Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsi sədrini Ermənistana təzyiqə çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk günündə Avropa Şurası Nazirlər Komitəsinə (AŞ NK) sədrlik edən Bosniya-Hersoqovinanın xarici işlər naziri İqor Crnadak çıxış edən AŞ NK-nin fəaliyyəti barədə Assambleya üzvlərinə hesabat verib. Çıxışından sonra o, Assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sualında AŞ NK sədrini Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün Ermənistana təzyiqə çağırıb.
Sualda deyilir: “Cənab sədr, Srebrenitsa soyqırımının acılarını yaşayan bir ölkənin təmsilçisi olaraq, siz Azərbaycanın Xocalı soyqırımı, torpaqlarının işğalı zamanı yaşadığı acıların nə qədər ağır olduğunu bilirsiniz. 20 ildən artıqdır ki, Ermənistan təşkilatın bütün prinsiplərinə zidd olaraq, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. İyunun 16-da AİHM-nin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar çıxarıb. Məhkəmənin həmin qərarı yekun qüvvəyə mindiyi üçün artıq AŞ NK-nin məhkəmə qərarlarının icrasına nəzarət səlahiyyətlərinə aiddir. Evinə dönə bilməyən məcburi köçkünlər sizdən dəstək gözləyir. Avropa Məhkəməsinin bu qərarının Ermənistan tərəfindən yerinə yetirilməsi istiqamətində hansı addımlar atacaqsınız? Azərbaycanlı məcburi köçkünlər Avropa məhkəməsinin onlarla bağlı qərarının yerinə yetirilməsi istiqamətində bir sədr kimi konkret addımlar atacağınıza, ciddi səylər göstərəcəyinizə ümid edə bilərlərmi? Cənab sədr, NK-nə sədrliyiniz dövründə Azərbaycana səfər edib, evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşməyi planlaşdırırsınızmı?
AŞ NK sədri cavabında qeyd edib ki, NK-nin prosedur qaydalarına uyğun olaraq, AİHM-nin bu qərarlarının da icrasına nəzarət edəcəyini bildirib.
“Dediyiniz kimi, iyunun 16-da AİHM Azərbaycan vətəndaşlarının Ermənistana qarşı və Ermənistan vətəndaşının Azərbaycana qarşı iki iş üzrə qərar çıxarıb. Bu işlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların şəxsi əmlakı ilə əlaqədar olan işlər idi. Bu şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu bildirən Məhkəmə məsələnin məhkəmə yolu ilə həll edilməsi üçün qərarlar verib ki, hər ölkə qaçqın və məcburi köçkünlərin əmlakı ilə bağlı xüsusi mexanizmlər işləyib hazırlasın. Nazirlər Komitəsi isə öz növbəsində bu məhkəmə qərarlarının icra edilməsi istiqamətində öz nəzarət fəaliyyətini aparacaq. Bizim sədirliyimiz bu məsələnin nəzarətinə xüsusi diqqət yetirəcək. Avropa İnsan Haqları Kovensiyasının 46-cı maddəsinə uyğun olaraq, məhkəmə qərarları dövlətlərin üzərinə öhdəliklər qoyur və buna görə də məsələnin sülh yolu ilə həll edilməsi üçün əlavə səylərin göstərilməsinə ehtiyac var. Bu da hazırkı vəziyyətdə ATƏT-in Minsk qrupunun, o cümlədə Azərbaycan və Ermənistan dövlətlərinin öhdəliyinə aid olunan məsələlərdir. Avropa Şurasının da bu məsələdə müəyyən öhdəlikləri var. Üzv dövlətlərə səfər etmə məsələsinə gəldikdə, mən şəxsən öz adımdan, bizim sədrliyimiz adından onu deyə bilərəm ki, biz bütün üzv ölkələrlə əməkdaşlıq etməyə hazırıq”- deyə İgor Crnadak deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO