səfərlərin təşkili məsələsini aktual edir. Xüsusən də ona görə ki, yaxın və uzaq xarici ölkələrdə son on il ərzində bu sahədə aparılan təcrübələr uğurla nəticələnmişdir. Həm sərnişinlərin təhlükəsizliyi və rahatlığı, həm də dəmiryol nəqliyyatının daha rentabelli işləyə bilməsi baxımından.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi
09/03/2010

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO