Qış mənzərəsi: işıqsız, yolsuz, qəzetsiz

Ölkədə hava şəraitinin kəskin pisləşməsi fəsadlarla müşayiət olunur. Fevralın 5-dən bəri istər paytaxt Bakıda, istər ölkə boyu magistral yollarda nəqliyyatın hərəkəti olduqca məhdudlaşıb, elektrik enerjisinin verilməsində uzun fasilələr yaranıb.

AzərTAc-ın məlumatına görə, çovğunla müşayiət olunan güclü qar yağması Bakı şəhərindən şimal və yerli, habelə əks istiqamətlərdə hərəkət edən bütün sərnişin qatarlarının hərəkətində çətinliklər yaradıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, Bakı sərnişin vağzalından ölkənin bütün marşrutları üzrə, həmçinin Rusiya Federasiyası istiqamətinə sərnişin qatarları geçikmələrlə yola salınır: “Fevralın 6-da səhər tezdən dəmir yolunun qərb istiqamətinin Heybət-Hacıqabul sahəsində güclü küləyin təsiri ilə kontakt şəbəkəsinin qırılması səbəbindən qatarların hərəkətində fasilələr yaranıb. Bütün istiqamətlərdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib”.

Avtomobil yollarında vəziyyət daha qəlizdir. “Azadlıq” radiosu xəbər verir ki, fevralın 5-dən bağlanan Şamaxı-Bakı yolu hələ də açılmayıb. Dövlət Yol Polisinin xidmət rəisi Ərəstun Məcidovun sözlərinə görə, yolun 25 kilometrə qədər hissəsi qar və buzla örtülüdür: “Ötən gecə bu istiqamətdə yollarda qalan 500-dən çox adam xilas edilib və mənzil başına çatdırılıb. Bu işdə yol polisinə hərbçilər kömək edib. Yolun təmizlənməsində, maşınların çıxarılmasında hərbi texnikadan istifadə olunub”.

Bakı-Quba, Bakı-Qazax, Ələt-Astara magistralında isə hərəkət son dərəcə çətinləşib. Bu məlumatı yayan “Turan” onu da bildirir ki, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolu tam bağlanıb.

Hava nəqliyyatı da fevralın 5-dən iflicdir. APA-nın məlumatına görə, Bakı-Rostov, Bakı-Tehran, Bakı-Aktau, Bakı-Tbilisi və Bakı-Həştərxan aviareysləri müəyyən edilməmiş vaxtadək təxirə salınıb.

Ölkə paytaxtında piyadaların hərəkəti də çox çətindir. APA xəbər verir ki, fevralın 5-dən 6-na keçən gecə şəhərin müxtəlif xəstəxanalarına yıxılaraq xəsarət alan 19 nəfər yerləşdirilib.

Paytaxtın enerji ilə təminatında yaranan problemlər ölkənin yazılı mediasına da zərbə vurub. Fevralın 6-da ölkənin aparıcı nəşrləri, eləcə də rəsmi qəzetlər paytaxtdakı “Azərbaycan” nəşriyyatının işıqsız qalması üzündən çap olunmayıb. Özəl mətbəədə işıq üzü görən bir neçə qəzet isə yayım şəbəkəsi işləmədiyindən satışa çıxarılmayıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO