Prezident İlham Əliyev: İyirmi birinci əsrdə bir ölkənin digər ölkənin ayrılmaz hissəsini işğal etməsi tamamilə qəbuledilməzdir

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bir milyon qaçqın və məcburi köçkün hələ də Ermənistanın təcavüzündən əziyyət çəkir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, insanlar etnik təmizləmə siyasətinə məruz qalıblar: “Ermənistan ordusu və separatçı qüvvələr Azərbaycanda etnik təmizləmə və soyqırım törədiblər. Təəssüflər olsun ki, baxmayaraq ki, 20 ildən artıqdır danışıqlar gedir, heç bir nəticə əldə olunmayıb. Bu, beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır. İyirmi birinci əsrdə bir ölkənin digər bir ölkənin ayrılmaz və qanuni hissəsini işğal etməsi tamamilə qəbuledilməzdir”.

Dövlət başçısının sözlərinə görə, bu, o anlama gəlir ki, bəzən beynəlxalq qanunlar işləmir: “Çünki dünyanın ən ali beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr 20 ildən artıqdır ki, yerinə yetirilimr. Bu ən böyük ədalətsizlikdir, beynəlxalq qanunun ən böyük pozulmasıdır. Bu bir daha göstərir ki, beynəlxalq qanunlar bəzi hallarda dünya siyasətinə təsirə malik ölkələrin siyasi üstünlüklərindən asılı olaraq seçimlə işləyir”. 

Prezident qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ problemini beynəlxalq qanunlar və Azərbaycanın ərazi bütövlüyü əsasında həll etməyə çalışır: “Ərazi bütövlüyü beynəlxalq qanunların fundamental prinsipidir və güc tətbiq etməklə, ölkə hökumətinin və xalqının razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də dünyada bütün münaqişələr beynəlxalq qanunların, ərazi bütövlüyü əsasında həll edilməlidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO